Kakao.

Mündəricat

Şokolad  ağacı.

Vətəni Cənubi Amerikanın subekvatorial regionları olan kakao ağacı meyvələrinin toxumlarına görə dünyanın demək olar ki, hər yerində tanınır. Kakao qənnadı sənayesində əsasən şokolad istehsalında, tibbdə bir sıra xəstəliklərin müalicə və profilaktikasında istifadə edilir.

Maraqlıdır.

Qədim asteklər kakaonu o qədər yüksək qiymətləndirirdilər ki, onu pul kimi istifadə edirdilər. Məsələn, cavan və güclü bir qul bazarda 100 ədəd kakao meyvəsinə satılırdı. Maraqlıdır ki, hətta o dövrdə də belə “əskinazları” bəzən saxtalaşdırırdılar: meyvələrin boş qutucuqlarının içinə qum və ya gil doldururdular.

Asteklərin hazırladığı kakaolu içkinin müasir isti şokoladla heç bir əlaqəsi olmayıb, onun tərkibinə çili bibəri, dənli bitkilər əlavə olunur və soyuq halda içilirdi. Şəkəri isə kakaoya ilk dəfə ispanlar əlavə edib. Onlar isti şokolad içkisinin reseptini 100 ilə yaxın müddətdə gizli saxlayıb və digər Avropa ölkələrinə yayılmağa qoymayıb. Lakin 1606-cı ildə italiyalı Antonio Karletti bu məxfi resepti oğurlaya bilib və bundan sonra içki bütün dünyada məşhurlaşıb.

Tərkibi:

Kakaonun tərkibi kalsium, manqan, maqnezium, natrium, kalium, fosfor, dəmir, sink, mis kimi bir sıra mikro- və makroelementlərlə, A, E, PP və B qrupu vitaminlərlə, bitki zülalı, doymuş və doymamış yağ turşuları, qida lifləri və üzvi turşularla zəngindir.

Tibdə tətbiqi:

Tərkibində olan bioaktiv maddələr qanda trombositlərin aqreqasiyasını azaldır, qandurulaşdırıcı təsir göstərir. Bioflavonoidlərın hesabına maddələr mübadiləsini sürətləndirir, üzvi maddələrin damar divarına çökməsinin qarşısını alır, PP vitamini damarların kövrəkliyini azaldır, elastikliyini artırır, ürək-damar sisteminin işemik xəstəliklərinin qarşısını alır.

Kakao epikatexin maddəsi ilə çox zəngindir, beyin qan dövranını və qısamüddətli yaddaşı yaxşılaşdırır, yaşlı insanlarda əqli geriliyin inkişafını ləngidir. Flavonoidlərin hesabına miokard və skelet əzələlərinin hüceyrələrinin enerji mənbəyi olan mitoxondrilərin regenerasiyasını artırır. Kakaoya acı dad verən bu faydalı maddələr təəssüf ki, şokolad istehsalı zamanı sənayedə onun tərkibindən çıxarılır.

Kakao təbii magnezium mənbəyi olaraq orqanizmdə sümük toxumasını möhkəmləndirir, stresə qarşı davamlığı artırır, əzələləri boşaldaraq rahatlandırır.

Kakao toxumları dəmir defisitli anemiyaların müalicə və profilaktikasında geniş istifadə edilir, qanda qlükozanın səviyyəsini tənzimləməyə yardımçı olur, kakaoda olan sink orqanizmdə insulin sintezində iştirak edən ən vacib elementlərdən biridir və diabetli xəstələr üçün faydalıdır.

Kakao ağacı təbiətdə tərkibində “şokolad narkotiki” adlanan anandamid və feniletilamin maddələri olan nadir bitkilərdəndir. Bu maddələr orqanizmdə təbii antidepressant, güclü ağrıkəsici təsir göstərən, xoş əhvali-ruhiyyə yaradan endorfin və seratonin neyromediatorlarının sintezini artırır.

Tərkibində olan bioflavonoidlər hüceyrə membranını zədələyən sərbəst radikalları neytrallaşdıraraq orqanizmdən xaric olmasını asanlaşdırır, bununla da daim toksiki maddələrin təsirinə məruz qalan həzm sistemində yarana biləcək bədxassəli törəmələrin qarşısını alır.

Bu möcüzəli toxumlar kosmetik vasitələrin hazırlanmasında da istifadə olunur, onun tərkibindəki palmitin, olein, linol, stearin yağ turşuları dəriyə nəmləndirici, yumşaldıcı, tonuslandırıcı təsir göstərir, dərinin elastikliyini artırır, qırışların və çatların əmələ gəlməsinin qarşısını alır, həmçinin dəridə regenerasiya proseslərini sürətləndirərək yaraların sağalmasını tezləşdirir. Təbii melanin piqmenti sayəsində dərini günəş şüalarının zərəli təsirindən qoruyur. Kakao yağının tərkibində olan teabromin maddəsi bronxları genişləndirir, bəlğəmgətirici təsir göstərir, öskürəyi azaldır.

Kakao tərkibində olan 0,2 faiz kofein sayəsində sinir sisteminə tonuslandırıcı təsir göstərir, ürək fəaliyyətini gücləndirir, nəbzi sürətləndirir, damarların daralmasına və arterial təzyiqin artmasına səbəb olur, sidikqovucu effekt verir.

Əks göstərişlər.

*Kofein sayəsində arterial təzyiqi artırdığından ürək-damar sistemin xəstəliklərindən, xüsusilə yüksək təzyiqdən əziyyət çəkənlərin;

*Uzun müdətli istifadəsi zamanı orqanizmə kalsiumun sorulmasını ləngitdiyindən hamilə qadınların və körpə uşaqların kakaodan, xüsusilə şokoladdan istifadə etməsi məsləhət deyil.

http://fizulihuseynov.com/

https://herba-flora.com

Yazı ilə əlaqəli məhsullarımız

Heç bir nəticə tapılmadı.