Alveokokkoz (alveolyar exinokokkoz, çoxkameralı exinokokkoz) xəstəliyi – xüsusilə qaraciyərin və ağciyərin zədələnməsi ilə müşayiət olunan helmintozdur. İlk dəfə olaraq xəstəliyin parazitar xarakterli olması fikrini 1856-cı ildə alman alimi Rudolf Virxov irəli sürmüşdür. Onu da qeyd etmişdir ki, alveokokk kistinin quruluşu exinokokk kistinin quruluşundan fərqli olaraq təkkameralı deyil, çoxkameralıdır.
Alveokokkun yetkin formaları əsas sahibi olan itin, canavarın, tülkünün nazik bağırsağında yaşayır, sürfə mərhələsində isə o, aralıq sahib sayılan vəhşi gəmiricilərin, insanın orqanizmində parazitlik edir. Cinsi yetkin alveokokkun uzunluğu 1,3-2,2 mm-dir, bədənin ön hissəsində başın üzərində 4 ədəd sormac yerləşmişdir. Helmintin sürfəsi düyün şəklində olub içərisi xırda yuvalarla doludur. Bu yuvaların içərisində sarımtıl maye və parazitin skoleksi – başı vardır.
Epidemiologiya.
Alveokokk konkret coğrafi yerləşməyə malikdir, Şimali Kanada, Şotlandiya, Yaponiya, Sibir, Qazaxıstan, Tatarıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Yakutiya, Başqırdıstan, Türkiyə əraziləri bu xəstəlik üçün endemik sayılır. Çox təəssüf ki, bizim respublikamız da məhz bu xəstəlik üçün endemik regionlardan biridir. İnsan və gəmiricilər xəstəliyə alveokokkun yumurtaları ilə (əsas sahibin nəcisi) çirklənmiş heyvan tükü və qida məhsulları (giləmeyvə, göyərti) vasitəsilə yoluxur.
Patoloji anatomiya və patogenez. Alveokokkoz zamanı qaraciyərdə şişəbənzər düyünlər əmələ gəlir, onun toxuması kəskin şəkildə böyüyür və bərkiyir. Bu düyünlərin daxilində ölü toxumanın əriməsi hesabına boşluqlar yaranır, həmin boşluqlar isə irinəbənzər maye ilə dolu olur. Alveokokkozun patogenezində orqanizmin qurdun metabolik məhsulları ilə sensibilizasiyası böyük rol oynayır.
Klinikası. Xəstəlik tədricən və əlamətsiz inkişaf edir. Xəstəliyin əsas əlamətlərinə əzginlik, halsızlıq, zəiflik, qarında küt, bəzən kəskinləşən ağrılar, iştahanın azalması, çəki itkisi, dərinin, skleranın kəskin sarılığı, qanda hiperproteinemiya, hiperqammaqlobulinemiya, hipoalbuminemiya olur, bəzən son mərhələlərdə ağciyərə, limfa düyünlərinə, beyinə, böyrəyə, böyrəküstü vəzə, böyrəyə, hətta gözə də metastaz verir.
Bu xəstəliyə əsasən insanlar 20-35 yaşlarında yoluxur, xəstəliyin klinikası uzun müddət simptomsuz keçir. Xəstəlik o zaman aşkarlanır ki, sağ qabırğaaltı nahiyədə və ya qarınüstü bölgədə şişəbənzər törəmə əllənir. Bu məqsədlə də şəxs həkimə müraciət edir, bu zaman isə proses daha dərin inkişaf etmiş olur. Bu parazitar “törəmə” kiçik ölçülərdə olduqda aşkarlanmır, böyük ölçülərdə isə aşkarlandıqda artıq ağırlaşmalar vermiş olur. Törəmənin yerləşməsindən asılı olaraq kliniki əlamətlər müxtəlif ola bilər.
Diaqnoz. Xəstəliyin diaqnozu adətən artıq gecikmiş mərhələdə qoyulur və çox zaman klinik mənzərəsinə görə qaraciyər xərçəngi ilə səhv salınır. Dəqiq diaqnoz seroloji sınaqlara əsasən qoyulur.
Ağırlaşması. Alveokokkoz xəstəliyi portal hipertenziya, perihepatit, müxtəlif orqanlara metastazlar, Badd-Kiari sindrom ilə ağırlaşa bilər.
Proqnoz. Xəstəliyin proqnozu çox ciddidir. Çox zaman pasiyentlər qaraciyər funksiyalarının pozulmasından, mexaniki sarılığın inkişafından, beyinə metastazdan həyatını itirirlər.
Müalicə.
Adətən xəstəlik gec mərhələlərdə aşkar edildiyinə görə onu bəzilərində radikal müdaxilə etməklə müalicə edə bilirlər. Əgər radikal müdaxilə üçün də artıq gecdirsə, yaranmış boşluğun içərisi boşaldılır, qaraciyərin palliativ rezeksiyası aparılır. Antiparazitar dərmanlarla aparılan müalicə yetərli qədər effektli olmur. Bitki tərkibli preparatlar isə çox uzun müddətə təyin edilməlidir. Bu məqsədlə TEAZOL (Qurdqovucu çay) çayından da istifadə etmək olar.
Nə qədər qəribə görünsə də, bu xəstəliyin müalicəsində hal-hazırda da qeyri-ənənəvi müalicə metodları tətbiq edilməkdədir.
Türkiyə Respublikasının İzmir şəhərində Türkiyə Hidatidoloji Dərnəyi yaradılmışdır. Bu dərnək məhz exinokokkoz və alveokokkoz xəstəliyi ilə mübarizə aparmaqdadır.
Profilaktika. Ev heyvanları mütəmadi baytar nəzarətindən keçməli, onların tükləri dezinfeksiya edilməli, qida məhsulları (əsasən də göyərti və giləmeyvələr) təmiz yuyulmalıdır.