Payız və qış fəslində ən çox istifadə edilən meyvələrdən biri də heyvadır. Demək olar ki, sentyabr ayının əvvəllərindən etibarən noyabrın sonuna, hətta dekabrın əvvəlinə qədər ağaclardan təzə heyva dərilir. Heyva ləzzətli, vitamin və minerallarla zəngin bir meyvədir. Olduqca gözəl görünüşə malik olmaqla yanaşı ürəkləri oxşayan çox təravətli ətri vardır. Heyva bir sıra xəstəliklərdən insan orqanizmini qorumaqla bərabər həm də toxluq hissi yaradır. Bu xüsusiyyətinə görə arıqlama məqsədi ilə tətbiq edilən pəhriz proqramlarında heyvadan geniş istifadə olunur. Eyni zamanda, pəhriz proqramından kənar da heyvanın toxluq hissi yaratması xüsusiyyətindən çox qadınlarımız əlavə kilo almamaq məqsədi ilə qidalarında davamlı istifadə edirlər. Həmçinin saç və üz dərisinin qulluğunda da əhəmiyyətli dərəcədə işlədilir. Sadaladığımız faydalarından daha önəmli xüsusiyyəti heyvanın immun sisteminə göstərdiyi stimuləedici təsiridir.
Heyvanın təbabətdə rolu
Xalq təbabətində heyvadan çox geniş şəkildə istifadə olunur. Müalicə məqsədi ilə heyvanın meyvəsi ilə yanaşı yarpaqlarından, ağacının qabığından və meyvəsinin içindəki toxumla birlikdə toxum yatağından da istifadə olunur. Heyvanın toxum yatağı seliklə çox zəngindir. Toxum yatağının toxumlarla birlikdə dəmləməsindən yuxarı tənəffüs yollarının iltihabı, bronxit, faringit və laringit kimi xəstəliklərin müalicəsində istifadə edirlər. Seliklə zəngin olduğu üçün bəlğəmin sekresiyasını sürətləndirir, durulaşdırır və xaric olmasını asanlaşdırır. Bundan başqa heyvanın antiseptik, antibakterial və antivirus təsirləri də tənəffüs sistemi xəstəliklərinin müalicəsində effektivdir.
Heyva C vitamini ilə zəngin olduğu üçün həm maddələr mübadiləsini sürətləndirir, həm də orqanizmin immunitetini gücləndirərək xəstəliklərə qarşı müqavimətini artırır. Dəmir, sink və bir çox başqa minerallarla zəngin olan heyva qan dövranını yaxşılaşdırır, saç dibini möhkəmləndirərək onun uzanmasını sürətləndirir. Heyva lifli meyvə olduğu üçün həzm sisteminə çox faydalıdır. Heyva həzm zamanı yaranan qida qalıqlarının və toksiki maddələrin xaric olmasını sürətləndirir və bağırsaqları təmizləyir. Orqanizmin cavanlaşmasına və təravətlənməsinə çox yaxşı təsir edir. Heyva yarpaqlarının dəmləməsi qaraciyər xəstəliklərində istifadə edilir. Belə ki, dəmləmə güclü antioksidant effekt verərək qaraciyərin antitoksik fəaliyyətini yaxşılaşdırır və orqanizmi toksinlərdən təmizləyir. Çox ləzzətli dadına və xoş ətrinə görə heyva fərqli bir meyvədir. Heyvanın qoxusu insana rahatladıcı, əsəbləri sakitləşdirici təsir edir və əhvali-ruhiyyəsini yaxşılaşdırır. Nə qədər çox yeyilsə də, qanda şəkərin səviyyəsini qaldırmır. Buna görə də şəkərli diabeti olan insanlar da rahatlıqla istifadə edə bilərlər.