Pielonefrit

Pielonefrit

Pielonefrit böyrək kasacıqları və ləyəninin iltihabi xəstəliyidir. Bu xəstəlik infeksiyanın birbaşa böyrəklərdə artıb-çoxalması, mikroorqanizmlərin orada məskunlaşması və sidik aparatını zədələməsi nəticəsində yaranan iltihabdır. İltihabın şiddətindən asılı olaraq böyrək çatışmazlığı və urosepsis dediyimiz vəziyyətə keçərək ölümlə nəticələnə bilər. Bu səbəbdən müalicəsinin tez və mükəmməl olması lazımdır.


Pielonefritin kəskin və xroniki olmaqla iki növü vardır. Kəskin pielonefrit zədələnmiş böyrəkdə şiddətli, yandırıcı ağrı, qızdırma, üşümə, ürəkbulanma və qusma kimi şiddətli simptomlarla özünü göstərir. Bundan əlavə, sistit ilə tez-tez sidiyəgetmə və bu zaman yanma kimi simptomlarla da üzə çıxa bilər. Xroniki pielonefritin gedişi isə daha çətindir: yüngül hərarət, ümumi halsızlıq, zədələnən tərəfdə davamlı ağrı, sidik ifrazının azalması və zamanında müalicə olunmazsa, inkişaf etmiş mərhələlərdə böyrək çatışmazlığı ilə özünü göstərir. Pielonefriti sadə və mürəkkəb olmaqla iki yerə ayıra bilərik. Sadə böyrək infeksiyasında ciddi bir şey yoxdur və müalicəyə çox tez tabe olur. Adətən kəskin bir infeksiya kimi davam edir. Digər tərəfdən, mürəkkəb pielonefrit, əsasən böyrək daşları, vərəm, anadangəlmə böyrək xəstəlikləri və böyrəklə əlaqəli digər problemlər kimi ciddi bir səbəbə görə ikincili olaraq inkişaf edir.

Pielonefritin fəsadları

Müalicə olunmazsa, böyrək çatışmazlığı ilə nəticələnə bilər. Böyrək infeksiyası zamanı əvvəlcə xəstədən yaxşı bir xəstəlik tarixçəsi alınmalı (anamnez toplanmalı) və sonra o, ətraflı müayinə edilməlidir. Sidik analizi, sidiyəgetmə rejimi də nəzərə alınaraq hərarət yüksəkdirsə, qan analizləri götürüldükdən sonra törədici mikroorqanizmə təsir edə biləcək antibiotik seçilib müalicəsi verilməli, ultrasəs və zəruri hallarda kompüter tomoqrafiya (KT) və maqnit rezonans tomoqrafiya (MRT) müayinələri aparılmalıdır. Pielonefrit böyrək kasacıqlarının və böyrək ləyəninin iltihabı olduğu halda, qlomerulonefrit isə böyrəyin funksional vahidi olan nefronların iltihabi xəstəliyidir. Böyrək iltihabı olaraq bilinən nefrit xəstəliyində böyrəyin funksional vahidi olan nefronlar prosesə cəlb olunur. Fərqli səbəblərdən inkişaf edə biləcək bu vəziyyət böyrək funksiyalarında ciddi bir azalmaya səbəb ola bilər. Burada böyrək yumaqcıqları zədələnərək filtrasiyanın pozulmasına gətirib çıxarır. Filtrasiyanın pozulması isə öz növbəsində mayenin bədəndə ləngiməsi və ödemlərin inkişafına yol açır. Böyrək xəstəlikləri birincili və ikincili olaraq da təsnifləndirilir.


Birincili pielonefrit müxtəlif səbəblərdən iltihabın birbaşa böyrək kasacıqları və böyrək ləyənində yaranmasıdır. Bunun əsas səbəblərindən biri soyuqlama faktorudur. İkincili pielonefrit isə yuxarı tənəffüs, sidik-cinsiyyət yollarının və digər sistemlərin xəstəliklərindən sonra ikincili olaraq inkişaf edir. Uşaqlarda hava-damcı infeksiyalarından sonra düzgün müalicə aparılmazsa, enən yolla ağırlaşma olaraq pielonefrit inkişaf edir. Bu hallara ikincili pielonefrit kimi tez-tez rast gəlirik. Xüsusilə angina, qızılca, skarlatina, tonzillit, difteriya və s. müxtəlif xəstəliklərin ağırlaşması kimi inkişaf edir.

https://fizulihuseynov.com/

https://herba-flora.com