Böyrəkdaşı xəstəliyi
Böyrəkdaşı xəstəliyi böyrək və sidik yollarında iri daşların (konkrementlərin) əmələ gəlməsi ilə səciyyələnən ən yayılmış xəstəliklərdən biridir. Böyrəkdə daşların əmələ gəlməsi sidikdə duzların çökməsi və kristallaşması ilə əlaqədar olaraq yaranır və bu heç də gündəlik qida rasionunda əhəmiyyətli yer tutan xörək duzu deyil, maddələr mübadiləsinin pozulması nəticəsində əmələ gələn artıq çöküntülərdir. Xəstəliyə bütün yaş dövrlərində, o cümlədən uşaqlar, hətta yenidoğulmuşlar arasında da təsadüf edilir.
Daşların əmələ gəlməsinin dəqiq səbəbləri elmə məlum olmasa da, alimlərin bir qisminin fikirincə, xəstəliyin inkişafına təkan verən amil və vəziyyətlər var.
Uşaqlarda böyrəkdaşı xəstəliyinin bir neçə səbəbdən yaranır:
- Böyrək və sidikçıxarıcı yolların anadangəlmə qüsurları;
- Anadangəlmə və qazanılma enzimopatiyalar (tubolopatiyalar);
- A və B6 vitaminlərinin avitaminozu;
- Sidik kisəsi və böyrək infeksiyası;
- Turşu-qələvi tarazlığının pozulmasına səbəb olan xəstəlik (diatez, raxit, spazmofiliya) və vəziyyətlər (yüksək hərarət, orqanizm uzun müddət susuz qalması);
- İrsi meyillik;
- Qidalanma faktoru – fast-fud yeməklər, qazlı sular, suxari və şirniyyatdan həddən artıq istifadə olunması. Bunlar orqanizmdə maddələr mübadiləsinin pozulmasına və böyrəkdaşı xəstəliyinin inkaşafına təkan verir;
- Tərkibində Mg, Ca, Fe olan cod su və mineral suların çox qəbul edilməsi.
Böyrək daşları kimyəvi tərkibi, ölçüsü və formasına görə müxtəlifdir. Daşların kimyəvi tərkibi onu törədən səbəblər və sidiyin reaksiyasından asılıdır:
- Urat daşları – purin mübadiləsinin pozulması nəticəsində və kəskin turş reaksiyalı sidikdə əmələ gəlir;
- Oksalat daşları – oksalat turşusu mübailəsi pozulanda və turş reaksiyalı sidikdə yaranır;
- Fosfat daşları – fosfor-kalsium mübailəsi pozulanda, qələvi reaksiyalı sidikdə inkişaf edir.
- Karbonat daşları – qələvi mühütdə karbonat turşusunun kalsium duzlarından əmələ gəlir.
- Sistein, zülal tərkibli daşlar – zülal mübadiləsi pozulması nəticəsində inkişaf edir.
Daşların kimyəvi tərkibi əksərən onların formasını da müəyyən edir. Belə ki, kalsium daşları hamar, yastı, fosfat daşları səthi hamar, urat daşlar kənarı iti, oksalat daşları da iti kənarlı olur.
Böyrəkdaşı xəstəliyi uşaqlarda təkcə əməlgəlmə səbəblərinə görə deyil, həm də daşların kimyəvi tərikibinə görə fərqlənir. Məsələn, uşaqlar üçün daha çox urat, fosfat və oksalat daşları xarakterikdir. Onlarda sistein və ksantin konkrementlərinə nadir hallarda təsadüf edilir.
Böyrəkdaşı xəstəliyinin əlamətləri
Xəstəliyin gedişi baxımından uşaqlarla böyüklər arasında o qədər də böyük fərq yoxdur. Tipik hallarda böyrək sancısı uşaqlarda az müşahidə edilsə də, sidiklə daşların xaric olmasına çox təsadüf olunur. Kiçik daşlar adətən uşaqlarda narahatlığa səbəb olmur. Əgər daş böyükdürsə və ya çoxlu qum dənəcikləri varsa, bunlar sidik axarı boyunca hərəkət etdikcə spastik ağrı törədir və uşaq sidik ifrazı zamanı narahat olur, ağlayır, bədənini soyuq tər bürüyür. Sidiyə yalançı çağırış və ya diurezin tezləşməsi qeyd olunur.
Xəstələr beldə, qasıq və aralıq nahiyədə ağrıdan şikayət edirlər. Bəzən subfebril hərarət müşahidə edilir. Böyrək sancısından dərhal sonra sidikdə qan və leykositlər aşkar olunur. Xəstəlik gizli və simptomsuz keçirsə ona “lal daşlar” deyilir. Yalnız qarın boşluğunun USM-i zamanı böyrəkdə təsadüfən daş aşkar edilir.
Böyrəkdaşı xəstəliyinin müalicəsi
Konservativ və cərrahi üsulla aparılır. Konservativ müalicə daşların yerləşdiyi yer və ölçüsündən asılı olaraq təyin edilir. Sidikdə aşkar olunan duzlardan gələcəkdə daş əmələ gəlməməsi üçün müalicəyə duz aşkar olunduğu vaxtdan başlanılır. Konservativ müalicə zamanı pəhriz əsas yer tutur, daşın növü və onun əmələgəlmə səbəbləri nəzərə alınır.
Xəstədə oksalat duzu aşkar ediləndə onun turş mühütdə yaranmasını əsas tutaraq ilk növbədə oksalat turşusu ilə zəngin qida məhsulları, tərkibində C vitamini çox olan meyvələr qida rasionundan ya tam çıxarılır, ya da məhdulaşdırılr. Xəstə polivitamin qəbul etdikdə və ya C vitamini ilə zəngin meyvələrdən dən az da olsa yedikdə qəbul olunan mayenin miqdarı artırılmalıdır. Alma, armud, ərik, üzüm, tərəvəzlərdən çuğundur, xiyar, badımcan menyuda əsas yer tutmalıdır. Şokolad və kakaodan tamamilə imtina etmək məsləhətdir. İl ərzində 3-4 kurs Oksalitin çayını qəbul etmək konservativ müalicə zamanı yaxşı nəticə verir.
Digər bitki yığıntılarından da istifadə etmək olar: eyni miqdarda dazıotu, mərsin yarpağı, nanə yarpağı, ürəkotu və şüyüd toxumu qarışdırılır, 1 xörək qaşığı qarışığın üzərinə 200 ml qaynar su əlavə edərək çay kimi dəmlənir. 3 ay gündə 3 dəfə 100 ml qəbul edilir. Ehtiyac yaranarsa 2 həftədən sonra kurs təkrar edilir. Üzüm şirəsi sidiyin reaksiyasını qələviləşdirdiyi üçün oksalat daşlarının əritmək üçün ondan da istifadə etmək olar.
Urat duzları ət məhsullarından çox, bitki mənşəli məhsullardan az istifadə ediləndə yaranır. İlk növbədə qida rasionunda heyvan mənşəli zulallar – yağlı ət, hisə verilmiş məhsullar, balıq və yumurta azaldılır və ya rasiondan çıxarılır. Əvəzində sidiyin reaksiyasını qələvi istiqamətə dəyişən meyvə-tərəvəzlərə, xüsusən də sitrus meyvələri, ərik, şaftalı, quru meyvələr, çuğundur, kök, yunan qabağı (kabaçki), xiyar və qarpıza üstünlük verilir. Yaxşı olar ki, kotlet və kartof buxarda və ya bitki yağında bişsin. Müxtəlif yarmalardan hazırlanan sıyıqlar süddə hazırlanır.
İlk növbədə Uralitin çayı və həftədə iki gün qəbul edilən nitratsız qarpız pəhrizi çox müsbət nəticə verir. Yaşdan asılı olaraq qarpız və qara çörək təyin edilir. Birinci gün bağırsaqlar təmizlənir, ikinci gün böyrəkdə olan daşın ölçüsü kiçilir. Qarpız yemək üçün mütləq yayı gözləmək lazım deyil. Qurudulmuş qarpız qabıqlarından hazırlanmış dəmləməni ilin hər mövsümündə qəbul etmək olar. Bir xörək qaşığı xırdalanmış qarpız qabıqlarının üzərinə bir stəkan qaynar su əlavə edilərək zəif ocaqda 30 dəqiqə dəmlənir, soyudulur və süzülür. Dəmləmə gün ərzində yeməkdən qabaq 1-2 stəkan qəbul edilir.
Xalq təbabətində daha bir sınanmış üsul var. Eyni miqdarda götürülən itburnu, tozağacı tumurcuqları və qarğıdalı saçağı xırdalanır, həmin qarışıqdan 2 xörək qaşığının üzərinə 0,5 litr qaynar su əlavə edilərək 5-6 saat termosda dəmlənir. 3 ay hər 6 saatdan bir 100 ml qəbul edilir.
Fosfat duzları heyvani mənşəli məhsullardan imtina edərək meyvə-tərəvəz və süd məhsullarının artıq dərəcədə qəbulu nəticəsində yaranır və həmin məhsullar turşu–qələvi tarazlığını qələviyə doğru dəyişir. Ona görə qida rasionunda turşu-süd məhsullarını, kartofu, konservləşdirilmiş meyvə və tərəvəz şirələrini azaltmaq və ya çıxarmaq lazımdır. Əvəzində buxarda bişən yağsız ət, quş əti və balıq məhsullarına geniş yer verilir.
Qida rasionunda sidiyin reaksiyasını turşlaşdıran bikti yağları və un məmulatları üstünlük təşkil edir. Müxtəlif tərkibli yarmalar süddə deyil, suda hazırlanır. Fosfalitin çayı içmək məsləhət görülür. 8 xörək qaşığı xırdalanmış itburnu kökü üzərinə 1 litr qaynar su əlavə edilir, 15 dəqiqə dəmlənir və süzülür. Məhluldan gündə 6-7 dəfə 50-100 ml qəbul edilməsi fosfat daşlarını quma çevirir və sidiklə xaric edir.
Duzların kimyəvi tərkibindən asılı olmayaraq bütün hallarda gün ərzində 2 litrə qədər maye qəbul etmək, tünd içkilərdən mümkün qədər uzaq durmaq, meyvə qurusundan hazırlanmış kompotlardan istifadə etmək lazımdır. Mayeni axşam saat 17-19 arası qəbul etmək məsləhətdir, çünki həmin vaxt böyrəklər aktiv fazada olur. Bitki dəmləmələrindən müntəzəm olaraq istifadə etmək olar. Renokaps şərbəti böyrəkdaşı xəstəliyinin müalicəsində daşın növündən asılı olmayaraq uğurlu nəticə verir.
Daş sidik axarında yerləşəndə və iri olanda cərrahi üsulla müalicə olunur.
Hafizə MƏMMƏDOVA,
Həkim-pediatr