Günəş dermatiti.

Mündəricat

 Dermatit.

Əsas həyat mənbələrindən biri olan Günəş orqanizmində gedən bir çox proseslərə müsbət təsir edir, lakin günəş şüalarına qarşı allergiyası olanlar da var. Günəş dermatiti və ya fotodermatit aktinik dermatitin növlərindən sayılır, dərinin günəş şüalarına qarşı allergik-iltihabi reaksiyasıdır. Xəstəliyin ağırlıq dərəcəsi günəşin intensivliyindən başqa həm də orqanizmin fərdi reaktivliyindən asılıdır. Daha çox anamnezində kontakt dermatiti, pollinoz, allergik rinit kimi xəstəliklər və irsi meyilli xəstələrdə müşahidə olunur, dərinin qızarması, ödemləşməsi və məxmərək tipli səpgilərlə özünü göstərir. Xəstəlik tez-tez residivləşə, xroniki hal ala və ya ekzemaya çevrilə bilər.

Səbəblər.

Günəş şüaları öz-özlüyündə allergen olmasa da, dərinin ultrabənövşəyi şüalanmaya həssaslığını artıran fotosensibilizatorların təsiri nəticəsində dermatit inkişaf edir. Ultrabənövşəyi şüaların təsiri nəticəsində həmin maddələrdən sərbəst radikallar əmələ gəlir. Orqanizmdə olan zülallarla reaksiyaya girərək antigen tipli yeni birləşmələrin sintezinə səbəb olur. Allergenlər isə allergik reaksiyanın bütün mexanizmlərini işə salır.

Fotosensibilizatorların xarakterindən asılı olaraq günəş dermatitinin xarici və daxili səbəbləri var. Xarici səbəblərə dəri ilə təmasda olan sensibilizatorlar, məişətdə istifadə olunan kimyəvi maddələr, xüsusən də yuyucu vasitələr, dəriyə çəkilən dərman preparatları, kosmetik vasitələr, o cümlədən təraşdan sonra istifadə olunan losyonların tərkibində olan muskus, sabunda olan benzokain, günəşdən qoruyucu kremlərdə olan benzofenonlar aid edilir. Metabolik xəstəliklər zamanı orqanizmdə toplanan maddələr, uzunmüddətli dərman müalicəsi, ifrazat orqanlarının xəstəlikləri – xroniki hepatit, qaraciyər sirrozu, xroniki qəbizlik və böyrək çatışmazlığı zamanı xaric olmayan mübadilə məhsulları isə fotodermatitin daxili səbəbləridir.

Simptomlar

Hətta çox qısa vaxtda günəş şüaları ilə təmas zamanı dəridə I dərəcəli yanığı xatırladan qızarma və ödem yaranır. Xəstəni güclü qaşınma və yanma hissi narahat edir. Daha sonra qızarmış nahiyələrdə çoxlu xırda səpgilər əmələ gəlir və həmin dəyişiklik dərinin günəşlə kontaktı olmayan hissələrinə də yayılır. Adətən 2-3 həftəyə sağalır, lakin ultrabənövşəyi şüalarla təkrar təmas onların yenidən əmələ gəlməsinə səbəb olur. Adekvat müalicə tədbirlərinin olmaması və fotosensibilizatorun aradan qaldırılmaması xəstəliyin xronikləşməsinə aparıb çıxarır və özünü dəri şəklinin güclənməsi, dərinin infiltrasiyası və quruması, piqmentasiyanın artması və damar ulduzcuqlarının yaranması ilə büruzə verir.

Müalicə

Müalicənin əsasını xəstənin günəş şüaları ilə kontaktını aradan qaldırmaq təşkil etsə də, iltihab əleyhinə, kortikosretoid, antihistamin preparatlar və B qrupu vitaminləri tətbiq olunur.

http://fizulihuseynov.com/

https://herba-flora.com

Yazı ilə əlaqəli məhsullarımız

Heç bir nəticə tapılmadı.