Yaz fəsli allergik proseslərin baş qaldırması, allergik xəstəliklərin kəskinləşməsi dövrüdür. Fevral ayından başlayan allergik oyanmalar yay aylarına qədər davam edir. Ağacların çiçəkləməsi, tozlanma və s. kimi hallar allergik bronxitin kəskinləşməsində əsas rol oynayır.
Bronxit bronxların selikli qişasının iltihabi xəstəliyidir. Yaranma səbəbi infeksiya, müxtəlif növ toz və digər amillərdir. Bronxların selikli qişasında iltihab əmələ gətirən infeksion amillər bakteriya və viruslardır. Buna görə də infeksion bronxitlər bakterial mənşəli və virus mənşəli olmaqla iki qrupa bölünür. Bir sıra amillər və toksiki maddələr də bronxit xəstəliyini əmələ gətirir ki, buna da allergik bronxit deyilir. Allergik bronxitin törədiciləri müxtəlif növ antigenlər, toz, yun, çiçəklər və s.-dir. Bronxitin kəskin və xroniki olmaqla iki forması vardır.
Kəskin bronxit traxeya-bronx ağacının selikli qişasının kəskin diffuz iltihabıdır. Bu zaman bronxial ağacın selikli qişası şişkinləşir, ödemləşir, qatı bəlğəm ifraz olunaraq selikli qişaya yapışır, traxeya, bronx və bronxiolaların mənfəzini daraldır. Beləliklə, havanın ventilyasiyası və sərbəst tənəffüs pozulur.
Kəskin bronxitin səbəbləri:
1. Viruslar (qrip, paraqrip, adenovirus, rinovirus və s.)
2. Bakteriya (pnevmokokk, streptokokk, stafilokokk və s.)
Xroniki bronxit
Xroniki bronxitdə kəskin bronxitə nisbətən proses yalnız bronxial ağacda və yavaş gedir. Xroniki bronxitdə hipersekresiya müşahidə olunmaqla yanaşı, həm də bronxial ağacın özünümüdafiə və özünütəmizləmə funksiyası pozulur. Yəni yuxarı və aşağı tənəffüs yollarının selikli qişasının baryer funksiyası zəif olur. Tozların, müxtəlif çiçək tozlarının və toksiki maddələrin törətdiyi allergik, bakteriya və virusların törətdiyi infeksion bronxitlərin hər birində giriş qapısı yuxarı tənəffüs yollarıdır. Bronxitin ilk simptomu quru öskürəkdir və bu öskürək, əsasən gecələr çoxalır. Xəstəliyin davametmə müddəti on dörd gündür.
Quru öskürəklə başlayan xəstəlik yaş xırıltılı öskürəklə davam edir və öskürəyin xarakteri dəyişdikcə bədən hərarətinin yüksəlməsi baş verir. Bu zaman xəstədə ümumi yorğunluq, baş ağrısı da olur. Bir neçə gündən sonra bədən hərarəti düşə bilər, lakin öskürək davam edir. Əgər hərarətin və öskürəyin azalması müşahidə olunmursa, bu, o deməkdir ki, prosesə bakterial infeksiya qoşulmuşdur. Xəstəliyə bakteriya qoşulursa, geniş vüsət alaraq daha da ağırlaşır, nəticədə öskürək aylarla uzana bilir. Bu zaman bronxitin sağalması daha da uzun müddət tələb edir, bəzən aylarla davam edir və müalicəyə tabe olmur. Belə hallarla rastlaşanda pulmonoloqa müraciət etmək məsləhətdir.
Bronx ağacında hansısa qıcıqlandırıcı səbəbin olub-olmaması araşdırılmalıdır. Kəskin bronxit vaxtında və düzgün müalicə olunmazsa, xroniki bronxitə, xroniki bronxit isə vaxtında və düzgün müalicə olunmazsa, bronxial astmaya çevrilmə ehtimalı böyükdür. Bronxitin bütün növlərində şirin biyan kökü, dəvədabanı yarpağı, bağayarpağı yarpağı, kəklikotu və razyana kimi bitkilərdən və onların yığımından ibarət çayların dəmləməsindən geniş istifadə olunur və yüksək effekt əldə edilir. Bu bitkilərin duru ekstraktlarından hazırlanmış şərbətlərin də bronxitin müalicəsində əhəmiyyəti böyükdür. Teasept çayı, Teabronx çayı və Bronxonat şərbəti belə bitkilərin yığıntısından təşkil olunmuşdur ki, bronxitin müalicəsinə müsbət təsir göstərir.