Çəhrayı dəmrov nədir? Müalicəsi və qorunma yolları

Mündəricat

Çəhrayı dəmrov nədir və onu necə tanımaq olar?

Bu dəri xəstəliyi yoluxucu-allergik xəstəliklərə aiddir. İnsanlarda onu ilk dəfə təsvir edən şəxsin adı ilə Gibert xəstəliyi də adlanır. Xəstəlik dəridə 5 sm ölçülü bir və ya bir neçə ədəd ləkə şəklində özünü göstərir. Sonra bir həftə ərzində daha kiçik ölçüdə çoxlu sayda oxşar ləkələr bədənə səpələnir. Dərinin ən həssas hissəsi qarın, çiyinlər və çanaqdır. Üz və boyunda səpgilər nadir hallarda olur.

Bütün ləkələr, həm ana ləkə, həm də sonradan yarananlar eyni görünüşə malikdir: çəhrayı və ya sarımtıl rəngli, dairəvi, hamar kənarları olan lopa görünüşlüdür. Bu xəstəlik zamanı ləkələrdən əlavə heç bir əlamət olmadığı üçün bədəndə xarakterik ləkələr aşkar edildikdə dərhal xüsusi həkimə müraciət olunmalıdır. Bəzən zədələnmiş nahiyələrdə qaşınma olur, boyun və çənə limfa düyünləri böyüyür. İnsanın immuniteti çox zəif olduqda yorğunluq, qızdırma və ya ümumi intoksikasiya baş verir.

Çəhrayı dəmrova yoluxma yolları

Xəstəliyin yoluxma mənbəyi dəqiq məlum deyil. Ehtimala görə herpes virusu və immunitetin aşağı olması daha tez yoluxmaya səbəb olur. Son zamanlarda aşkar olunmuşdur ki, viral infeksiya və tez-tez soyuqdəymə keçirənlərin dəmrov xəstəliyinə yoluxma riskinin artır. Qadınlarda və uşaqlarda yoluxma riski kişilərə nisbətən daha yüksəkdir. Müşahidələr göstərir ki, 40 yaşdan yuxarı insanlar və körpələr praktiki olaraq bu infeksiyaya yoluxmurlar.

Bu xəstəlik yoluxucudurmu?

Bu sualın dəqiq cavabı yoxdur. Onun təmas və ya hava damcıları ilə ötürülə biləcəyinə dair fikirlər var. Bir insanın yoluxması üçün ilkin şərt təhrikedici amilin olmasıdır. Lakin bəzi təcrübələr göstərib ki, bu virusun bir insandan digərinə ötürülməsi nadir hallarda baş verir.

Dəmrov xəstəliyinin diaqnozu həkim-dermatoloq tərəfindən qoyulmalıdır. Əvvəlcə vizual yoxlama aparılır. Bu xəstəlik psoriaz, məxmərək və ya sifilitik rozeolaya çox bənzəyir. Dəqiq diaqnoz və müalicənin təyin edilməsi üçün klinikada qan və sidik müayinəsi aparılır, ləkə nahiyəsi qazınaraq xəstə xüsusi bir testdən keçir.

Çəhrayı dəmrov xəstəliyi kompleks müalicə tələb etmir. Xəstəlik 6-9 həftə ərzində tam müalicə oluna bilir. Ləkələr tədricən solur və soyulmağa başlayır. Bir müddət dəridə izlər qalır, lakin zamanla onlar da yox olur.

Əlamətləri yüngülləşdirmək və qaşınmanı azaltmaq üçün antihistaminlər təyin edilir. Soyulmanı azaltmaq üçün müxtəlif məlhəmlər, xəstənin immunitetini artırmaq üçün isə multivitamin kompleksləri verilir.

Çəhrayı dəmrovun müalicəsi

Çəhrayı dəmrov zamanı dərman müalicəsi ilə yanaşı, antiallergik pəhriz də təyin edilir. Allergik reaksiyalara səbəb ola biləcək bütün qidalar rasiondan xaric edilir: sitrus meyvələri, yumurta, qırmızı meyvələr, şokolad, qəhvə, spirt, bal, qoz-fındıq. Həmçinin tərləməni istisna etmək, təbii parçalardan hazırlanmış paltarlara üstünlük vermək, yalnız yumşaq yuyucu vasitələrlə duş altında yuyunmaq lazımdır.

Dərinin zədəli sahələrini birbaşa günəş işığına məruz qoymaq da qadağandır, çünki bu, qabıqlanmanı artırır və sağalmanı ləngidir. Özünümüalicə arzuolunmaz nəticələrə səbəb ola bilər, buna görə mütəxəssislə məsləhətləşmək lazımdır.

İnfeksiyadan necə qorunmaq olar?

Çəhrayı dəmrovun baş vermə səbəbi hərtərəfli öyrənilmədiyi üçün bu xəstəliyin qarşısını almaq demək olar ki, mümkün deyil. Əsas tövsiyə immun sistemini yüksəltməkdir, çünki bu, infeksiyadan qorunmağa kömək edir. Xəstəliyin özü əksər hallarda iz qoymadan sağalır. Bununla belə, bəzən ekzema, stafilokokk və ya streptokokk infeksiyası şəklində ağırlaşmalar yaranır. Çox vaxt xroniki hala keçə bilir və hətta bir neçə ildən sonra residiv baş verə bilir.

https://fizulihuseynov.com 

Yazı ilə əlaqəli məhsullarımız

Heç bir nəticə tapılmadı.