Meyvə və tərəvəzlərin düzgün yuyulması

Mündəricat

Yaz-yay fəslinin başlaması ilə əlaqədar olaraq bütün ailələrin qida rasionu dəyişir. Təzə lətli-şirəli meyvə və giləmeyvələrin, tərəvəz və göyərtilərin yetişməsi məhz bu fəsillərə təsadüf edir. İstifadə edilən qidanın yalnız dadı deyil, faydalı olması da önəmlidir. Bunun üçün meyvə və tərəvəzlərin harada və necə yetişdirilməsi qədər, onların hansı şəraitdə saxlanılması və düzgün yuyulması da vacibdir. Meyvə, giləmeyvə və tərəvəzlərin axar su altında, şırnaqla yuyulması zəruridir. Belə yuyulan ərzaqlar səthlərində yerləşən torpaqdan, qumdan və qismən mikroorqanizmlərdən təmizlənir.

Belə yuyulma qida məhsullarını onların yetişdirilməsi zamanı xəstəliklərə və bitki zərərvericilərinə qarşı püskürtmə şəklində istifadə olunan zəhərli kimyəvi maddələrdən də təmizləyir. Yuyulma zamanı adi aşsüzən, meyvə və tərəvəzləri yumaq üçün xüsusi süzgəclərdən istifadə olunur. Xarici meyvə və tərəvəzlərin səthini örtən parafindən azad etmək üçün onları sabunlu suda fırça ilə çoxlu yumaq lazımdır. Göyərtilər (kahı, şüyüd, keşniş, vəzəri, tərxun, kəvər, reyhan, cəfəri, soğan və sarımsağın yaşıl hissələri, turp) köklərindən və bərk budaqlarından, zədələnmiş və saralmış yarpaqlarından təmizlənərək soyuq suda yuyulur. Yuyulan qabın suyu 2-3 dəfə dəyişdirilir, daha sonra göyərtilər axar su altında yaxalanır.

Meyvə və tərəvəzləri necə yumalıyıq?

Bəzi tərəvəzlərin, xüsusilə gül kələmi, kolrabi, ənginarın səthində adi xırda cücülər olur. Onları cücülərdən təmizləmək üçün ilk növbədə qaynatmadan 5-10 dəqiqə əvvəl duzlu suda saxlamaq lazımdır. Bu zaman həşəratlar üzə çıxır və onları su ilə birlikdə süzmək olur. Bu məqsədlə onları yarım saat müddətinə sirkə əlavə olunmuş soyuq suda da saxlamaq lazımdır. Yaxşı olar ki, bir litr suya 1 xörək qaşığı sirkə əlavə olunsun. Kartof, yerkökü, çuğundur, turp və qıtıqotu (xren) ilıq suda isladılır və bir az saxlanılır. Daha sonra fırça ilə torpağı yuyulur, bundan sonra tərəvəzlər əvvəlcə ilıq, ardınca soyuq suda yuyularaq qabığından təmizlənir. Pomidor, xiyar, badımcan, bibər, boranı, lobya və noxud isə axar su altında əllə və yaxud fırça ilə yuyulur. Soyuq qəlyanaltılar üçün istifadə olunan çiy göyərti və tərəvəzlər heç bir termiki işləməyə məruz qalmadan 3%-li sirkə turşusu məhlulu, yaxud 10%-li xörək duzu məhlulunda saxlanılır və 10 dəqiqə ərzində axar su altında yaxalanır. Limon, naringi, portağal, qreypfrut və digər sitrusları qaynar su buxarı ilə (səthindəki konservantlardan təmizləmək üçün) təmizləmək lazımdır. Daha sonra isə soyuq, axar su altında yuyulmalıdır.

Meyvə və tərəvəzlərin yuyulmasında istifadə olunan vasitələr

Qarpız və yemiş axar su altında əllə və ya fırça ilə yuyulur. Qalan meyvələr (alma, armud, gavalı, ərik, banan, nar və s.) axar su altında sabunlu su ilə yuyulsa daha təmiz olur. Ananası yarpaqları ilə bir yerdə axar su altında yuyub qurutmaq tövsiyyə olunur. Giləmeyvələri də çoxlu yumaq lazımdır. Onları aşsüzəndə yumaq daha rahatdır. Bir-iki dəqiqə ərzində onları su ilə dolu qaba tökmək və ehtiyatla silkələmək lazımdır. Giləmeyvələri kiçik porsiyalarla yumaq və hər porsiya üçün suyu yeniləmək mütləqdir. Daha sonra giləmeyvələr axar su altında yuyuyur və 10-15 dəqiqə ərzində qurudulur. Yumazdan öncə əzilmiş, çürümüş, yetişməmiş, çox yetişmiş və ziyanvericilər tərəfindən zədələnmiş giləmeyvələr seçilib tullanmalıdır. Giləmeyvələri nə uzun müddət yumaq, nə də uzun müddət suda saxlamaq olmaz. Bu zaman onların tərkibindəki aromatik maddələr və şəkər tez bir zamanda suya keçir. Yuyulmuş giləmeyvələri tez bir zamanda yemək lazımdır, əks halda onlar tez çürüyür. Sağlam qidalanın, sağlam olun!

https://fizulihuseynov.com/

https://herba-flora.com

Yazıda adı keçən bitkilər aşağıdakı məhsullarımızda mövcuddur:

Heç bir nəticə tapılmadı.