Göbələklər.
Müasir dövrdə sağlamlığa böyük zərbə vuran, illərlə müalicə olunmasına baxmayaraq sağalması çətin gedən xəstəliklərin bir səbəbi də göbələklər olur. Dəri və dırnaqlarda parazitlik edən göbələklər daha tez aşkar edilir, dəridə qaşınma, xırda suluqların əmələ gəlməsi, dırnaqların qalınlaşması, saralması və laylanması əlamətləri ilə özünü büruzə verir.
Göbələklər təkcə dəri və dırnaqları deyil, daxili orqanları da zədələyir. Daxili üzvlərin göbələk zədələnmələri dərin mikozlar adlanır və onlar demək olar ki, bütün orqanlarda kəskin və ya xronik xəstəlik yaratmaq qabiliyyətinə malikdir.
Sağlam orqanizm göbələk infeksiyasına qarşı mübarizə aparır və onun öhdəsindən gəlir. İmmun sistemi zəif olanlar və bronxial astma, xroniki bronxit, şəkərli diabet, cinsiyyət üzvlərinin iltihabı kimi xroniki xəstəliklərdən əziyyət çəkənlər isə daxili mikozlara daha çox tutulur. Ağır cərrahi əməliyyatların keçirilməsi və uzunmüddətli antibakterial müalicə də mikozların inkişaf səbəblərindən hesab olunur.
Mikozların növləri.
Daha çox yayılan növlərdən biri Candida cinsindən olan göbələklər tərəfindən törədilən kandidozdur. Əksər hallarda ağız boşluğunun və ya qadınlarda cinsiyyət üzvlərinin zədələnməsi müşahidə olunur. Nadir hallarda Candida göbələkləri yuxarı tənəffüs yollarını, ağciyərlər, bağırsaqlar və digər orqanları da zədələyə bilər.
Koksidioidoz və histoplazmoz daha təhlükəli və ağır gedişli dərin mikozlara aiddir. Koksidioidoz əsasən ABŞ və Latın Amerikası ölkələrində yayılsa da, Avropa və Asiyada da xəstəliyə rast gəlinir. Yoluxma göbələk sporları ilə çirklənmiş tozun nəfəslə alınması və ya tamlığı pozulmuş dəridən keçmə nəticəsində baş verir. Xəstəlik dərinin ağır zədələnməsi, abses və dərin xoraların əmələ gəlməsi, həmçinin ağır pnevmoniya əlamətləri ilə gedir, bir çox hallarda ölümlə nəticələnir.
Histoplazmoza Şimali və Cənubi Amerikada, Afrikanın şimalında rast gəlinir, yoluxması göbələk sporlarının udulması ilə baş verir. Daha çox tənəffüs yollarının, sümük iliyinin, qaraciyər, dalaq və limfa düyünlərinin zədələnməsi müşahidə olunur, bəzən dəri də zədələnir. İmmun sistemi güclü olan xəstələrdə ümumi zəiflik, qızdırma və öskürək kimi əlamətlərlə yüngül formada keçib gedir. QİÇS-li xəstələrdə isə histoplazmoz çox ağır gedişə malik olur və onların ölüm səbəblərindən biridir.
Dərin mikozların ən geniş yayılmış formalarından biri aspergillyozdur. Çürük ağaç kötükləri, meyvə, tərəvəzlər və çörəyin üzərində yaşımtıl-ağ kif əmələ gətirən Aspergillus cinsindən olan kif göbələkləri tərəfindən törədilir. Bəzən mənzillərdə nəmişlik olan künclərdə, su axıdan boruların ətrafında, ventilyasiya sistemlərində və kondisionerlərdə ona rast gəlmək olur. Belə otaqların havası ilə nəfəs alanda göbələk sporları bronx və ciyərlərə, kiflənmiş qidaları yedikdə isə ağız boşluğu və mədə-bağırsaq sisteminin selikli qişalarına düşür, ağır xəstəliklərdən əziyyət çəkən və immuniteti zəif olanlarda hətta zəhərlənmə – aspergillyoz mikotoksikozu yarada bilir. Mikotoksikoz göbələyin həyat fəaliyyətinin məhsulu olan mikotoksinlərlə zəhərlənmə nəticəsində inkişaf edir. Tənəffüs sisteminin zədələnməsi ağır pnevmoniya simptomları – əzabverici öskürək, qanhayxırma, qızdırma və intoksikasiya əlamətləri ilə keçir.
Göbələyə yoluxmamaq üçün nə etməli?
-
Köhnə mənzillər, bağ evləri və divarları kiflə örtülmüş otaqları təmizləyərkən, köhnə taxtalar və başqa tikinti materiallardan istifadə edərkən ehtiyatlı olmaq, heç olmasa tibbi maskalardan istifadə etmək lazımdır, çünki ağaclarda inkişaf edən göbələklər xüsusilə təhlükəlidir.
-
Qida məhsullarının üzərində yaranan göbələklər az aqressiv olsa da, çörək və un məmulatlarında gözlə görünən kif ləkəsi olanda həmin hissə tam kəsilib atılmalı və ya istifadə edilməməlidir.
-
Alma, armud kimi bərk meyvələrin çürümüş hissəsi kəsilib atıla bilər, lakin pomidor, şaftalı və ərik kimi şirəli meyvə və tərəvəzlər üzərində kif əmələ gələndə onu atmaq lazımdır.
-
İçində və ya səthində kif ləkəsi görünən kompot, meyvə şirələri və şərbətlər heyfislənmədən atılmalı, mürəbbə və cemlərin üst qatı təmizlənməlidir.
-
Kiflənmiş və dadı dəyişmiş qoz-fındığı yemək təhlükəli olduğu kimi, kif düşmüş kəsmik və başqa süd məhsulları ilə qidalanmaq da yolverilməzdir.
-
Pendirin üstündə olan kiçik kif ləkəsi təmizlənə bilər, amma pendirin içinə qədər yayılıbsa onu yemək lazım deyil. Rokfor kimi pendir növləri xüsusilə kifləndirilir və əmələ gələn kif ona xüsusi dad verir. Kandidozdan əziyyət çəkənlər həmin delikateslərdən imtina etməlidir.
Müalicə
Göbələk infeksiyasının müalicəsində antifunqal preparatların təyini ilə yanaşı, xəstələrə “göbələk əleyhinə” pəhriz də tövsiyə olunur. Pəhriz karbohidratlarla zəngin qidaların rasionda azaldılmasına əsaslanır. Şəkərlərin çox qəbulu və karbohidrat mübadiləsinin pozulması qanda qlükoza səviyyəsinin yüksəlməsinə, nəticədə göbələklərin inkişafı üçün münbit şəraitin əmələ gəlməsinə səbəb olur. Makaron məmulatları, yarmalardan hazırlanan yeməklər, maya ilə hazırlanan bütün un məmulatları və içkilər, həmçinin şirniyyatların qəbulunu azaltmaqla müalicənin effektini artırmaq mümkündür. Qəbulu tövsiyə olunan qidalara yağsız ət növləri, yağsız balıq, təzə meyvə və tərəvəzlər, yağsız kəsmik və xama, qatıq və kefir aiddir.
RESEPTLƏR.
Xarici mikozlar zamanı.
-
0,5 litr təbii alma sirkəsinə 5-6 xörək qaşığı essensiya sirkəsi əlavə olunur, əl və ayaqlar gündə 2 dəfə həmin qarışığa batırılmış pambıqla silinir. Prosedurdan sonra əllər 2 saat yuyulmur.
-
0,5 litr alma sirkəsinə əzilmiş 3 diş sarımsaq qatılır, 10 gün qaranlıqda saxlanandan sonra tənzifdən süzülür, Qaşınan nahiyələr gündə iki dəfə həmin məhlula silinir.
-
Saç diblərində göbələk və kəpəklənmə zamanı saçları yumazdan 2-3 saat əvvəl Fitoton №1 rəngsiz xına qoyulur, bitki tərkibli şampunla saçlar yuyulandan sonra gicitkən yarpaqlarının dəmləməsi və ya 1 litr suya qatılmış 2 xörək qaşığı sirkə ilə yaxalanır.
Daxili mikozlar zamanı.
-
Hər səhər acqarına 1 diş kiçik sarımsaq diri şəkildə udulur.
-
Gün ərzində yeyilən yeməklərə sarımsaqla qarışdırılmış qatıq əlavə edilir.
-
Hərəsindən 100 qram boymadərən, çobanyastığı, dazıotu, qaraqınıq və zəncəfil qarışdırılır, qarışıqdan 2 xörək qaşığı termosda 3 stəkan qaynar suda dəmlənir. gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan qəbul edilir.
-
Axşamlar yatmazdan qabaq 1 xörək qaşığı təbii alma sirkəsi 1 stəkan ilıq suya qatılaraq içilir. Prosedur 1 ay aparılır.
-
2 litrlik şüşə bankaya 200 qram yulaf, 0,5 litr kefir və 1 litr də su əlavə edilir, bankanın ağzı tənziflə bağlanır və 3 gün isti yerdə saxlanandan sonra süzülür. Alınan qarışıq soyuducuda saxlanır və hər səhər 2 stəkan suya 3 xörək qaşığı qarışıq əlavə olunaraq gün ərzində içilir.
-
Vaginal kandidoz zamanı hər axşam uşaqlıq yolu Profemin çayının və ya gülümbahar çiçəklərinin dəmləməsi ilə yuyulur. Daha sonra gigiyenik tampon Fitooil Qara zirə yağında yarım saat saxlanır və uşaqlıq yoluna qoyularaq səhərə qədər saxlanır. Fitooil Qara zirə yağını istifadə etməzdən əvvəl su hamamında qaynatmaq tövsiyə edilir.