Kişi cinsi hormonları  

Kişi cinsi hormonları  

Kişi orqanizmində sintez olunan cinsi hormonlar onlara məxsus birincili və ikincili cinsi əlamətlərin inkişaf etməsində çox mühüm rol oynayır. Nəsil artımında kişi cinsinin məxsusi yeri vardır.

Kişi hormonları hansılardır?

Testosteron və dihidrotestosteron kişi hormonlarıdır. Dihidrotestosteron (DHT) testosteron hormonunun aktiv versiyası olan güclü metabolitin adıdır. DHT hormonu, əsasən alfa-5 reduktaza fermentinin iştirakı ilə ətrafdakı toxumalarda testosteronun çevrilməsindən alınır. Testosteron hormonunun aktivləşməsi və toxumalara androgen təsiri göstərməsi üçün alfa-5 reduktaza adlı fermentlə DHT hormonuna çevrilməlidir. Testosteron dihidrotestosteron (DHT) hormonuna tip-1 alfa-5 reduktaza və tip-5 alfa-5 reduktaza adlanan iki fermentin iştirakı ilə çevrilir. Bu çevrilmə olmadan testosteron bir çox toxuma və orqanda təsirli ola bilməz. Dihidrotestosteron (DHT) hormonu hamiləlik zamanı uşaqlıqda inkişaf edən dölün kişi cinsi xüsusiyyətlərini qazanmasını və kişi tipli cinsi orqanların inkişaf etdirməsini təmin edir.

DHT hormonu bətndəki dölün beyninə də çox müsbət təsir göstərir. Hələ ana bətnində olan dölün cinsiyyətinin, şəxsiyyətinin formalaşmasını təmin edir. Bundan başqa DHT hormonu yeniyetməlik dövründə ikincili cinsi əlamətləri və kişi nümunəsi kimi bir fərqliliyi yaradır. Beləliklə, yeniyetməlikdən əvvəl bir qızdan asanlıqla fərqlənə bilməyən oğlan getdikcə daha fərqli olur və uşaqlıqdan kişiliyə addım atır. Saqqal, bığ və bədənin bəzi nahiyələrində tükləri böyüməyə başlayır, səsi qalınlaşır, boyu uzanır, əzələ kütləsi artır, xarici cinsi orqanı böyüyür, testisləri (xayaları) sperma istehsal etməyə başlayır. Bütün bu fərqlilik, testosteronun DHT hormonuna çevrilməsi ilə baş verir.

DHT hormonunun bir başqa vəzifəsi də prostat vəzi toxumasının funksiyalarının davamlılığını təmin etməkdir. Bununla yanaşı DHT hormonu maddələr mübadiləsinə sperma istehsalından tutmuş aerobik tutumun artmasına qədər bir çox mühüm töhfə verir. DHT-nin kişi maddələr mübadiləsindəki funksiyaları ömür boyu davam edir. Bundan başqa testosteron və dihidrotestosteron hormonlarına genetik cəhətdən həssas olan insanlarda androgenetik alopesiya (kişi tipli keçəllik), sızanaq və prostat xəstəlikləri kimi sağlamlıq problemləri yarana bilir. Bu androgen hormonlarına genetik cəhətdən həssas olan insanlar dihidrotestosteron hormonuna daha çox həssasdırlar, nəinki testosterona. Testosteron hormonu da bu toxumalarda aktivdir, lakin DHT hormonundan daha zəif bir təsirə malikdir. Bəzi insanlar bu hormonlardan mənfi təsirlənsə də, bəzilərinin niyə təsirlənmədiyi tam olaraq bilinmir və hansı genlərin bu vəziyyətə səbəb olduğu araşdırılır. Yaş artdıqca kişi cinsi hormonlarının sintezi azalmağa başlayır ki, bu da bir sıra fizioloji proseslərin və xəstəliklərin inkişafına zəmin yaradır. Bunlar barədə sonrakı məqalələrimizdə danışacağıq.

https://herba-flora.com

https://fizulihuseynov.com/