Yaşıl mərci lap qədim zamanlardan qida rasionuna daxil olan bitkidir. Orta əsrlərdə Rusiyada əsas qida növü idi, hətta onun unundan çörək də bişirilirdi. Daha sonralar isə Avropa təbibləri mərcini bir sıra xəstəliklərin əlacı olan dərmanların tərkibinə daxil etmişlər.
Mərcinin yaşıl rəngli növü təkcə zülalla deyil, həm də nişasta ilə zəngindir – tərkibində 30 faizə qədər zülal, 60 faizə qədər nişasta var. Tərkibində olan B1, B2, B9 vitaminləri, dəmir, kalsium və fosfor kimi minerallar onu faydalı ərzaq məhsuluna çevirir. Onun tərkibindəki zülal ətin tərkibində olandan daha çoxdur.
Cücərmiş yaşıl mərci yarması orqanik dəmir mənbəyi olub qanda hemoqlobinin miqdarını artırır. Zəngin C vitamini mənbəyi olduğuna görə mərcimək qrip əleyhinə vasitə kimi istifadə olunur. Tərkibində kaliumun çoxluğu onu ateroskleroz və ürək ritminin pozulması zamanı faydalı edir. Mərcinin cücərtilərini anemiyanın müxtəlif formaları, uşaqlıqda qanaxmalar və qadınlarda menstruasiya zamanı qanitirmədə istifadə etmək müsbət nəticələr verir. Ağciyər vərəmi və sidik-cinsiyyət sistemi xəstəliklərinin müalicəsində, bronxitlərin və pnevmoniyaların qarşısının alınmasında, angina və soyuqdəymələrdən sonra mərcidən bərpaedici vasitə kimi istifadə olunur.
Yaşıl mərci maddələr mübadiləsini normalaşdırır və sinir sisteminin tam fəaliyyətini təmin edir, həzmi yaxşılaşdırır, ekzema və mədə xorasını müalicə edir. Onun tərkibində kobud sellüloza çox olduğuna görə xroniki enterit, kolit və pankreatitli xəstələrin xörəklərdə ondan ehtiyatla istifadə etmək məsləhət görülür.
Mərci müqaviməti artırır, immuniteti möhkəmləndirir, qanda xolesterolun miqdarını azaldır, ürək və beyin damarlarını xolesterol çöküntüsündən təmizləyir, halsızlığı və qan azlığını, aritmiyanı aradan qaldırır, qanda şəkərin səviyyəsini azaldır, böyrək daşlarının əridir, qan təzyiqini normalaşdırır, qaraciyər hüceyrələrini və qanı zərərli maddələrdən təmizləyir, sümükləri və sinirləri möhkəmləndirir, əzələ ağrılarını aradan qaldırır, babasili müalicə edir, antikanserogen və antioksidant təsir göstərir.Yaşıl mərcinin un və yarmasından kulinariyada və tibdə geniş istifadə edilir.