Çiçəkli bitkilər çiçək tozu vasitəsi ilə çoxalır. O, müxtəlif rənglərdə və formalarda olur. Çiçək tozunun rəngi onun hansı bitkilərdən toplanmasından asılı olaraq dəyişir. Ən çox qızılı-sarı rəngdə təsadüf olunur. Çiçək tozu zülal və minerallar ilə zəngin bir maddədir. O, bal arıları tərəfindən toplanır. Arılar bu yolla pətəyə çiçək tozunu daşıyaraq bala arıların zülal təlabatını ödəyir. Bal arıları tərəfindən toplanan çiçək tozları daha sonra insanlar tərəfindən yığılır və qida maddəsi kimi istifadə olunur. Həmçinin bal sintezində iştirak edir.
Bəzi qaynaqlara görə Osmanlı mətbəxində çiçək tozu bal ilə birgə istifadə olunurdu. Bir arı pətəyinə gün ərzində 15 dəfə çiçək tozu buraxılır. İşçi arılar çiçək tozunu həm arı pətəyini qorumaq, həm də balaları böyütmək üçün istifadə edir.
Çiçək tozunun tərkibində 11-35% protein, 20-39% karbohidrat, 1-20% lipid, makroelement (K, Ca, P, Fe, Mg), mikroelement (Mn, Cr, Zn və s.), A, C, D, E, B qrupu, P, PP, K vitaminləri, bütün əvəzedilməz amin turşuları, fitohormonlar və 3-4% su vardır.
Çiçək tozu xəstəliklərə qarşı orqanizmin müqavimətini artırır, immun sistemi möhkəmləndirir, maddələr mübadiləsini sürətləndirir. O, həm də fiziki və əqli iş qabiliyyətini artırır, mikrobəleyhinə təsir edir, virus və göbələkləri məhv edir. Çiçək tozunun faydaları bununla da bitmir. Lipid-yağ mübadiləsini sürətləndirərək qanda xolesterin səviyyəsini aşağı salır, qanın laxtalanmasını isə azaldır. Onun həm də cavanlaşdırıcı xüsusiyyəti var, dərinin vəziyyətini yaxşılaşdırır. Eyni zamanda stresə qarşı davamlılığı artırdığı üçün yorğunluq, əsəb gərginliyi, depressiyalar zamanı çox faydalıdır. O, həmçinin uzunmüddətli xəstəliklər (onikibarmaq bağırsağın qastrit və xorası, kolit və enterit, xroniki hepatit, prostatit, anemiya, saç tökülməsi, dermatit, hipo- və avitaminozlar), həm də hamiləlik zamanı, cərrahi əməliyyatlar nəticəsində zəifləmiş orqanizmin bərpası üçün məsləhət görülür.