Zob xəstəliyi nədir?
Zob xəstəliyi qalxanabənzər vəzin ölçülərinin böyüməsidir. Bu xəstəlik bir çox səbəblərdən yaranır və fərqli simptomlarla meydana çıxır. Əsasən, qalxanabənzər vəzin fəaliyyətinin pozulması sadə zob, hipertiroidizm, hipotiroidizm və düyünlü zob xəstəlikləri şəklində özünü büruzə verə bilər. Tiroid vəz boyunda, nəfəs borusunun ön hissəsində yerləşir və maddələr mübadiləsini, bədən istiliyini və enerjin mübadiləsini tənzimləyən hormonlar ifraz edir.
Sadə zob – Tiroid hormonlarının normada olması, sadəcə vəzin böyüməsi ilə xarakterizə olunur.
Hipoaktiv zob – Tiroid hormonlarının az ifraz edilməsi (hipotiroidizm).
Hiperaktiv zob – Tiroid hormonlarının çox ifraz edilməsi (hipertiroidizm).
Toksik olmayan zob – Tiroid funksiyasına təsir etməyən böyümə.
Zobun yaranma səbəbləri
Zob xəstəliyinin ən çox yayılan səbəblərindən biri qanda yod çatışmazlığıdır. Bu zaman vəz öz ölçülərini böyütməklə orqanizmi yodla təmin etməyə çalışır. Böyümüş qalxanabənzər vəz simpatik sinir sistemini davamlı qıcıqlandırdığı üçün gözdibi əzələlər də daim stimulyasiyaya məruz qalır və həcmləri artır, bu da gözlərin önə çıxmasına və bərəlməsinə gətirib çıxarır.
Autoimmun xəstəliklər (məsələn, Haşimoto tiroiditi və ya Qrevs xəstəliyi), irsi faktorlar, qalxanabənzər vəzinin şişləri və ya düyünləri, hamiləlik və ya hormonal dəyişikliklər də bu xəstəliyin səbəbləri sırasına daxildir. Zob xəstəliyinin növünə və səbəbinə görə simptomlar dəyişə bilər, lakin ən çox rast gəlinən əlamətlər bunlardır:
- Boyun bölgəsində şişkinlik, boyunun ön nahiyəsində qabarma və vəzin ölçülərinin böyüməsi müşahidə olunur.
- Böyümüş vəz nəfəs borusuna və qida borusuna təzyiq göstərir və nəticədə udqunma və nəfəsalma çətinləşir.
- Boyun və boyunətrafı bölgələrdə ağrılar olur.
- Danışarkən səs batıq və xırıltılı olur.
- Ekzoftalm – göz almalarının böyüməsi, bərəlməsi və önə doğru çıxması baş verir.
- Taxikardiya, ürəkdöyünmə, əllərdə və başda əsmə müşahidə olunur.
- Xəstələr çox əsəbi, həyəcanlı, hövsələsiz və aqressiv olur.
- Bədən çəkisinin itirilməsi baş verir.
- Daim yorğunluq, əzginlik, zəiflik hiss edilir.
- Tərləmə, istiyə və soyuğa qarşı həssaslıq əmələ gəlir.
- Dəridə quruluq hiss olunur.
- Depressiya və yaddaş problemlərinə rast gəlinir.Bu simptomlar hipertiroidizmdə, hipotiroidizmdə, düyünlü zob və sadə zob xəstəliklərində fərqlidir. Əgər hipertiroidizmdə bədən istiyə qarşı həssas olursa, hipotiroidizmdə soyuğa qarşı həssas olur. Hipertiroidizmdə bədən çəkisinin itirilməsi baş verirsə, əksinə hipotiroidizmdə çəki artımı müşahidə olunur. Bəzi hallarda zob heç bir əlamət verməyə bilər və yalnız ultrasəs müayinəsi ilə aşkarlanır.
Zob xəstəliyi ilə mübarizə yolları
Zobun müalicəsi onun səbəbindən və növündən asılı olaraq dəyişir. Dərman müalicəsi, yod terapiyası və cərrahi müdaxilə zob xəstəliklərinin əsas müalicə üsullarıdır.
Hipertiroidizm üçün tiroid vəzinin həddindən artıq fəaliyyətini azaldan dərmanlar, hipotiroidizm üçün isə qalxanabənzər vəz hormonunu əvəz edən dərmanlar təyin olunmalıdır. Radioaktiv yod bəzi hallarda qalxanabənzər vəzin həddindən artıq aktivliyini tənzimləmək üçün istifadə olunur.
Zobun çox böyük olması və ya xərçəng riski olduqda cərrahiyyə ilə vəz qismən və ya tamamilə çıxarıla bilər. Yod çatışmazlığından yaranan zob zamanı qidalanmada yodlu duzdan və ya yodla zəngin qidalardan (dəniz məhsulları, süd məhsulları) istifadə tövsiyə olunur. Kiçik və simptom verməyən zoba müdaxilə lazım olmaya bilər, yalnız mütəmadi müayinə ilə izlənilir.
Zob xəstəliyinin müalicəsi fərdi yanaşma tələb edir. Ona görə də endokrinoloqla məsləhətləşmək vacibdir. Gecikmiş diaqnoz və müalicə ciddi fəsadlara səbəb ola bilər.
Herba Flora istehsalı olan dəniz kələmi (laminaria) yodla zəngin olduğu üçün hipotireoz zamanı əsas müalicə ilə yanaşı qəbul olunur.