Üz sümüklərində olan boşluqların özünəməxsus funksiyası vardır. Haymor boşluğunu, alın və burun ciblərini buna misal göstərmək olar. Burunətrafı ciblərin əsas funksiyası tənəffüs zamanı havanın isinməsinə xidmət etmək və nitqin formalaşmasına müəyyən dərəcədə təsir göstərməkdir. Bir sıra xəstəliklər vardır ki, sonda bu ciblərin iltihabına – sinusitə gətirib çıxara bilir. Yuxarı tənəffüs yollarının kəskin respirator xəstəliyi, zökəm, qrip, eləcə də burun boşluğunun polipi kimi xəstəliklər sinusitin əmələ gəlməsini təmin edirlər. Bu xəstəlik diş kariesi və üst çənə sümüyünün iltihablaşmasından da yarana bilər.
Sinusit kəskin və xroniki olur. Üz sümüklərində yerləşən sinuslarda xırda kanallar vardır ki, hər hansı infeksiya zamanı həddindən artıq ifraz olunan ekssudat həmin kanallar vasitəsi ilə axıb xaric olur. Sinusit əksər hallarda Kəskin Respirator Xəstəliklərin ağırlaşması kimi meydana çıxır. Düzgün və vaxtında müalicələr aparılmadıqda sinuslardakı həmin xırda kanallar tutulur və çox miqdarda ifraz olunmuş ekssudat xaric ola bilmir. Xaric olma bilməyən ekssudat zamanla qatılaşaraq həmin sinusların daxilində kistalara çevrilir. Bütün bunların müqabilində sinusit xəstəliyi inkişaf edir. Bəzən müalicə nəticəsində bəzən də öz-özünə sinus kanalları açılır və ifraz olunan ekssudat axıb xaric olur. Bu da xəstəliyin sağalmasına gətirib çıxarır.
Kəskin sinusit zamanında və uyğun müalicə olunaraq sağalma ilə nəticələnir. Əks halda xroniki sinusitə çevrilir. Allergik xəstəliklər də sinusit xəstəliyinin yaranmasına zəmin yaradır. Xəstəliyinin əsas simptomları baş ağrısı, üz sümüklərinin ağrısı, üzdə ödem və şişkinlik, hərarət, burun tutulması, nəfəsdə pis qoxunun olması, burundan pis qoxulu ifrazat, gözlərdə ağrı, iybilmə qabiliyyətinin itməsi və ümumi halsızlıqdır. Xroniki sinusit soyuqlama və immunitetin enməsi nəticəsində asanlıqla kəskinləşir. Bəzən uşaq yaşlarında yaranan sinusit böyüdükcə sinus kanallarının genişlənməsi səbəbindən öz-özünə sağalır. Sinusitin Maxillyar, Frontal, Etmoidal, Sfenoidal formaları vardır. Maxillyar sinusit üst çənə sümüyünün daxili səthində olan haymor boşluğunun iltihabıdır ki, buna haymorit də deyilir. Frontal sinusit alın sümüyünün aşağı kənarında gözlərin üstündəki boşluqların iltihabıdır. Bu zaman yerli olaraq həmin nahiyələrdə kəskin ağrılar olur. Etmoidit baş ağrısına, gözlər arasında ağrıya və təzyiqə səbəb olur. Sfenoidal sinusit zamanı isə gözlərin arxasında təzyiq və gözlərdə ağrı olur. Bu xəstəliklərin müalicəsi ilə həkim-otorinolorinqoloqlar məşğul olurlar.
Müalicə
Müalicədə geniş spektrli antibiotiklərdən və müxtəlif yerli vasitələrdən istifadə olunur. Ev şəraitində evkalipt, adaçayı, gülümbahar və cökə kimi bitkilərdən həm daxilə, həm də inhalyasiya şəklində istifadə etmək, burun dəliklərinə Ud hindi yağı damızdırmaq olar. Bu bitkilərin dəmləməsindən sinusların yuyulmasında antiseptik məhlul kimi istifadə etmək faydalıdır.