Naxçıvan duzu

Naxçıvan duzu

Duz insan orqanizmi üçün faydalı əhəmiyyətə malik olan vacib komponentlərdən biridir. Hələ ötən əsrdə rus tədqiqatçısı Konstantin Nikitinin 1882-ci ildə Tiflisdə nəşr olunan bir məqaləsində Nuh peyğəmbərin duz mədənində çalışması və ətrafındakı insanlara duz çıxarmağı öyrətməsi göstərilir. Azərbaycanda duz mədənçiliyinin əsası Naxçıvan xanlığı dövründə Duzdağda duz çıxarılması zamanından qoyulub. Naxçıvan Duzdağ yatağı dünyanın qədim duz mədənlərindən biridir.

Naxçıvanda Duzdağ yatağından sənaye üsulu ilə duzun çıxarılmasına ilk dəfə 1927-ci ildən başlanılıb. Müəyyən edilmişdir ki, Naxçıvanda yerləşən bu yataqlardan çıxarılan duzun tərkibində natrium-xlorid 93-95%, həll olmayan quru qalıq isə 5% təşkil edir. Naxçıvan duzu qaya duzu olduğundan özündə 84 mineralı birləşdirən ən qiymətli və faydalı hesab olunur. Azərbaycan əhalisinin qidasının əsas tərkib hissəsi Naxçıvan duzudur desək, yanılmarıq. Duz orqanizmdə olan bütün mayelərin o cümlədən qan, limfa, hüceyrəarası maye, tər, gözyaşı, hətta öd mayesinin tərkibinə də daxildir. Duzun tərkibindəki natrium elementi orqanizm tərəfindən sintez olunmur. Natrium orqanizm üçün vacib qida maddəsi hesab olunur. Belə ki, bu maddənin orqanizmdə konkret dozada olması su-duz balansını qoruyub saxlayır.

Orqanizmdə duz çatışmazlığı

Onun orqanizmdə çatışmazlığı bütün hüceyrələrin qida maddələri və oksigen ilə təminatını azaldır, həm də sinir impulslarının ötürülməsi zəifləyir. Natrium ürək və skelet əzələlərinin fasiləsiz işləməsini təmin edir. Natrium-xlorid bir çox mübadilə proseslərində iştirak edir. Onun ən əsas xüsusiyyəti su molekullarını özünə birləşdirməsi, əzələlərin yığılmasında və hormonların sekresiyasında iştirak etməsidir. Duz qırmızı qan hüceyrəsi olan eritrositlərin formalaşması üçün xüsusi şərait yaradır. Mədədə isə qidanın həzmində iştirak edən xlorid turşusunun yaranmasında iştirak edir. Duz orqanların funksiyalarının düzgün yerinə yetirilməsi üçün orqanizmdə sabit elektrolit balansını və sağlam hidrotasiyanı təmin edir. Hüceyrələr, toxumalar və əzələlər susuz fəaliyyət göstərmir, məhz bu səbəbdən duz onların tərkibində lazımi miqdarda rütubətin saxlanmasını təmin edir. Fiziki aktivliyi çox olan, ələlxüsus da idmanla məşğul olan insanlar tər vasitəsi ilə çoxlu miqdarda duz itirdiyinə görə bədənin ona olan tələbatı da artır. Bədənin susuzlaşması əzələ spazmına, başgicəllənməyə və yorğunluğa gətirib çıxarır. Naxçıvan duzunun tərkibində natriumun yüksək miqdarda olması arterial təzyiqin sabit qalmasına səbəb olur, hipotoniya riskini aradan qaldırır. Sağlam insanın gündəlik duz tələbatı 5-6 qramdır. Duzun normal miqdarda qəbulu sağlamlıq baxımından zəruridir. Çox duzlu qida isə orqanizmə zərər verə, ömrü qısalda bilir.

https://fizulihuseynov.com/

https://herba-flora.com