Dırnaq.
Köhnə bir deyimə görə, dırnaqlar üzərində əmələ gələn ağ ləkələr uğur, tünd ləkələr uğursuzluq əlamətidir. Bəs əslində dırnaq hansı əlamətlərdən xəbər verə bilər?
Yavaş böyümə
Dırnaqların sutkada uzanma norması 0,1 mm-dir. Hər hansı səbəbdən dırnaq düşəndə və ya çıxanda yeni dırnağın çıxmasına 4-6 ay vaxt gedir. Onun böyümə sürətinə yaş, fəsil, irsiyyət kimi amillər də təsir edir, tez və ya yavaş uzanması patologiya əlaməti deyil.
Saat şüşəsinə bənzər dırnaqlar
Bəzən barmaqların ucları təbil çubuqlarını, dırnaqlar isə qabarıq forma alaraq saat şüşələrini xatırladır. Əhalinin 60 faizində onun səbəbini aydınlaşdırmaq mümkün olmasa da, qalan 40 faizində həmin dəyişiklik ağır patologiyadan xəbər verir. Həmin dırnaqlar ağciyərlərin xroniki xəstəlikləri, ürək qüsurları, qeyri-spesifik xoralı kolit, xroniki hepatit və hipotireoz zamanı baş verir.
Nöqtəşəkilli çökəkliklər
Nöqtəvari çökəkliklər psoriaz əlaməti olaraq meydana çıxır və çox vaxt psoriazın dəri formasında səmərəli olan müalicə dırnaqların dəyişikliyinə təsir etmir.
Qaşığabənzər deformasıya
Dırnağın qaşıq şəklində çökməsi koylonixiya adlanır və dəmir defisitli anemiyaya dəlalət edir. Dəmir daha çox qarabaşaq və bulqur kimi yarmalarda, yunan qabağı, kələm, ispanaq kimi tərəvəzlərdə, bəzi alma sortlarında, ən əsası isə qaraciyər və dalaqda olur. Dəmir C vitamini ilə daha asan sorulur. C vitamini sitrus, itburnu, bolqar bibəri, giləmeyvə, tərəvəz və göyərtilərdə daha çoxdur.
Boylama şırımlar
Dırnaqlar üzərində boylama şırımlar adətən yaşlılarda yaranır və hansısa xəstəliyin əlaməti olmur. Lakin dırnağın rəngi bozarırsa və şırımlar yaranırsa, bu, orqanizmdə B5, PP, selen maddələrinin çatışmazlığını göstərir. B5 vitaminini dənli bitkilər, toyuq əti, yumurta və brokkoli kələmindən almaq olar. Nikotin turşusu və ya vitamin PP isə orqanizmə günəbaxan tumları, qoz-fındıq, göbələklər, yumurta və süd, həmçinin ət və qəhvəyi düyü ilə daxil olur. Selen ehtiyatını bərpa etmək üçün zeytun, qara qarağat, kəpək və sarımsaq yemək tövsiyə olunur.
Dırnaq ətrafında şişkinlik
Dırnaq ətrafında şişkinlik və qızarma dırnaq batması nəticəsində və ya dırnaqların ehtiyatsız kəsilməsi, kəsik yerinə infeksiya düşməsindən yaranır. Dırnaq içəriyə, ətə doğru batanda cərrahi müdaxiləyə ehtiyac olur.
Qırılma
Bəzən yuyucu vasitələrlə uzun müddət təmas zamanı dırnaqlar qırılmağa başlayır. Ona görə də istər ev işləri, istərsə də sənayedə kimyəvi maddələrlə təmas zamanı əlcəklərdən istifadə etmək lazımdır. Lakin dırnaqların kövrəkləşməsi dəmir defisitli anemiya kimi xəstəliyin əlaməti də ola bilər.
Saralma
Siqaret çəkənlərdə dırnaqlar saralmağa daha çox meyilli olur. Bundan əlavə, xroniki ağciyər və limfa sistemi xəstəliklərində və göbələk infeksiyası zamanı da dırnaqlarda saralma baş verir. Onixomikoz – dırnaqların göbələk infeksiyası – ən geniş yayılmış xəstəlikdir. Daha çox ayaq, bəzən isə əl dırnaqlarında da olur. Dırnaq qalınlaşır, sərtləşir, saralır və şəffaflığını itirir. Estetik cəhətdən pis görünsə də ağrıya səbəb olmur.