Qarın ağrısı, qızdırma və ishal kimi simptomlarla özünü göstərən salmonella haqqında bilmək çox vacibdir. Salmonella xəstəliyinin səbəbləri, simptomları və müalicəsi haqqında topladığımız biliklər isti yay günlərində özümüzü və uşaqlarımızı bu xəstəlikdən qorumağımıza kömək edəcək.
Qida zəhərlənməsinin ən çox rastlaşdığımız səbəblərindən biri olan salmonella infeksiyası (salmonellyoz) bağırsağın mənfəzində inkişaf edən, mədə-bağırsaq sistemini zədələyən və həzmi pozan ümumi bir bakterial xəstəlikdir. Salmonella bakteriyası, ümumiyyətlə heyvan və insanların bağırsaqlarında yaşayır və nəcislə xaric olur. İnsanlara ən çox çirklənmiş su və ya yemək yolu ilə yoluxur.
Salmonellyoz əlamətləri:
Tipik olaraq, salmonella infeksiyası olan insanları ilk baxışdan tanıdan xüsusi əlamət yoxdur. Ümumi əlamətlərdən 8 ilə 72 saat arasında ishal, hərarət və qarın ağrısı inkişaf edir. Əksər sağlam insanlar spesifik müalicə olmadan bir neçə gün ərzində sağalır. Salmonellyozun əlamətləri mədə virusunun əlamətlərinə bənzəyir. Salmonella simptomlarına ishal, qızdırma, titrətmə, qarın ağrısı, qusma (bəzən), baş ağrısı, nəcisdə qan kimi əlamətlər daxildir.
Salmonella xəstəliyinə yoluxsanız, bu simptomlar bakteriyalarla təmasdan 12-72 saat sonra görünür. 4-7 gün davam edir və müalicə olmadan spontan şəkildə aradan qalxır. Salmonella infeksiyası bəzən, xüsusilə körpələrdə, yaşlılarda və ya immuniteti zəif olan insanlarda daha ciddi və ağır bir xəstəlik kimi özünü göstərə bilər. Diareya o qədər ciddi ola bilir ki, insanda dehidratasiyanın (orqanizmin su itkisi) qarşısını almaq məqsədi ilə xəstəxanaya yerləşdirilməsi vacib olur. İnvaziv salmonella infeksiyası qan dövranında görünə və beyinə, sümüklərə və ya oynaqlara yayıla bilər.
Nadir hallarda, salmonellyoz xəstələrində reaktiv artrit inkişaf edir. Reaktiv artrit zamanı oynaq ağrıları, ağrılı sidik ifrazı və gözlərin qıcıqlanması kimi simptomlar müşahidə edilə bilər.
Bir neçə növ salmonella bakteriyası bəzi inkişaf etməkdə olan ölkələrdə daha çox rast gəlinən, bəzən ölümcül bir xəstəlik olan tifo qızdırmasına səbəb olur. Salmonellyoz xəstəliyinə heyvan nəcisində və yoluxmuş xəstələrin nəcisində olan Salmonella sistaları səbəb olur. Əksər insanlar qida mənşəli salmonella infeksiyasını çiy və ya az bişmiş quş əti və ya ətlə əlaqələndirirlər, lakin bakteriyalar bişməmiş və ya yuyulmamış meyvə və tərəvəzlərdə də ola bilər. Yemək bişirən evdar qadınlar və aşpazlar, hamamdan istifadə etdikdən sonra əllərini düzgün yumazlarsa, salmonellanı qidaya yaya bilərlər. Salmonellyoz xəstəsindən törədicilər simptomlar olmadan 48 saat ərzində başqalarına yoluxa bilər.
Salmonellyoz riski ən yüksək olan körpələrdə, 5 yaşdan kiçik uşaqlarda, 65 yaşdan yuxarı böyüklərdə və immuniteti zəif olanlarda ciddi fəsadlara səbəb ola bilər.
Ümumiyyətlə, salmonella üçün heç bir müalicə tələb olunmur. Susuzluğun qarşısını almaq məqsədi ilə ishal olduğunuz zaman bol su və ya elektrolit məhlulu qəbul etmək vacibdir. Meyvə şirələri və qazlı içkilərdən imtina edilməlidir, çünki onlar ishalı daha da pisləşdirə bilər. Bakteriyalar qan dövranına daxil olmadıqca, antibiotiklərə ehtiyac yoxdur.