Uşaqlıq boynu eroziyası
Uşaqlıq boynu eroziyası uşaqlıq boynunun “vagina” adlanan hissəsinin selikli qişasının tamlığının pozulması nəticəsində yaranır. Bu zaman uşaqlıq yolunun epitel qişası zədələnir. Yara sahəsinin dibi çoxqatlı yastı epiteli toxumasından daha aşağıda yerləşir və aydın sərhədlə xarakterizə olunur.
Bəzən uşaqlıq boynunda yaranmış istənilən qızartını eroziya kimi qəbul edirlər. Lakin yuxarıda da qeyd etdiyimiz kimi uşaqlıq boynu eroziyası yalnız uşaqlıq boynunun silindrik epitel qatının daxili səthinin onun xarici səthinə keçməsi ilə xarakterizə olunur ki, bu nahiyədə yalnız çoxqatlı yastı epitel toxuması olmalıdır. Uşaqlıq boynu eroziyası qadın xəstəlikləri arasında ən geniş yayılan və tez-tez rastlanan diaqnozdur.
Uşaqlıq boynu eroziyasının yaranma səbəbləri
Erkən yaşda cinsi əlaqə, müxtəlif iltihabi proseslər (uşaqlıq yolunun süzənək, herpes, xlamidioz, disbakterioz, İPV kimi xəstəlikləri), uşaqlıq boynunun yumşaq toxumasının mexaniki zədələnmələri (abort, doğuş, əməliyyat və s.), hormonal disbalans kimi vəziyyətlər uşaqlıq boynu eroziyasının yaranmasına səbəb ola bilər. Uşaqlıq boynu eroziyasının özünəməxsus simptomları olmasa da, bir çox qadınlar ginekoloqa ya aybaşılar arası dönəmdə, ya da cinsi əlaqədən sonra qanlı ifrazatın olması şikayəti ilə müraciət edirlər.
Bəzən də cinsi əlaqə zamanı qadınlarda ağrı hissiyyatının yaranması, yaxud selikli-irinli ifrazatın gəlməsi uşaqlıq boynu eroziyası haqqında düşünməyə əsas verir. İlkin diaqnoz qadına ginekoloq tərəfindən ginekoloji baxış və ginekoloji kresloda müayinə zamanı qoyulur. Daha sonra xəstəyə müxtəlif mikrob və virusların (ureoplazma, trixomonada, İPV və s.) PZR testi edilir. Sonrakı mərhələdə uşaqlıq boynunun selikli qişasından biomaterial götürülərək sitoloji müayinəyə göndərilir.
Uşaqlıq boynu eroziyasının diaqnostikası zamanı ən geniş yayılmış müayinə metodlarından biri də uşaqlıq boynuna xüsusi alətlə baxış, başqa sözlə desək kolposkopiyadır. Belə ətraflı müayinə metodları həkimə xəstənin uşaqlıq boynu selikli qişasının vəziyyəti və xəstəliyin yaranma səbəblərini daha dəqiq tədqiq etməyə kömək edir.
Uşaqlıq boynu eroziyasının müalicəsi
Uşaqlıq boynu eroziyası diaqnozu qoyulan hər bir qadın mütləq kompleks müalicə almalıdır ki, əldə edilən nəticə qənaətbəxş olsun. Ginekoloq tərəfindən təyin edilən kompleks müalicə xəstəliyin yaranma səbəbindən, eroziya ilə zədələnmiş sahənin həcmindən, xəstənin yanaşı infeksiyalarının olub-olmamasından asılı olaraq dəyişir. İlkin mərhələdə xəstəyə müxtəlif iltihab əleyhinə, antibakterial, antiviral, hormonal, immunostimulyator dərman preparatları təyin olunur.
Qadının uşaqlıq boynu xüsusi yandırıcı təsirə malik preparatlarla işlənir ki, bu metod kimyəvi koaqulyasiya adlanır. Bu zaman uşaqlıq boynu toxumasında regenerasiya prosesləri sürətlənir. Geniş yayılmış müalicə metodlarından biri də kriodestruksiyadır. Adından da göründüyü kimi uşaqlıq boynunun zədələnmiş nahiyəsi maye azotla işlənir, bu da həmin sahənin “donmasına” gətirib çıxarır. Nəticə etibarilə bu metod həmin nahiyədə yeni toxumanın inkişafına təkan verir.
Lazerokoaqulyasiya adlanan bir müalicə metodu da geniş tətbiq olunur. Belə ki, zədə nahiyəsi lazer şüalarının təsirinə məruz qalır. Ümumiyyətlə, uşaqlıq boynu eroziyası qısa müddət ərzində kompleks müalicə tədbirləri ilə tez sağalan bir xəstəlik hesab olunur.