DƏFNƏ
Dəfnə həmişəyaşıl ağacdır, yay və qışda yarpaqları tökülmür, lakin may və oktyabr aylarında yığılan yarpaqları daha xeyirlidir. Dəfnənin yarpağı ət, balıq yeməklərinə, turşulara gözəl qoxu ilə yanaşı özünəməxsus dad da verir. Zəhərli dəfnə növləri olduğu üçün hansı növündən istifadə etdiyindən əmin olmaq lazımdır. Dəfnə yarpaqları A və C vitaminləri, həmçinin dəmir, manqan, kalsium, maqnezium kimi minerallarla zəngindir. Bitki yarpağının yağı qaraciyərdə olan ağrılara xeyirlidir. Həmçinin ondan təngnəfəslik və bronxial astma zamanı istifadə olunan dərman hazırlanır. Orqanizmi qüvvətləndirir, sidiyi qovur, toksiki maddələri və zəhərləri xaric edir. Allergiyaya meyilli şəxslərin və hamilə qadınların dəfnə yarpağından istifadə etməsi tövsiyə olunmur.
Reseptlər
Həzmsizlik və iştahasızlıqda qaynamaqda olan yarım litr suya, 200 qr dəfnə yarpağı 10 qr portağal qabığı tökülür. Beş dəqiqə vam odda qaynadılır, on dəqiqə oddan kənarda dəmləndikdən sonra süzülür. Balla qarışdırılır və hər yeməkdən qabaq bir stəkan içilir. Bədəndə qulunc və revmatizm ağrılarında dəfnənin meyvələri əzilir, balla qarışdırılaraq məcun halına gətirilir. Gündə 3 dəfə 1 çay qaşığından qəbul edilir. Bitki ağacının toxumlarını dəmləyib içəndə yaddaşı artırır. Bişirməsi ilə vanna qəbul etmək sidik kisəsi və uşaqlığın iltihabi xəstəliklərində xeyirlidir.10 qr dəfnə yağı 100 qr iç yağı ilə qarışdırılır, revmatizm və oynaq ağrıları zamanı ağrıyan nahiyyələrə sürtülür. Bitki toxumu ağızda çeynədikdə ağız qoxusunu aradan qaldırır. Yarpağının dəmləməsi qızdırma zamanı temperaturu aşağı salır, tərlədici təsir göstərir. Həmçinin yarpağının dəmləməsi şiddətli baş ağrılarına yaxşı təsir edir, baş ağrısını aradan qaldırır. 100 qr dəfnə yarpağı 1 litr suda qaynadılır. Gündə 3 dəfə 1 stəkandan qəbul edilir.
Bu üsul daha çox qrip və soyuqdəymədə istifadə olunur.100 qr dəfnə toxumuna bal əlavə edilərək qarışdırılır. Bu məcundan gün ərzində qaşıq-qaşıq yeyilir. Baş ağrılarına, miqrenə, revmatizmə,təngnəfəsliyə qarşı tətbiq olunur.
Kosmetoloji reseptlər
Dəfnədən hazırlanan şampun saç tökülməsinin qarşısını alır, saça yumşaqlıq, parlaqlıq verir. Antiseptik xüsusiyyətlərinə görə dəridə olan bakteriya və göbələkləri məhv edir. Dəfnənin sabunu gənclik sızanaqlarında istifadə olunur. Təbii qoxusu və antiseptik xüsusiyyətləri sayəsində dolablara və paltarların arasına qoyulduqda həşəratların orda qalmasına maneçilik törədir.