Öd “Qatılaşmasının” Təbii Müalicəsi

Öd “Qatılaşmasının” Təbii Müalicəsi

Orqanizmin ən böyük laboratoriyası olan qaraciyər 40-a yaxın həyati vacib funksiya yerinə yetirir. Onlardan ən vacib əhəmiyyət kəsb edənlərdən biri nazik bağırsaqlarda qida maddələrinin həzmini təmin edən ödün sintezidir.
Qaraciyər hüceyrələrində istehsal olunan qızılı-sarı rəngli həzmedici xüsusiyyətli şirə əvvəlcə öd kapilyarlarına, sonra isə axarlara tökülərək öd kisəsinə toplanır. Hər dəfə qidalanma zamanı öd kisəsi yığılaraq möhtəviyyatını onikibarmaq bağırsağa ifraz edir və nəticədə yağların həzmi baş verir. Öd kisəsi, öd yolları və sfinkteri əzələlərinin normal yığılması və tonusu pozulanda öd durğunluğu yaranır.

Öd kisəsində durğunluğun yaranmasının səbəbləri:
balanslaşdırılmamış qidalanma – qida rejiminin pozulması, uzun müddət ac qalma və qidaların keyfiyyətsizliyi;
hipodinamiya – az hərəkətli həyat tərzi, oturaq iş rejimi;
bağırsaq peristaltikasının pozulması, xüsusilə qəbizlik;
hamiləlik – dölün öd kisəsini sıxması;
metabolik xəstəliklər – piylənmə, şəkərli diabet və ateroskleroz;
öd axımının qarşısını alan mexaniki maneələr – öd daşı və ya opistorxoz.
Ödün hərəkəti öd kisəsi və axarlarının normal tonusu hesabına baş verir. Diskineziya öd yolları ilə öd kisəsi əzələlərinin yığılması arasında uyğunluğun pozulması zamanı baş verir və ona hipo və hiperkinetik olmaqla iki formada rast gəlinir.

Hipokinetik diskineziyada öd kisəsinin yığılma-hərəki funksiyasının ləngiməsi baş verir və öd kisəsinin normal tutumu 75-100 ml olduğu halda, onda 150-200 ml öd toplanır və sağ qabırğa altında daim küt, bəzən kəsici tipli o qədər də güclü olmayan ağrı baş verir.

Hiperkinetik formada isə öd kisəsinin yığılma intensivliyi və tezliyi artır, tonusu yüksəlir, lakin sfinkteri tam açılmadığına görə öd bağırsağa tökülmür, simptomlar sağ qabırğa altında kəskin ağrılar və qəbizliklə ishalın növbələşməsindən ibarət olur.

Əlamətləri

Xolestaz özünü ürəkbulanma, gəyirmə, qusma, sağ qabırğa altında daimi ağrı, bağırsaqlarda köp, dəridə qaşınma, ağızda acı dad və xoşagəlməz qoxu, dəri və selikli qişaların zəif saralması, qaraciyərin bir qədər böyüməsi əlamətləri ilə büruzə verir. Sidik bir qədər tündləşir, nəcisin rəngi açılır.

Ağırlaşmaları

Öd durğunluğu ilk növbədə həzmin pozulması, həmçinin öd kisəsində ödün qatılaşması və daşların əmələ gəlməsinə, bakterial floranın düşməsi nəticəsində kəskin xolesistitin inkişafı, ən ağır hallarda isə öd kisəsinin deşilməsi və peritonitə səbəb olur

Müalicə

Müalicənin əsasını pəhriz təşkil edir. Diskineziyanın bütün formalarında az-az və tez-tez qidalanma tövsiyə olunur. Hiperkinetik formada öd ifrazını stimulyasiya edən duzlu, acı, hisə verilmiş və qızardılmış yeməklər, həmçinin göbələk, yumurta, ədviyyatlar, şokolad, qıtıqotu (xren) və ispanaq rasiondan çıxarılır. Hipokinetik formada qidaya bitki və kərə yağı, qaymaq, xama, yumurta, meyvə və tərəvəzlər əlavə edilir.

RESEPTLƏR

2 qram mumya yarım litr otaq temperaturunda olan suya əlavə edilir, həll olunandan sonra gündə 2 dəfə 1/3 stəkan içilir. Məhlul qurtarandan sonra bir həftə fasilə verilir və müalicə təkrar olunur. Mumya məhlulu öd kisəsində daş olanda da qəbul edilə bilər.
1 xörək qaşığı xırdalanmış və qurudulmuş tozağacı yarpaqları üzərinə 1 stəkan tünd çay dəmi əlavə olunur və qaynayan su hamamında yarım saat dəmlənir. Soyuyandan sonra süzülür və gündə 3 dəfə 1/3 stəkan içilir.
Bərabər miqdarda dazıotu, qarğıdalı saçağı və solmazçiçəyi qarışdırılır, qarışıqdan 1 xörək qaşığı 1 stəkan qaynar suda dəmlənir. Tam soyuyandan sonra hər dəfə yeməkdən 20 dəqiqə qabaq 1/3 stəkan içilir. Diqqət! Öddaşı xəstəliyində əks göstərişdir.
2:1 nisbətində xırdalanmış itburnu meyvələri və gicitkən yarpaqları qarışdırılır, 1 xörək qaşığı qarışıq 20 dəqiqə vam ocaqda çay kimi dəmlənir, ocaqdan götürüləndən sonra dəsmala bükülür və daha yarım saat dəmlənir. Süzüldükdən sonra gün ərzində 3-4 dəfəyə içilir.
2 filtr-bağlama Teaxolin və 1 filtr-bağlama Hepartea çayı 1 stəkan qaynar suda dəmlənir, soyuduqdan sonra süzülür, gündə 4 dəfə 1/2 stəkandan yeməkdən əvvəl qəbul edilir. Diqqət! Öddaşı xəstəliyində əks göstərişdir.
Hərəsindən yarım stəkan təzə sıxılmış qara turp şirəsi ilə çuğundur şirəsi qarışdırılır, gün ərzində iki dəfəyə içilir. 3 ay hər gün 1 stəkan şirə qəbul edilir.
Hepanat şərbəti gündə 3 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı qəbul olunduqda həzmi yaxşılaşdırır, köpü və ağızda acılığı aradan qaldırır. Diqqət! Öddaşı xəstəliyində əks göstərişdir.
1 kq çuğundurun qabığı soyulur, doğranaraq qazana tökülür. Üstünə 1,5 litr su əlavə edilərək vam ocaqda qatı şərbət alınana qədər qaynadılır. Alınan şərbət yarıbayarı çöl qatırquyruğu dəmləməsi ilə qarışdırılır və gündə 3-4 dəfə yeməkdən əvvəl yarım stəkan içilir. Müalicə fasilə verilmədən 3 ay aparılır.
1 stəkan üyüdülmüş kətan (zəyərək) toxumları üzərinə 3 stəkan inək südü əlavə edilir, həcmi 1 stəkan qalana qədər vam ocaqda qaynadılır, süzülür və səhər acqarına qəbul edilir. Ertəsi gün təzə bişirmə hazırlanır. Müalicə 10 gün aparılır və həmin müddətdə acı, yağlı, duzlu və qızarmış qida qəbul etmək olmaz.
Hərəsindən 50 qram kasnı kökləri və istiotlu nanə yarpaqları xırdalanır, qarışdırılır, qarışıqdan 1 xörək qaşığı 1 stəkan qaynar suda yarım saat dəmlənir. Süzüldükdən sonra gündə 3 dəfə hər dəfə 1 stəkan dəmləmə isti şəkildə qəbul edilir. Prosedur 2 həftə aparılır.

Yazıda adı keçən bitkilər aşağıdakı məhsullarımızda mövcuddur:

Heç bir nəticə tapılmadı.