Ağız qoxusu – halitoz (halitosis) nədir?
İnsan nəfəsində pis qoxuya səbəb ola biləcək bir çox faktor var. Ağız qoxusu həm kişilər, həm də qadınlar arasında kifayət qədər müşahidə olunur. Bəzi insanlar ağız qoxusundan xəbərsiz ola bilərlər. Ona görə də halitoz ətrafdakı insanlara daha da mənfi təsir göstərə bilər. Ağız qoxusu insanların təxminən 50%-ə qədərində müşahidə edilir. Böyüklərə nisbətən uşaqların 5-75%-də rast gəlinir.
Halitozun etiologiyasına görə 3 növü məlumdur:
- Oral halitoz
- Ekstraoral halitoz
- Keçici halitoz
Ağız qoxusu niyə yaranır?
Ağız qoxusuna nəfəsimizdəki uçucu qazlar səbəb olur. Bu qazlar əsasən kükürd birləşmələri, aromatik karbonlar, azot əsaslı birləşmələr, aminlər, yağ turşuları, spirt, keton və fenil qruplarıdır. Bunların arasında kükürd birləşmələri birinci yerdədir və bu qazlar ağzımızdakı bakteriyalar tərəfindən törədilir. Ketonlar isə daha çox ağciyərdən qaynaqlanan qoxuya səbəb olur.
Ağız qoxusunun (halitozun) səbəbləri
1. Oral halitozun səbəbləri hansılardır?
Ağız qoxusunun 90%-i ağız boşluğundan qaynaqlanır. Bu tənəffüs sistemi, həzm sistemi, ifrazat sistemi, yemək vərdişləri və istifadə edilən dərmanlarla əlaqədardır. Bakteriyalar isti və rütubət səbəbindən ağzımızda asanlıqla çoxalır. Ağzımızda təxminən 500 müxtəlif növ bakteriya yaşayır. Bunların bir çoxu pis qoxuya səbəb olan maddələr istehsal edir. Onlar əsasən dilin, dişlərin və diş ətinin səthində yaşayır. Onlar üzvi materialları yuxarıda qeyd etdiyimiz uçucu qazlara çevirir.
Ağız boşluğunun yalnış gigiyenası, qida qalıqları və diş ərpi bir müddət sonra diş və diş əti xəstəliklərinə səbəb olur, nəticədə ağız qoxusu getdikcə daha da şiddətlənir. Müalicə olunmayan diş çürükləri və onların yaratdığı boşluqlarda qida qalıqları toplanır və orada bakteriyaların sürətlə çoxalması üçün münbit şərait yaranır. Tüpürcək ağız gigiyenamızın qorunmasında çox mühüm rol oynayır. Tüpürcək ifrazının azalmasına səbəb olan amillər halitoza səbəb ola bilər. Antidepressant dərmanlar, hipotenziv dərmanlar, psixotik dərmanlar ağız quruluğuna səbəb ola bilər.
2. Ekstraoral halitozun səbəbləri hansılardır?
Halitoz 8% hallarda ekstraoral mənşəlidir. Burun və sinusların iltihabi xəstəlikləri ən vacib səbəblər arasındadır. Allergik rinit səbəbi ilə burun tutulmaları, burun polipləri və ya burun axıntısı olan insanlar tez-tez ağızdan nəfəs almağa üstünlük verdikləri üçün ağızda quruluq yaranır və qoxu əmələ gəlir.
Paranazal sinus xəstəlikləri sinuslarda iltihab, infeksiya və artan selik ifrazı ilə ağız qoxusuna səbəb ola bilər. Burun, burun keçidləri və qırtlaqdakı yad cisimlər ikincili infeksiyalara və halitoza gətirib çıxarır. Tənəffüs sistemindən qaynaqlanan mənbələr arasında, sinusit, yarıq damaq, burun və ya ağciyərlərdə yad cisimlər, şiş formasiyaları, tonzillit, amiqdaloid, bronxit ola bilər.
Həzm sistemi ilə bağlı səbəblər arasında trakt boyunca obstruktiv formasiyalar (pilorik stenoz, duodenal obstruksiya və s.), faringeal boşluqlarda qida qalıqlarının yığılması, mədə yırtığı (hiatal yırtıq), reflüks, malabsorbsiya sindromlarını saymaq olar. Qaraciyər çatışmazlığı, böyrək çatışmazlığı, leykemiyalar, diabetik ketoasidoz və menstruasiya pozulmaları da ağız qoxusuna səbəb ola bilər.
3. Halitozun keçici səbəbləri nələrdir?
Sarımsaq, soğan, ədviyyatlı yeməklər müvəqqəti ağız qoxusu yaradır. Alkoqol, tütün, uçucu qazın inhalyasiyası, xlor hidrat, disulfiram, amfetamin, nitritlər və nitratlar da ağız qoxusuna səbəb olur.
Ağız qoxusunun (halitozun) müalicəsi
Ağız qoxusu necə müalicə olunur?
Ağız qoxusunun səbəbi tam aydınlaşdırılsa, müalicə edilə bilər. Buna görə də ağız qoxusunun mənbəyini tapmaq çox vacibdir. Bir çox hallar ağız boşluğundan qaynaqlansa da, digər səbəbləri də nəzərdən qaçırmaq olmaz.
Ağız boşluğundan yaranan halitozda ağzımızdakı bakteriyaları azaltmaq üçün addımlar atılmalıdır. Diş və diş əti müalicəsi ilk addımdır. Antiseptik ağız qarqaraları çox faydalıdır.
Herba Flora şirkətinin Lorosept qarqara üçün məhlulu ağız boşluğu xəstəliklərinin müalicəsində əvəzsiz bir məhsuldur.
Lorosept sprey isə yuxarı tənəffüs yollarının halitoza səbəb olan xəstəliklərinin müalicəsində geniş istifadə olunur. Loroseptin həm qarqara, həm də spreyinin tərkibində antiseptik, iltihab əleyhinə, büzücü və regenerasiyaedici bitkilər vardır ki, halitoza səbəb olan ağız boşluğu və yuxarı tənəffüs yolları xəstəliklərinin tez bir zamanda sağalmasını təmin edir.
Ağız boşluğunun düzgün gigiyenası halitoza qarşı mübarizədə vacib amildir. Dişləri mütəmadi olaraq fırçalamaq, diş ipindən istifadə etmək, dişlər arasındakı boşluqları və dilin səthini təmiz saxlamaq çox vacibdir.
Tənəffüs, həzm və ifrazat sistemi xəstəlikləri, qaraciyər və böyrək çatışmazlığı hallarında yaranan halitozun müalicəsində müvafiq mütəxəssisdən məsləhət alınmalıdır.