Retina nədir?
Retina görməni təmin edən, işığa həssas hüceyrələrlə sinir liflərindən ibarət olan təbəqədir. Göz almasının arxa iç divarını əhatə edən retina milyonlarla görmə hüceyrəsi və onların bağlı olduğu sinir hüceyrələrindən ibarətdir. Həmin sinir hüceyrələrinin çıxıntıları birləşərək görmə sinirini əmələ gətirir. Retinadakı dəyişiklik, görüntünün yaranmaması, görmə sinirindəki pozğunluq isə görüntünün beyinə çatmaması ilə nəticələnir. Retinaya ən çox təsir edən xəstəliklər şəkərli diabet və hipertoniyadır.
Diabet insulin ifrazının və ya təsirinin yetərli olmaması səbəbindən qanda şəkərin yüksəlməsiylə nəticələnən metabolik xəstəlikdir.
- 1-ci tip diabet uşaq və gənc yaşlarda başlayır və insulin sintez olunmur.
- 2-ci tip diabet 40 yaşdan sonra üzə çıxır, insulin ifrazı və ya toxumalara utilizasiyası ləngiyir.
Qanda şəkərin uzun müddət yüksək olması xüsusilə damarla zəngin olan böyrək, sinir toxumasına və gözə təsir edir. Diabet gözün sinir təbəqəsi retinaya və həmin təbəqədəki damarlara təsir edərək onun fəaliyyətini pozan və görmənin itirilməsinə səbəb olan xəstəlikdir.
Diabetlə bağlı retina xəstəlikləri diabetik retinopatiya adlanır. Diabetik göz xəstəlikləri içərisində ona daha çox rast gəlinir və böyüklərdə korluğa gətirib çıxarır. İstər 1-ci tip (insulinə bağlı), istərsə də 2-ci tip (insulinə bağlı olmayan) diabetdə xəstəlik nə qədər çox davam edirsə, qan şəkəri nə qədər nəzarətsiz qalırsa, retina dəyişiklikləri və damar zədələnmələri də o qədər erkən baş verir. Diabetik retinopatiyanın nonproliferativ və proliferativ formaları var.
Nonproliferativ diabetik retinopatiyada retina damarlarının tutulması və damar divarlarının tamlığının pozulması, qan elementlərinin retinaya sızması ilə retina içi qansızmalar görünür. Makulada (mərkəzi görməni təmin edən retina bölgəsi) maye sızması nəticəsində bulanıq görmə meydana çıxır və onu makula ödemi adlandırırlar. Proliferativ diabetik retinopatiyada qidalanma pozğunluğuna cavab olaraq retinada yeni damarlar meydana gəlir. Həmin damarlardan ani göziçi qansızmalar olur və bunun nəticəsində xəstələr görmə qabiliyyətlərini itirirlər.
Diabetik retinopatiyanın dörd mərhələsi var:
- Başlanğıc mərhələdə meydana gələn mikroanevrizmalar retinanın qan damar divarındakı baloncuqlardır.
- Orta proliferativ olmayan retinopatiya. Xəstəlik inkişaf etdikcə retinanı qidalandıran qan damarları tutulur. Şiddətli proliferativ olmayan retinopatiya mərhələsində tutulan, daralan damar sahələrində qidalanma pozulur, həmin sahələrdə yeni damarlar meydana gəlir.
- Proliferativ retinopatiya ən son mərhələdir. Yeni yaranan damarlar anormal quruluşlu olur və asan qanayır. Damarların qanaması görmənin itirilməsinə, hətta korluğa gətirib çıxara bilər.
Diabetik retinopatiyası olan xəstələrdə xəstəliyin başlanğıcında bəzi görmə problemləri ortaya çıxa bilər. Xəstəlik inkişaf etdikcə
görmə şikayətləri artır və ciddi retina dəyişiklikləri meydana çıxır. Retinopatiya adətən hər iki gözdə yaranır.
Diabetik retinopatiyanın səbəbləri
- Diabetik retinopatiyanın meydana gəlməsində rol oynayan ən vacib risk faktoru diabet xəstəliyinin müddətidir. Diabet diaqnozu qoyulan xəstələrdə ilk 10 ildə retinopatiya yaranma riski yüksək olur. İlk 20 ildə I Tip diabetli xəstələrin təxminən hamısında, II Tip diabetli xəstələrin 60 faizindən çoxunda retinopatiya yaranır.
- Digər səbəb qanda şəkərə nəzarət olunmamasıdır. Qan şəkərinin yüksəlib düşməsi retina zədələnməsini və xəstəliyin yaranmasını asanlaşdırır.
- Hamiləlik, hipertoniya, qanda lipidlərin yüksəlməsi və böyrək xəstəlikləri retinopatiyanı ağırlaşdıran digər faktorlardır.
Diabet retinada kiçik damarların tamlığını, keçiriciliyini pozaraq maye və yağlı maddələrlə kiçik damarların tutulmasına, qidalanmayan bölgələrin meydana gəlməsinə səbəb olur. Retinada öz-özünə qanaya bilən yeni damarlar meydana gəlir. Retinanın önündə və arxasındakı qanamalar gözün arxa boşluğuna qansızmasına və nəticədə ciddi görmə problemlərinə və ağrılı göz təzyiqinə səbəb olur.
Görməni qorumaq üçün nə etmək lazımdır ?
Retinopatiya 1-ci tip və ya 2-ci tip diabet xəstələri üçün risk faktorudur. Diabet xəstələrində retina normal olarsa ildə bir dəfə, retinopatiya başladıqda isə 3-4 aydan bir mütləq göz dibi müayinəsi aparılmalıdır.
Diabet xəstəliyi olanlar, ən azı ildə bir dəfə göz dibi müayinəsi olunmalı və nəzərə alınmalıdır:
- Proliferativ retinopatiya heç bir əlamət olmadan yaranır və xəstə yüksək risk altında olur.
- Makula ödemi heç bir əlamət olmadan diabetik retinopatiyanın hər hansı bir mərhələsində meydana çıxır.
- Həm proliferativ retinopatiya, həm də makula ödemi yaranmış olsa da, görmə qabiliyyəti yaxşı ola bilər.
- Vaxtında qoyulmuş diaqnoz görmənin itirilməsinin qarşısını ala bilər.
- Diabetli xəstələr üzərində aparılan çalışmalar, qan şəkərinə nəzarət edən preparat ların istifadəsi retinopatiyanın yaranması və inkişafını zəiflətdiyini göstərir.
- Qansızma meydana çıxdıqda proliferativ retinopatiya xəstələrinin əsas şikayəti qanın yaratdığı kiçik nöqtələr və ya gözün qabağında üzən ləkələr görməsidir. Qanama ən çox yuxuda baş verir.
- Diabetli xəstənin gözü önündə belə ləkələr yaranırsa, yubanmadan həkimə müraciət etmək lazımdır. Bəzən müalicə edilmədən ləkələr azala və ya tamamilə yox ola bilər. Müalicə olunmadıqda proliferativ retinopatiya ciddi görmə problemlərinə, hətta korluğa da səbəb olur. Müalicə nə qədər tez başlanılsa, nəticə o qədər yaxşı olar.
Retina xəstəliklərində bir sıra ilkin əlamətləri müəyyən etmək üçün bunlara nəzarət edilməlidir :
- Zədələnmiş qan damarları
- Retinada şişmə (makula ödemi)
- Retinada açıq rəngli yağlı yığıntılar
- Zədələnmiş sinir toxuması
- Qan damarlarında meydana çıxan dəyişikliklər
Diaqnozu
- Görmə itiliyinin müayinəsi
- Göz bəbəyi genəldilərək göz dibinin müayinəsi
- Tonometriya – göz təzyiqinin ölçülməsi
- Retina angioqrafiyası – FFA (fundus fluorecein angioqrafiya) qol damarından xüsusi bir boya – fluoresein daxil edilir, 8-10 saniyədə boya retina damarından keçərkən şəkli çəkilir. Həmin test keçiriciliyi pozulmuş damarı təyin etməyə və uyğun müalicəyə qərar verməyə imkan verir.
- Retina tomoqrafiyası – OCT (optik koherens tomoqrafiya) – göz dibindəki ən kiçik dəyişiklikləri göstərən müayinə.
Şəkərli diabetin müalicəsi
Diabetik retinopatiyada müalicənin məqsədi yeni damar yaranmasının qarşısının alınmasıdır. İlk üç mərhələdə makula ödemi yoxdursa, müalicəyə ehtiyac yaranmaya bilər. Xəstəliyin gedişatına görə fərqli müalicə üsulları var. Diabetin kontrolunun düzgün aparılması diabetik retinopatiyadakı ən mühüm müalicədir.
Retinopatiyanın inkişafının qarşısını almaq üçün qan şəkəri, xolesterol, qan təzyiqinin kontrol olunmasının faydası var. Proliferativ retinopatiya lazerlə müalicə edilir. Retina təbəqəsində anormal damarların bağlanması üçün lazer tətbiq edilir. Lazer müalicəsi gecə görməsi və rəngli görmənin azalmasına səbəb ola bilər. Həmin müalicə anormal qan damarları qanamağa başlamazdan əvvəl tətbiq edildikdə daha yaxşı nəticə verir.
Vitrektomiya nədir?
Müalicə üçün gecikmiş və ya lazer müalicəsinə tabe olmayan hallarda, qanama şiddətli olarsa vitrektomiya tətbiq edilir. Həmin əməliyyat nəticəsində göz içindəki qan təmizlənir. Göz içində çox qanama olduqda görmənin təkrar düzəlməsi üçün vitrektomiya əməliyyatı aparıla bilər. Hər iki gözdə əməliyyata ehtiyac olarsa, əvvəlcə bir göz, bir neçə həftə sonra digər göz əməliyyat olunur. Əməliyyat yerli və ya ümumi anesteziya ilə aparılır.
Göz içindəki vitreus geli (göz almasının içini dolduran gelə bənzər maddə) xüsusi bir maye və ya silikonla dəyişdirilir. Əməliyyatdan sonra gözdə qızartı və həssaslıq ola bilər, kataraktanın yaranması sürətlənə bilər. İnfeksiyadan qorunmaq üçün bəzi antibiotiklərdən istifadə olunur. Son araşdırmalar yüksək qan təzyiqi və xolesterolun qaydaya salınması ilə görmənin itirilməsi riskinin azaldılmasının mümkün olduğunu göstərir.
Bunlara nəzarət edilməsi görməni qorumağa kömək etməklə yanaşı ümumi sağlamlıq üçün də vacibdir. İlkin mərhələlərdə xəstənin şikayəti və ağrısı olmur. Diabeti olanlar şikayətin olmasını gözləmədən mütəmadi olaraq həkimə müraciət etməli və göz dibi müayinələri aparılmalıdır.
Şəhla İBRAHİMOVA,
Həkim-oftalmoloq, retinoloq.