Günvurma

Günvurma

Yay fəslinin yaxınlaşması və havaların istiləşməsi ilə əlaqədar olaraq əhali arasında günvurma və günəş yanığı hallarına tez-tez təsadüf olunur.
Günvurma yüksək hərarətin uzun müddət orqanizmə göstərdiyi zədələyici təsirdən sonra baş verən patoloji pozğunluqlara deyilir. Bu pozğunluqlar mədə-bağırsaq sistemində ürəkbulanma, qusma və ishal şəklində özünü büruzə verir. İştahasızlıq günvurma zamanı mədə-bağırsaq sistemi pozğunluqlarının əsas əlamətlərindən biridir.

Günvurma zamanı xəstədə əmələ gələn qusma və ishal tez bir zamanda orqanizmin su itirməsinə və hipovolemiyaya (susuzlaşma) gətirib çıxarır. Bu, orqanizmin çoxlu su itirməsi nəticəsində su-duz balansının pozulması halıdır. Bədəndə su itkisi olduğuna görə su-duz mübadiləsi və oksidləşmə-reduksiya reaksiyaları pozulur ki, nəticədə sadaladığımız simptomlarla qarşılaşırıq. Orqanizm həddindən artıq su itirdiyinə görə bütün hüceyrələr susuzlaşır və nəticədə öz funksiyasını yerinə yetirə bilmir. Bu zaman dərinin elastikliyi və turqorluğu itir və dəri boz torpaq rəngində olur. Vaxtında aparılan müalicə tədbirləri və orqanizmin su-duz balansının bərpası xəstəni xilas edir. Günvurmada ürək-qan damar sistemində taxikardiya, nəbzin tezləşməsi və sapvarı olması baş verir. Bundan başqa arterial təzyiqin yüksəlməsi, bəzi hallarda isə enməsi ola bilər.

Yay aylarında həddindən artıq tərləmə və günəş şüasının orqanizmə birbaşa, uzun müddət təsiri nəticəsində yaranan istivurma və ya günvurma zamanı mərkəzi sinir sistemi tərəfindən də ciddi simptomlar meydana çıxır. Kəskin baş ağrıları və başgicəllənmə ilə yanaşı müvazinətin itirilməsi və qulaqlarda küy də əmələ gəlir. Günvurma xəstənin emosional sferasında ciddi pozğunluqlara və yuxusuzluğa gətirib çıxarır. Dəridə əmələ gələn dəyişikliklər – suluq, qızartı və qabıqlanmalar şəklində olur.

İlk yardım

Günvurma zamanı xəstədə ümumi halsızlıq, zəiflik, adinamiya və iş qabiliyyətinin azalması baş verir. Günvurmanın yaranmaması üçün səhər saat 11:00-dan 16:00-a kimi günəş şüalarının altında gəzməkdən çəkinmək lazımdır. Xüsusilə bu saatlarda günəş şüalarının altında fiziki işlə məşğul olmaq heç məsləhət deyil. Şüaların orqanizmə mənfi təsirinin qarşısını almaq məqsədi ilə müxtəlif kölgəliklərdən, çətirlərdən istifadə etmək lazımdır. Günvurma zamanı tez və dəqiq aparılan müalicə nəticəsində xəstədə əmələ gələn bütün simptomları tamamilə aradan qaldırmaq mümkündür. Əgər günvurma baş veribsə və xarakterik simptomlar əmələ gəlibsə, xəstəni sərin bir yerə daşımaq, bədənini yaş mələfəyə bükmək və növbəti yardımı davam etdirmək lazımdır. Müalicə məqsədi ilə bitkilərdən pişikotu kökü, damotu, yemişan meyvəsi, dərman bədrəncotu və s.-dən istifadə etmək müalicənin effektini artırır.

https://herba-flora.com

https://fizulihuseynov.com/