Hiperhidroz

Mündəricat

Hiperhidroz

(tərləmə)

Bir-birimizlə hal-əhval tutanda ilk sualımız “Necəsən?” olur. Qədim Romada isə salamlaşma əvəzinə tez-tez “Necə tərləyirsən?” deyə soruşar və hesab edirmişlər ki, orta dərəcədə tərləmə sağlamlığın əsas göstəricilərindən biridir. Həmin sualı aşırı tərləmədən əziyyət çəkən xəstəyə verərkən çox yersiz və hətta təhqiredici alına bilər…

Tər ifrazı ən vacib funksiyalardan biri olub orqanizmdən toksinlərin xaric olunmasına və bədən temperaturunun stabil saxlanılmasına yönəlmişdir. Yüksək fiziki gərginlik və ya ətraf mühitin temperaturu tərləməyə səbəb olur. Lakin bəzi hallarda havanın hərarəti yüksək olmayanda da tər ifrazı artır. Tibdə həmin hal hiperhidroz adlanır.

Hiperhidroz – artıq dərəcədə tər ifrazı ilə xarakterizə olunan xəstəlikdir. Xəstələr qoltuqaltı, ovuc və pəncə nahiyələrinin, bəzən də ümumilikdə bədənin daim səbəbsiz olaraq tərləməsindən şikayətlənir. Əl və ayaqlar həmişə nəm olur. Xüsusən də xoşagəlməz qoxulu tər ifrazı, yəni osmidroz xəstələrin sosial həyatını çətinləşdirir. Bunun səbəbi bakterial və göbələk florasının nəm dəri üzərində daha tez aktivləşməsidir. Tərin təsiri nəticəsində xəstələrin dərisində bişməcə və dermatitlər yarana bilər.

Xəstələr tərləməni azaltmaq üçün saatlarla vaxt sərf edir, tez-tez duş qəbul edir, paltarlarını dəyişir və açıq rəngli geyimlərdən istifadə edə bilmirlər. Hər zaman narahatlıq və diskomfort hiss edir, özünə inam hissi azalır, bir çox hallarda depressiya inkişaf edir. Hiperhidrozdan əziyyət çəkən xəstələr peşə seçimində də əziyyət çəkir, bu vəziyyət əmək fəaliyyətinə mane olmaqla yanaşı həyat keyfiyyətini də aşağı salır.

Hiperhidrozun iki növü ayırd edilir: birincili və ya idiopatik və ikincili hiperhidroz. Amerika Dermatologiya Akademiyasında aparılan tədqiqatların nəticəsinə görə dünya əhalisinin 3 faizi idiopatik hiperhidrozdan əziyyət çəkir. İdiopatik hiperhidrozun səbəbi məlum olmur. İkincili hiperhidrozda isə tərləmə şəkərli diabet, vərəm, xərçəng hipertireoz və insult kimi hər hansı xəstəliyin əlaməti olaraq üzə çıxır. Hiperhidroz həmçinin yerli (lokal) və ümumi (generalizə olunmuş) növlərə ayrılır. Yerli hiperhidroz zamanı əsasən qoltuqaltı nahiyə, ovuc və pəncələr tərləyir. Yayılmış hiperhidroz isə bədənin istənilən nahiyəsinin tərləməsi ilə xarakterizə olunur və əsas xəstəliyin fonunda yaranır.

Sağlam orqanizmdən sutka ərzində 500-1500 ml tər ifraz olunması normal haldır. Hiperhidroz zamanı həmin tər cəmi 1 saat ərzində ifraz olunur. Bu qədər tər hardan və necə ifraz edilir?

Dəridə iki cür tər vəzləri var: ekkrin və apokrin vəzlər. Apokrin vəzlər aralıq, qoltuqaltı və süd vəzin giləsinin ətrafında yerləşir. Apokrin vəzlər bədənin məxsusi qoxusunu əmələ gətirən feromon ifraz edir. Ekkrin vəzlər isə bədənin bütün səthi boyu yayılır. Onların sıxlığı ovuclarda və qoltuqaltı nahiyədə hər kvadratsantimetrə 600, kürək və bel nahiyəsində isə 60 ədəd hesablanır. Hiperhidroz zamanı tər vəzlərinin hər kvadratsantimetrə düşən sayı, həm də vəzlərin həcmi artır.

Tərin kimyəvi tərkibinə gəldikdə isə onun 98-99 faizini su, 1-2 faizini isə natrium, kalium, kalsium duzları, sulfatlar, fosfatlar, mis, manqan, dəmir, aminturşular, xolesterin, hormon və digər maddələr təşkil edir.

Aksilyar (qoltuqaltı) hiperhidroz

Hiperhidrozdan əziyyət çəkənlərin yarıdan çoxunda tərləmə qoltuqaltı nahiyədə baş verir. Qoltuqaltı nahiyənin təri zəif turş reaksiyalıdır, ona görə də dərinin qıcıqlanmasına və dermatitlərə, paltarlara toxunduqda isə onların tez xarab olmasına səbəb olur.

Ovuc hiperhidrozu

Ovuc hiperhidrozu olan xəstələrin əlləri həmişə yaş olduğundan onlar əl verib salamlaşmaqdan, ətrafdakılara və ya hər hansı əşyaya toxunmaqdan çəkinirlər. Əllərin həmişə tərli olması onlar barədə əsəbi, özünə güvənməyən və zəif xarakterə malik təəssuratı yaradır. Əşyaların tez-tez əldən sürüşüb yerə düşməsi bir çox peşə sahiblərinin işində böyük çətinliklər törədir. Musiqiçilər, xüsusən skripka, tar, kamança, gitara kimi musiqi alətlərində ifa edənlər, dülgərlər, kağızla işləyənlər və idmançılar üçün əllərin tərləməsi yolverilməzdir. Nəm əllər şəxsi həyatda da bir çox sıxıntılara səbəb olur.

Plantar (pəncə) hiperhidroz

Pəncə hiperhidrozu zamanı pəncə və topuq nahiyəsində hədsiz tərləmə baş verir, mikrob və göbələk florasının aktivləşməsi pis qoxuya səbəb olur. Dermatitlər yaranır, dəri və dırnaqların göbələk zədələnməsi inkişaf edir.

Üz nahiyəsinin hiperhidrozu

Üz hiperhidrozu daha çox isti, acı və ədviyyatlı yeməklərin qəbulu zamanı baş verir və “tərli üz” sindromu adlanır. Onun səbəbləri arasında hormon balansının dəyişməsi də var.

Bu gün müasir tibb elmi hiperhidrozun yaranma səbəbini aşkar edə bilmir, lakin hiperhidroz xəstələrinin yarıdan çoxunun valideynlərinin də həmin patologiyadan əziyyət çəkdiyi məlumdur. Xəstəliyin əlamətləri uşaq yaşlarından başlasa da, cinsi yetişkənlik dövründə kəskin şəkildə artır. Bunun səbəbini hormonal yenidənqurma ilə əlaqələndirirlər.

Xəstəliyin konservativ yolla müalicə üsulları arasında daha çox tətbiq olunanı tərləyən nahiyəyə botulotoksinin inyeksiyasıdır. Prosedur çox ağrılı olsa da, 2-3 gün sonra tərləmə dayanır və təsiri 3-6 ay müddətində davam edir. Cərrahi müalicəsi isə qoltuqaltı nahiyənin liposaksiyası və simpatektomiya üsulları ilə aparılır.

Məsləhətlər

  • Gündə ən az iki dəfə kontrast duş qəbul edilməsi damarların divarını möhkəmləndirir, tərləməni azaldır;
  • Tərləyən sahələrdə tüklərin təmizlənməsi bakteriyaların və tər qoxusunun azalmasına səbəb olur;
  • Tərqovucu qidalardan (moruq, bal, isti çay, qəhvə və acı yeməklər) istifadənin məhdudlaşdırılması;
  • Orqanizmi möhkəmləndirən preparatların qəbul edilməsi;
  • Çox isti havalarda maye qəbulunun bir qədər məhdudlaşdırılması;
  • Dar və sintetik parçadan hazırlanmış paltar və ayaqqabıların geyilməməsi;
  • Orqanizmin toksinlərdən təmizlənməsi və bədən çəkisinin azaldılması tərləməni azaldır.

Antiperspirantların isə yalnız hipoallergen növlərdən istifadə etmək tövsiyyə olunur, çünki normal antiperspirantlar tər vəzlərinin axacaqlarını bağladığı üçün problemin bir qədər də dərinləşməsinə səbəb ola bilər.

  • RESEPTLƏR

Gülümbahar və qatırquyruğu dəmləməsi

2 xörək qaşığı gülümbahar çiçəkləri və 3 xörək qaşığı çöl qatırquyruğu otu üzərinə yarım litr su tökülür, 15 dəqiqə vam ocaqda dəmlənir. Soyudulub süzüldükdən sonra üzərinə 1 xörək qaşığı 96 faizli spirt əlavə olunur. Ağzı kip bağlı qabda 10 gün soyuducuda saxlanır. Hər axşam 1litr ilıq suya 2-3 xörək qaşığı dəmləmə əlavə olunur və 15 dəqiqə tərləyən nahiyə vanna edilir. Qoltuqaltına islatma da qoymaq olar.

Teader çayı dəmləməsi

5-6 filtr-bağlama Teader çayı yarım litr suda dəmlənir və gündə üç dəfə problemli nahiyələrə islatma qoyulur və vanna edilir.

Alma sirkəsi

1 litr isti suya 5 xörək qaşığı alma sirkəsi əlavə olunur və tərləyən nahiyəyə islatma və ya vanna şəklində tətbiq edilir. Proseduru 1 ay ərzində gündə iki dəfə tətbiq etmək lazımdır.

Fitoton №1 rəngsiz xına

Fitoton №1 rəngsiz xınası dəmlənərək tərləyən nahiyəyə çəkilir, yarım saat saxladıqdan sonra ilıq su ilə yuyulur. Prosedur günaşırı aparılır.

Palıd qabığı

5 xörək qaşığı xırdalanmış palıd qabığı üzərinə 1 litr su əlavə olunur, vam ocaqda mayenin həcminin yarısı qalana qədər qaynadılır. Ocaqdan götürüldükdən sonra üstü örtülür və 2 saat soyudulur. Məhlul soyuducuda 2 gün saxlana bilər. Tənzif salfetlər dəmləmədə isladılır və problemli nahiyəyə islatma qoyulur. Salfet quruduqda prosedur yenidən təkrarlanır. Gün ərzində 2-3 dəfə olmaqla 3 həftə müddətində aparılır. Əl və ayaqlara isə gündə iki dəfə vanna edilir.

Söyüd qabığı və nanə dəmləməsi

Hərəsindən 1 xörək qaşığı söyüd qabığı və nanə yarpaqları termosa tökülür, üzərinə 1 litr qaynar su əlavə edilir, 1 sutka dəmlənir. Süzüldükdən sonra 1 limonun şirəsi əlavə edilir və soyuducuda saxlanır. Axşam ayaqlar yuyulur, pambıq corablar məhlulda isladılır, ayağa geyilir və 1 saat saxlanılır. Corablar quruduqca yenidən isladılır. Müalicə 2 həftə aparılır. Dəmləmə ilə qoltuqaltına və əllərə də islatma qoymaq olar.

Palıd qabığı məcunu

2 çay qaşığı bala 3 çay qaşığı toz halında palıd qadığı əlavə edilib qarışdırılır. Axşam çimdikdən sonra tərləyən nahiyəyə nazik qat şəklində çəkilir, 15 dəqiqə sonra yuyulur. Müalicə 14 gün aparılır.

Çobanyastığı dəmləməsi

2 xörək qaşığı aptek çobanyastığı çiçəkləri yarım litr qaynar suda dəmlənir, əl və ayaqlara vanna edilir. Dəmləmə ilə qoltuqaltı nahiyə gündə 5-6 dəfə silinir.

Sinir sitemini möhkəmləndirmək üçün səhər və günorta 2 xörək qaşığı Nevronat şərbəti, axşam yatmazdan qabaq isə Sedativ çay qəbul edilir.

Adaçayı və gicitkən dəmləməsi

Yarım litr suya hərəsindən 1 xörək qaşığı adaçayı və gicitkən yarpaqları əlavə olunur, dəmlənir, süzülür. Soyuducuda saxlamaq şərti ilə 3 gün içilir. Müalicə kursu 1 ay davam edir.

Esmira ZEYNALOVA,

həkim–terapevt

Yazı ilə əlaqəli məhsullarımız

Heç bir nəticə tapılmadı.