Qastroezofagial reflüks nədir? Uşaqlarda reflüks

Mündəricat

Qastroezofagial reflüks nədir?

Qastroezofagial reflüks mədə və ya onikibarmaq bağırsaqda olan qidanın qida borusuna qayıtması nəticəsində inkişaf edən və adətən residivləşən xəstəlikdir, fizioloji və pataloji olur. Yeni doğulmuş körpə ana südü ilə qidalananda çoxlu hava udması və havanı xaric edərkən mədə möhtəviyyatının qida borusuna atılması fizioloji reflüks hesab olunur. Fizioloji reflüks zamanı ezofagit inkişaf etmir.

Körpənin dörd aylığına qədər həzm sistemində fizioloji əyriliklər, sfinkterlər inkişaf edir, mədə girəcəyi və çıxacağı daralır. Ona görə də 1 yaşından sonra mədə möhtəviyyatının qayıtması patologiya kimi dəyərləndirilir.

Patoloji reflüks zamanı turş qida ezofaqusun aşağı hissəsini, həmçinin ağız-udlağın selikli qişasını zədələyir. İnfeksiya və helikobakter pilorinin reflüksün genezində rolu təsdiq olunmayıb.

Qastroezofagial reflüks iki formada olur: turş mədə möhtəviyyatlı reflüks zamanı zədəliyici faktor rolunu pepsin və xlorid turşusu oynayır, onikibarmaq bağırsaq möhtəviyyatlı qələvi reflüksda isə qida borusu öd turşuları və pankreatik fermentlərlə zədələnir.

Reflüksün səbəbləri

Yenidoğulmuşlarda qida borusu və mədənin xüsusi fizioloji quruluşu, yəni ezofaqusun qısa və geniş, mədənin isə şarşəkilli olması, həcminin azlığı və üfüqi yerləşməsi, klapan və sfinkter aparatının tam formalaşmaması reflüksün əmələ gəlməsi üçün fon yaradır. Yenidoğulmuşda antireflüks mexanizmlər normal inkişaf edərsə, ilk aylarda reflüks izsiz keçib gedir. Bətndaxili inkişaf və doğuş zamanı dölün baş beyninin hipoksik zədələnməsi vegetativ sinir tənziminin pozulmasına, bu da öz növbəsində antireflüks aparatın formalaşmasının zəifləməsinə aparıb çıxarır.

Bundan başqa qida borusunun anadangəlmə anomaliyaları, xüsusən onun çox qısa və ya bir hissəsinin həddən artıq geniş olması, divertikulları, həmçinin, diafraqmal yırtıq, mədə deformasiyaları, öd yollarının əyrilikləri, hamilə və südverən ananın pis vərdişləri – siqaret çəkmə, spirtli içki qəbulu, əlavə qidanın keyfiyyətsizliyi və qeyri-düzgün verilməsi, qəbizlik kimi səbəblər də körpələrdə mədə möhtəviyyatının qida borusuna atılması ilə nəticələnir.

Böyük yaşlı uşaqlarda yeməyin normadan artıq qəbulu qida borusunun aşağı sfinkterinin zəifləməsi və zaman keçdikcə funksiyasını itirməsi ilə nəticələnir. İltihab əleyhinə preparatların və teofillinin uzun müddət nəzarətsiz qəbulu, qidalanma rejiminin pozulması, stress və emosinal gərginlik də qida borusu və mədənin selikli qişasının qoruyucu funksiyasını zəiflədir, mədədə xlorid turşusunun artmasına və reflüksa səbəb olur.

Reflüksün əlamətləri

Südəmər körpələrdə qusma, qaytarma, böyük uşaqlarda qida ilə birlikdə gəyirmə, qusma, ürəkbulanma, qida qəbulu zamanı yanma hissi kimi simptomlarla özünü büruzə verir. Bu səbəbdən körpələrdə iştahanın kəsilməsi və qidadan imtina halı baş verir. Mədə nahiyəsində ağrı və narahatlıq, hıçqırıq, köp, qəbizlik və ya ishal da reflüks zamanı uşaqları narahat edən əsas əlamətlərdir. Dişçıxarma dönəmində dişlər düzgün şəkildə formalaşmır, onların üzərində ərp və daşlar əmələ gəlir.

Mədə və ya onikibarmaq bağırsaq möhtəviyyatının qida borusuna, oradan isə nəfəs yollarına atılması boğazda ağrı, xroniki öskürək, təngnəfəslik, səsin xırıltılı olması, laringitin, aspirasion bronxitpnevmoniyanın inkşafı ilə nəticələnir, xüsusən gecələr apnoe tutmaları olur. Uzunmüddətli qusma nəticəsində uşaq çəkidən geri qalır, distrofiya, dehidratasiya, mineral və vitamin çatışmazlığı baş verir.

Belə uşaqlar aqressiv və ya apatik olur, yuxusu pozulur, yemək yeyərkən tez doyur, yemək qida borusundan keçərkən zaman ağrı hissi – adinofagiya baş verir. Körpələrdə tüpürcək ifrazı artır, ağız bucağında yaralar, daimi süd yaraları, bir qədər böyük uşaqlarda ağızda acı və ya turş dad, dilin üzərində sarı ərp olur, qlossit, gingivit, parodontit, otit olur, qida borusundakı eroziyalar qanaxma verdiyindən xroniki anemiyalar inkişaf edir.

Reflüksün müayinəsi

Qastroezofagial reflüksa diaqnoz qoymaq üçün Qastroksan 24 aparatı vasitəsilə qida borusu və mədənin sutkalıq Ph-monitorinqi aparılır. Fibroezofaqoqastroduodenoskopiya, qida borusundan biopsiya materialının götürülməsi və bioptatın histoloji analizi informativ müayinə üsulları hesab olunur. Bəzi hallarda mədə-bağırsaq traktının kontrast maddə ilə müayinəsi də aparılır.

Reflüksün müalicəsi

Reflüksün qarşısını almaq üçün körpə qida qəbulundan sonra yatızdırılmamalı, bir müddət şaquli vəziyyətdə saxlanmalı, süni qidalanmada olan uşaqlar üçün qusma əleyhinə müalicəvi qidalardan istifadə olunmalı, yatağın baş hissəsi 10-15 sm hündürlüyə qaldırılmalıdır. Uşağı az-az və tez-tez qidalandırmaq, sakitləşdirici, yuxugətirici, trankvilizator, xolinolitik qrupundan olan dərmanların nəzarətsiz qəbulunu dayandırmaq lazımdır. Böyük yaşlı uşaqlar çox yağlı, qızardılmış qidaların qəbulunu məhdudlaşdırmalı, qazlı içkilərdən imtina etməli, yeməkdən dərhal sonra idmanla məşğul olmamalı, uzanmamalı, uzun müddət qabağa əyilmiş vəziyyətdə qalmamalıdırlar.

Reseptlər

  • 10 qram dəmrovotu, hərəsindən 20 qr boymadərən,çobanyastığı və dazıotu qarışdırılır, qarışıqdan 1 xörək qaşığı 1 stəkan qaynar suda dəmlənilir, gündə 3 dəfə 1/2 stəkan qəbul edilir.
  • 5 qr çobanyastığı, hərəsindən 20 qr gülümbahar və dəvədabanı qarışdırılır, qarışıqdan 1 xörək qaşığı 1 stəkan qaynar suda dəmlənilir, süzüləndən sonra hər dəfə yeməkdən 15-20 dəqiqə əvvəl 1 xörək qaşığı qəbul edilir.
  • 2 filtr-bağlama Teastomin çayı 1/2 stəkan qaynar suda dəmlənilir, gündə 3-4 dəfə yeməkdən əvvəl körpələr 1 xörək qaşığı, məktəbyaşlı uşaqlar isə 1/4 stəkan qəbul edir.
  • 1 xörək qaşığı zəyərək toxumları üzərinə 1/2 stəkan qaynar suda əlavə olunur, 15 dəqiqə qarışdırılaraq dəmlənilir, alınan selikli dəmləmə hər yeməkdən əvvəl 1-2 xörək qaşığı qəbul edilir.

Yazı ilə əlaqəli məhsullarımız

Heç bir nəticə tapılmadı.