İnsan sağlamlığına ciddi təhlükə törədən amillərdən biri də parazitar xəstəliklərdir ki, bu da dövrümüzün ən aktual məsələlərindən biridir. Qurd xəstəlikləri çox müxtəlif növ törədicilər tərəfindən, uşaq yaşlarından yoluxur. Bəzən insanın ömrü boyu onunla davam edir. Yaz və yay aylarında helmintlərlə yoluxmanın daha da çoxalması meyvə tərəvəzlərdən istifadənin artması və uşaqların həyət-bacada oynayarkən torpaqla təmaslarının çoxalmasıdır. Bəzən də cərrahi müdaxilə vacib olur.
Qurd xəstəliklərinin (helmintozlar) törədiciləri.
- həlqəvi qurdlar,
- lentşəkilli qurdlar,
- sorucu qurdlardır.
Əksər valideynlər qurd xəstəliklərini o qədər də ciddi qəbul etmir. Parazitlərin inkişafda olan uşaq orqanizminə nə qədər mənfi təsir göstərdiyinə inanmaq istəmirlər. Askaridoz və enterebioz həm uşaqlar, həm də böyüklər arasında çox geniş yayılmışdır. Askarid insanın nazik bağırsağında enterebiozun törədicisi bizquyruq isə yoğun bağırsaqda yaşayır.
Enterebioz və askaridoz.
Enterebioz və askaridoz nisbətən müalicəyə tabe olunan xəstəliklər hesab olunur. Belə ki, bir sıra kimyəvi və bitki tərkibli preparatlar var. Onlara öldürücü təsir göstərir. Lakin müalicə tam axıra çatdırılmasa və gigiyenik qaydalara əməl olunmasa yenidən qurd xəstəliyi inkişaf edir. Askaridoz xəstəliyində bəzən qurdlar nazik bağırsaqda o qədər artıb çoxalır ki, böyük bir yumaq halinda toplaşaraq bağırsaq keçməzliyi törədə bilirlər. Bəzən belə hallarda cərrahi müdaxilə qaçılmaz ola bilər. Enterebioz xəstəliyində şəxsi gigiyena qaydalarının gözlənilməsi çox vacibdir. Çünki bu xəstəlikdə bizquyruq törədicisi insanın özünüyoluxdurma yolu ilə təkrarlanır.
Profilaktika məqsədi ilə uşaqların,
- dırnaqları tez-tez dibdən kəsilməli,
- alt paltarları tez-tez dəyişilib yuyulub ütülənməli,
- gün ərzində əlləri bir neçə dəfə sabunla təmiz yuyulmalı,
- gecə yuxusuna nəzarət etmək məsləhətdir.
Donuz soliteri(tenioz) və öküz soliteri(teniarinxoz) isə lentşəkilli qurdlara aiddir ki, bunlar uzun illər insanın nazik bağırsağında yaşayırlar və qurdların yetişərək yoluxdurucu qabiliyyətə malik olan, qopmuş buğumlarını insanın nəcisində görmək mümkündür.
Donuz soliteri donuzçuluq daha çox inkişaf etmiş əhali arasında rast gəlinir. Uzun illər bağırsaqda yaşamış qurdların müalicəsi çox çətinlik törədir. Exinokok-koz, lyamblioz da çətin müalicə olunan helmintozlardandır. Ümumiyyətlə qurd xəstəlikləri hipovitaminoz, avitaminoz, iştahanın pozulması, intoksikasiya, ürəkbulanma, qusma, dəridə ləkələr, allergik reaksiya, yuxusuzluq və əsəbilik kimi halların meydana gəlməsinə səbəb olur. Belə xəstələrdə Hb – nin kəskin aşağı düşməsi müşahidə olunur.
Ananın hər hansı ciddi helmintoz xəstəliyi dölün ciddi inkişaf qüsuruna səbəb ola bilər. Helmintozlardan qorunmaq üçün hər birimiz həm övladlarımızın, həm də özümüzün şəxsi gigiyenamıza diqqət etməli, məişətdə qida məhsullarının təmiz yuyulmasına və bişirilməsinə əməl etməliyik. Helmintozların əmələ gəlməsində və yayılmasında hər gün istifadə etdiyimiz göyərtilərin rolu şox böyükdür, buna görə də göyərtilərin istifadəsindən əvvəl yuyulmasına xüsusi diqqət tələb olunur. Belə ki, yarpaqlar kökündən ayrılmalı, bol suda islatmalı, dəfələrlə suyunu dəyişdirməklə yumaq və nəhayədə bol suda saxlamaq və yaxşı olar ki, suya bir qədər sirkə və ya abqora əlavə olunsun. Demək olar ki göyərti nə qədər yuylsa da torpaqla təmasda olan hissələrində sistlər qala bilər, buna görə də, ən etibarlı üsullardan biri də göyərtinin kökünü iki-üç sm yuxarıdan kəsib atmaqdır.
12.05.2020
Müəllif: Həkim-nevroloq Axundova Qəndab