Zirinc və faydaları

Zirinc və faydaları

Zirincin faydalı olduğu ta qədimdən insanlara məlumdur. Həm qida, həm də müalicəvi məqsədlə zirinc geniş istifadə olunan bir bitkidir. Bu bitki mütəmadi olaraq öz yarpaqlarını təzələyir. Əksər bitkilər yaz vaxtı yarpaqlayır, payızın sonuna doğru isə yarpaqları saralaraq tökülür. Onlardan fərqli olaraq zirincin yarpaqları töküldükcə yeniləri inkişaf edir. Zirincin hündürlüyü 3 metrə qədər olur. Qərbi Avropa, Orta Asiya ölkələrində, Türkiyə, Rusiya və İranda geniş yayılmışdır. Azərbaycanda isə bir çox rayonlarda düzənlikdən orta dağ qurşağına qədər ərazilərdə bitir. Yarpaqlarında 1,5% protoberberin qrupu alkaloidlər, flavanoidlər, fenolkarbon turşuları, sianidin, delfinidin peonidin, karotinoidlər və K vitamini müəyyən olunmuşdur. Zirincin yarpaqlarını qönçələmə və çiçəkaçma fenofazasında tədarük edirlər. Yarpaqların üzəri mum təbəqəsi ilə örtülüdür. Toplanmış xammalın özünəməxsus iyi və turş dadı vardır. Alkaloidlərin xammalda miqdarı 0,15%-dən az olmamalıdır. Zirincin köklərini isə payızda toplayırlar və onu doğrayıb qurudurlar.

Zirincin orqanizmə təsiri

Berberinin xammaldakı miqdarı 0,4%-dən az olmamalıdır. Berberin almaq üçün budaqlarından istifadə etmək daha məqsədəuyğundur. Köklərindən alınan berberin-sulfat preparatı sarı rəngli toz olub ödqovucu vasitə kimi istifadə olunur. Öd sintezinin və sekresiyasının pozulması ilə müşayiət olunan qaraciyər və öd yolları xəstəliklərində çox müsbət təsir edir. Xroniki hepatit, hepatoxolesistit, xolesistit, öd daşı xəstəliyində zirincin tətbiqi çox effektlidir. Adi zirincin yarpaqlarının tinkturası ödqovucu təsir göstərir. Həmçinin mamalıq təcrübəsində doğuşdan sonrakı dövrlərdə, uşaqlığın subinvolyusiyasında baş verən atonik qanaxmalarda, qadınlarda güclü mensturasiya qanaxmalarında tətbiq edilir.

Təbabətdə geniş təsir spektrinə malik olan zirinc erkən yaşlanmanın qarşısını alır. Vitamin C ilə zəngin olduğu üçün maddələr mübadiləsini sürətləndirir. Orqanizmin immunitetini yüksəldir. Güclü antioksidant olan zirinc qaraciyərin antitoksik fəaliyyətini qüvvətləndirir. Sərbəst radikalları neytrallaşdıraraq orqanizmdən xaric edir. Yağların parçalanmasında əsas rol oynayır və antilipid xüsusiyyətə malikdir. Zirincin əsas təsirlərindən biri də qanda xolesterolun səviyyəsini azaldaraq ateroskleroz əleyhinə təsir göstərmək və arterial təzyiqi aşağı salmaqdır. On səkkiz adda aminturşularla zəngin olan zirinc əzələlərin inkişafında əsas rol oynayır. Zirinc eyni zamanda antidepressantdır. Sakitləşdirici təsir göstərir. Zirinc faydalı orqanik turşular və vitaminlərlə zəngindir. Bu giləmeyvə ürəkbulanması zamanı yaxşı kömək edir, sidik yollarını təmizləyir, soyuqdəymə zamanı sağalmanı tezləşdirir.

https://fizulihuseynov.com/

https://herba-flora.com