Məhsullarımız

Bitkilər

Dərman Bitkiləri Haqqında

Dərman bitkiləri ilə müalicə çox qədim tarixi köklərə əsaslanır. Dərman bitkiləri haqqında ilk məlumat hələ bizim eradan 6 min əvvəl indiki İran ərazisində məskən salan qədim şumer mənbələrində göstərilir. Dərman bitkiləri Qədim Misirdə müalicə məqsədilə çox geniş istifadə olunurdu. Dərman bitkilərinin müalicəvi xüsusiyyətləri ağızdan-ağıza, nəsildən-nəslə ötürülərək bu günümüzə qədər gəlib çatmışdır.

Loğman və təbiblər bir çox insan və heyvan xəstəliklərinin profilaktika və müalicəsində dərman bitkilərinin yabanı və mədəni növlərini geniş tətbiq edirdilər. Yer kürəsində 20000 növ dərman bitkisi vardır. Ərəb, hind, çin, tibet, iran xalq təbabətində və klassik tibdə dərman bitkiləri ilə müalicəyə xüsusi yer ayrılır. Dərman bitkiləri ilə müalicə sistemi fitoterapiya adlanır. Dərman bitkilərinin mualicəvi xüsusiyyətləri onların tərkibindəki bioloji aktiv maddələrə (alkoloid, flavonoid, kumarin, ksanten, qlikozid, vitamin) əsaslanır. Bu bioloji aktiv maddələr bilavasitə insan və heyvan orqanizminin fizioloji proseslərinə təsir edir, bir çox xəstəlik törədicilərini məhv edir.

Dərman bitkiləri xammal məqsədilə bitkilərin yarpaq, tumurcuq, ağac ve kolların qabıqları, ot bitkilərinin yerüstü hissələri, yarpaq, kök və kökümsovları istifadə olunur. Bu hissələr xüsusi quruducularda, kölgədə yaxud günəşdə, havada qurudulur. Bioloji stimulyatorlar, efir yağları, şirələr almaq üçün təzə yığılan bitkilərdən istifadə olunur. Dərman bitkilərinin klassifikasiyası onların insan orqanizminə təsirinə əsaslanır. Xalq təbabətində və müasir tibdə damotu, yemişan, məkkəgülü kimi bitkilər təzyiqsalıcı xüsusiyyətləri ilə ürək-damar sistemi xəstəliklərində tətbiq olunur.

Gülxətmi, dəvədabanı, şirin biyan, bağayarpağı bəlğəmgətirici, öskürəkəleyhinə xüsusiyyətləri ilə tənəffüs sistemi xəstəliklərində geniş istifadə olunur. Dərman bitkiləri məslən, pişikotu, passiflora, pion, dazıotu sedativ, yuxugətirici olduqları üçün sinir sistemi xəstəliklərində sakitləşdirici təsir edir. Eleuterokokk, exinaseya, evkalipt immunomodulyator, solmazçiçəyi, boymadərən ödqovucu, ləkəki alaqanqal qaraciyərqoruyucu, kövrək murdarça, zəyərək işlədici, aptek çobanyastığı, istiotlu nanə mədəqoruyucu, spazmolitik hesab olunur. Ayıqulağı, ortosifon, tozağacı, qatırquyruğu kimi antiseptik, sidikqovucu dərman bitkiləri böyrək-sidik yolları xəstəlikləri zamanı əvəzolunmaz effekt verir.

Adaçayı, gülümbahar, adi palıd qabığı, soğan, sarımsaq, cökə çiçəyi kimi dərman bitkiləri fitonsidlərlə zəngin olduğu üçün virus və bakterial mənşəli infeksion xəstəliklər zamanı həm virusəleyhinə, həm göbələk, həm də mikrobeleyhinə təsir edir.
Zəncəfil, darçın, sarıkök, zeytun kimi dərman bitkiləri isə qan şəkərini tənzimləyir, maddələr mübadiləsini yaxşılaşdırır.

Dərman bitkiləri ilə profilaktika və müalicəyə üstünlük verin! Uzun ömürlü və sağlam olun!