Kişilərdə klimaks. Əlamətləri və müalicəsi

Mündəricat

Kişilərdə klimaks

Kişi klimaksı, başqa sözlə andropauza qadın klimaksına nisbətən daha erkən yaşlarda başlayır. Qadınlardan fərqli olaraq kişilər orqanizmin normal fizioloji dəyişikliyini xarakterizə edən “klimaks” sözünə daha skeptik yanaşır, hətta bəzən qeyri-adi qarşılayırlar. Əksər kişilər təbiət tərəfindən proqramlaşdırılmış reallığı bəzən qəbul etmək istəmir.

Kişi klimaksı bir çox hallarda özünü güclü əlamətlərlə büruzə verməsə də, güclü cinsin bəzi nümayəndələrinin xarakteri andropauza zamanı dəyişir, onlar hisslərini cilovlaya bilmir, özlərini ələ almaqda çətinlik çəkirlər. Təbiətən təmkinli və sakit kişilər emosional cəhətdən həssaslaşır, hətta bəzən dəlisov təbiətə malik olur, yumor hissi və həyat eşqi yüksək olanlar depressiyaya düşür, qaradinməz kişilər isə ünsiyyətcilliyi və qayğısızlığı ilə ətarfdakıları heyrətləndirir. Andropauzaya girən kişinin emosional vəziyyəti gün ərzində bir neçə dəfə dəyişə bilir – çox yüksək əhvali-ruhiyyədə olduğu halda qısa vaxtdan sonra səbəbsiz narahatlıq və qorxu hissi keçirir.

Kişi klimaksının əlamətləri

Kişi klimaksının əlamətlərinə ürək döyüntülərinin sayının artması, ürək nahiyəsində ağrı, başda döyünmə hissi, başgicəllənmə, qan təzyiqinin yüksəlməsi aiddir. Bəzi hallarda yaddaşın zəifləməsi, cinsi həvəsiniş qabiliyyətinin azalması da müşahidə edilir.

Klimaks – yunan dilindən tərcümədə “pillə, səviyyə” deməkdir və orqanizmin hormonal yenidənqurması ilə xarakterizə olunur. 40 yaşdan sonra kişi cinsi vəzlərinin fəaliyyətində dəyişiklik yaranır, cinsi hormonların – androgenlərin ifrazı zəifləyir. Həmçinin cinsi vəzlərin əsas tənzim mərkəzi olan xayaların testosterona qarşı həssaslığı azalır və onlar degenerativ dəyişikliyə uğrayır.

Məlum olduğu kimi, qadınların sidkçıxarıcı yolları ilə cinsiyyət sistemi bir-biri ilə əlaqəli quruluşda deyil, kişilərdə isə onlar sidik kanalında birləşir. Hormonal və reproduktiv funksiyalarda da fərqli cəhətlər çoxdur. Məsələn, qadınlarda sikl ərzində bir dənə yumurta hüceyrə yetişirsə, kişilərdə hər cinsi akt 20-40 mln spermatozoidin xaric olması ilə nəticələnir.

Ona görə də qadının cinsiyyət sisteminin hormonal idarə olunması da siklik xarakter daşıyır – əvvəlcə bir hormonun, ikinci fazada isə digərlərinin miqdarı yüksəlir. Kişidə isə proses daha bəsit olur – hormonlar xayaların funksiyasına mütəmadi və eyni şəkildə təsir edir. Məhz həmin təsirin intensivliyinin azalması və yaşla əlaqədar hormonal fonun dəyişməsi kişi klimaksı adlanır. Qadınlardan fərqli olaraq kişilərdə həmin proses daha tədricən və hiss olunmadan gedir, kəskin fizioloji və yaş sərhəddi olmur.

Kişi klimaksı – klinik təzahürləri olmayanda orqanizmin fizioloji yaşlanması prosesidir. Əgər ürək-damar və sidik-cinsiyyət sistemləri tərəfindən şikayətlər yaranırsa, artıq patoloji klimaks adlanır. Proses 45 yaşdan əvvəl baş verəndə erkən, 60 yaşdan sonra isə gecikmiş klimaks hesab olunur. Klimaksın daha erkən yaşlarda baş verməsinə səbəb olan xəstəliklər arasında orxit, epididimit, xaya şişləri, xayaların qan dövranının pozulması, radiasiyanın təsiri, toksiki birləşmələrlə zəhərlənmə, alkoqol intoksikasiyası və cərrahi göstərişlər nəticəsində xayaların tam çıxarılması daxildir.

Klimaksın ilkin əlamətləri o qədər də nəzərəçarpan olmur, cinsi həvəsin azalması, ereksiyanın bir qədər gecikməsi və dolğunluğunun zəifləməsi, erkən və ya çox gecikən boşalma əlamətləri, fiziki dəyişikliklərdən isə ginekomastiya daha aydın nəzərə çarpır.

Hormonal fonun zəifləməsi androgenlərdən asılı orqanların – prostat vəzin, xayaların, xaya artımlarının reqressiyasına, yəni geriyə inkişafına səbəb olur. Nəticədə həmin orqanlarda, xüsusən də parauretral vəzlərdə birləşdirici toxuma elementləri artır və prostat vəzin adenoması inkişaf edir. Prostat vəzin adenoması xoşxassəli şiş olanda və metastaz verməyəndə xəstənin həyatı üçün təhlükə törətmir, lakin onu çətinləşdirir, çünki sidik kanalının ətrafında böyüyən şiş onu sıxır, sidik ifrazını pozur, sidiyin böyrək ləyənində ləngiməsinə və pielonefrit kimi ağırlaşmaların əmələ gəlməsinə səbəb olur.

Hormonal yenidənqurmanın təsiri ilə bədənin əzələ kütləsinin bir hissəsinin piy toxuması ilə əvəz olunması çəkinin artması ilə yanaşı əzələ gücünün zəifləməsi ilə də nəticələnir. Sümük toxumasının kövşəkləşməsi və fəqərəarası məsafələrin daralması ilə əlaqədar onurğanın “oturması” və boyun bir qədər qısalması baş verir. Bədənin proporsiyası dəyişir, qarın böyüyərək qabağa çıxır, zəif də olsa qozbellik əmələ gəlir, onurğa və bel əzələlərində ağrılar əmələ gəlir.

Nadir hallarda kişilərdə istibasma, tərləmə və başgicəllənmə kimi vegetodamar dəyişiklikləri müşahidə olunur. Tez yorulma, iş qabiliyyətinin aşağı düşməsi, diqqətin dağınıq olması, situasiyanı hərtərəfli qiymətləndirə bilmək qabiliyyətinin zəifləməsi, əsəbilik və yuxu pozulması, bəzi xəstələrdə apatiya daha çox rast gəlinən əlamətlər sayılır. Klimaksa girən kişilər stresə qarşı daha həssas və depressiyaya meyilli olur, hər şeyi və hər kəsi özünə “uyğunlaşdırmağa” çalışır, ətrafında olanları, işçiləri, hətta ailə üzvlərini daim tənqid edir, özü isə tənqidi fikirləri qətiyyən qəbul etmir.

Kişi klimaksının müalicəsi

Müalicə prosesində adekvat fiziki yüklənmə, müalicəvi bədən tərbiyəsi, bəzən də fizioterapevtik prosedurlar və psixoterapevtik yardım tətbiq edilir. Dərman müalicəsi xəstənin nevroloji vəziyyətindən, cinsi və hipofiz hormonlarının səviyyəsindən asılı olaraq müəyyən edilir. Əgər onların səviyyəsi kritik şəkildə azalırsa androgen tərkibli preparatlar, yanaşı olaraq sedativ, bəzən isə antidepressantlar təyin olunur. Dərmanlar yalnız həkim məsləhəti əsasında qəbul edilməlidir.

Sakitləşdirici dəmləmə və cövhərləri bütün xəstələr qəbul edə bilər. Pişikotu kökləri, damotu, mayaotu qozaları, öksəotu və dazıotundan hazırlanan dəmləmələr bu sahədə ən yaxşı vasitədir.

Orta yaşlı kişi klimaksın yaş dəyişkənliyi kimi qaçılmaz olduğunu və həyat tərzini dəyişməklə prosesin daha yüngül keçməsinə nail olmağın mümkünlüyünü anlamalıdır. İldə 1-2 dəfə uroloq-androloqa müraciət edərək profilaktik müayinədən keçmək, soyuqlamamağa diqqət etmək, özünü infeksiyalardan qorumaq, mütəmadi cinsi həyat sürmək, fiziki hərəkətlər etmək, qaçmaq, üzgüçülüklə məşğul olmaq vacibdir. Həmçinin həzm prosesini tənzimləmək üçün rasionda alkoqollu içkiləri məhdudlaşdırmaq, qızardılmış və konservləşdirilmiş qidaları azaltmaq tövsiyə olunur.

Reseptlər

  • Klimaks əlamətlərini yüngülləşdirmək və cinsi həvəsi artırmaq üçün yemişan meyvələrinin dəmləməsindən istifadə olunur. 1 xörək qaşığı yemişan meyvəsi 1 stəkan qaynar suda çay kimi dəmlənir, gündə 2-3 dəfə yeməkdən əvvəl qəbul edilir.
  • Cinsi sistemdə olan iltihabi əlamətləri aradan qaldırmaq və potensiyanı yüksəltmək üçün gündə 3 dəfə yeməkdən əvvəl Teamen çayı qəbul edilir.
  • Orqanizmin ümumi müqavimətini, həmçinin cinsi qabiliyyəti artırmaq məqsədilə gündə 2-3 dəfə 15-20 damcı jenşen köklərinin cövhəri qəbul olunur.
  • Eyni məqsədlə bal, arı südü və güləm qarışığından istifadə edilir.
  • Prostat adenoması zamanı vəzin ölçülərini kiçiltmək və hormonal balansı normallaşdırmaq üçün cırtdan palma meyvələrinin ekstraktı əsasında hazırlanan 1-2 kapsul Nat-prostat gündə 1-2 dəfə qəbul edilir.
  • Kişi klimaksı, prostatit və prostat adenomasının müalicəsi zamanı gün ərzində 3-4 xörək qaşığı balqabaq tumlarının yeyilməsi və ya gündə 3 dəfə 1 çay qaşığı Fitooil Balqabaq yağı içilməsi məsləhət görülür.

Yazı ilə əlaqəli məhsullarımız