Öd kisəsi polipləri nədir?
Öd kisəsi polipləri bu orqanın selikli qişasının şişəbənzər böyümələridir. Onlar əsasən xoş xassəlidirlər, lakin bəzi növlər bədxassəliliyə meyllidirlər və öd kisəsi karsinomasına çevrilə bilərlər. Buna görə polip diaqnozu qoyulmuş xəstələrə aktiv dinamik monitorinq və ya öd kisəsinin içində olan yenitörəmələrlə birlikdə cərrahi yolla çıxarılması lazımdır. Bu yanaşma fəsadların qarşısını almağa və xəstənin həyatını xilas etməyə kömək edir.
Öd kisəsi polipləri kişilərdə qadınlara nisbətən bir qədər tez-tez rast gəlinir, uşaqlar nadir hallarda bu patologiyadan əziyyət çəkirlər. Son onilliklərdə öd kisəsi poliplərinə əvvəlkindən daha tez-tez diaqnoz qoyulur. Bu, yəqin ki, instrumental diaqnostikanın təkmilləşdirilməsi və onun əhalinin müxtəlif təbəqələri üçün daha çox əlçatan olması ilə bağlıdır.
Öd kisəsi poliplərinin növləri
Histoloji quruluşunu nəzərə alaraq, öd kisəsi poliplərinin aşağıdakı növləri fərqləndirilir:
- Xolesterol psevdopolipləri (orqan selikli qişasının altında xolesterol çöküntüləri ilə əmələ gəlir, 80%-dən çox hallarda baş verir);
- İltihabi psevdopoliplər (iltihab əleyhinə müalicə fonunda ölçüsü azalan, epitelin reaktiv hiperplaziyası nəticəsində yaranan törəmələrdir);
- Həqiqi poliplər (vəzi epitelindən (adenomalar) və ya papillyar böyümələrdən (papillomalar) əmələ gəlir).
Bədxassəli şiş ehtimalına görə, poliplərin dörd qrupu var:
- Polipli xolesteroz
- Hiperplastik polip
- Adenomatoz polip
- Polip şəklində xərçəng
Öd kisəsi polipinin klinik əlamətləri
Əksər hallarda bu xəstəlik xəstəni narahat etmir və özünü heç bir şəkildə büruzə vermir. Bəzən qadınlarda və kişilərdə öd kisəsi polipinin yeganə əlaməti, sağ qabırğa altı nahiyədə qida ilə əlaqəli olmayan, vaxtaşırı baş verən küt ağrıdır. Ağrılar güclü ola bilər, xüsüsən polip öd kisəsinin boyun nahiyəsində yerləşdikdə biliar sancı şəklini ala bilər. Öd kisəsinin uzun müddət davam edən polipinin əlamətləri aşağıdakılardır:
Gəyirmə
Səhər ağızda acı dad
Ürəkbulanma
Öd ilə qarışıq qusma
İştahasızlıq
Ümumi zəiflik
Tez yorulma
Temperaturun yüksəlməsi
Ümumi öd axarının mənfəzini bağlayan polip mexaniki sarılığın inkişafına səbəb olur. Xəstənin dəri və selikli qişaları saralır, sidiyi tündləşərək pivə rənginə çalır, nəcisin rəngi dəyişərək axolik (ağ rəngdə) olur.
Öd kisəsində polip nədən yaranır?
Öd kisəsindəki poliplər olduqca müxtəlif səbəblərdən yarana bilər:
- Genetik meyl (əlverişsiz amillərin təsiri altında baş verən bətndaxili gen mutasiyaları)
- Xroniki iltihabi proseslər, öd kisəsində və öd yollarında daşlar
- Öd kisəsinin boynunda əyrilik və arakəsmələr (öd axınını pozur)
- Biliar diskineziya
- Helmintozlar
- Nizamsız və balanssız qidalanma
- Yağlı, xolesterolla zəngin qidalardan çox istifadə (yumurta, yağ, qaymaq, pendir, yağlı ət)
Əgər xəstədə belə simptomlar varsa, uyğun həkim mütəxəssisə müraciət etmək məsləhət görülür. Pasiyentin vaxtında həkimlə məsləhətləşməsi onun sağlamlığı üçün mənfi nəticələrin qarşısını alır.
- “Herba Flora” şirkəti öd kisəsinin polipi və digər xəstəliklərində istifadə olunan Teaxolin fitoçayını istehsal edir.