Sarımsaq.

Sarımsaq.

Sarımsaq.

Arxeoloji qazıntılar zamanı qədim şumerlərin sarımsaqdan dərman kimi istifadə etdikləri üzə çıxıb. Qədim Misirlilərin də sarımsaqla qidalandıqları və ondan dərman kimi istifadə etdikləri barədə məlumatlar var. Tarixi mənbələrdə misir piramidləri inşa edilərkən Firon Xeopsun işçilərə çoxlu sarımsaq yedirtdiyi barədə bilgilər tapılıb.

Sarımsaq tərkibindəki mürəkkəb bioloji aktiv maddələr sayəsində mikrob, göbələk, virus, qurd, ibtidailər, malyariya əleyhinə təsir göstərir, iltihabi proseslərin sağalmasını sürətləndirir. Tibdə dəmləmə və spirtdə çıxarış şəklində istifadə edilən sarımsaq mədə-bağırsaq traktının hərəki və sekretor fəaliyyətini yaxşılaşdırır, bağırsaq mikroflorasını normallaşdırır. Faqositlərin, T-limfositlərin, makrofaqların və killer hüceyrələrin aktivliyini artıraraq immun sistemi stimulə edir, orqanizmin infeksiyalara qarşı müqaviməti artırır.

Sarımsaq bağırsaqlarda çürümə və qıcqırma proseslərinin qarşısını almaq xüsusiyyətinə malikdir və ona görə kolit, bağırsaq atoniyaları və qida zəhərlənmələrində istifadə edilir, regenerasiya və epitelizasiyanı artıraraq yaraların sağalmasını sürətləndirir.
XIX əsrdə fransız mikrobioloqu Lui Paster sarımsağın bir sıra bakteriyalara qarşı öldürücü təsir göstərdiyini sübut etmişdir. Sarımsaq tərkibində olan fitonsidlər sayəsində bağırsaq çöplərinə, qızılı stafilokoklara, salmonella və Candida cinsindən olan göbələklərə qarşı güclü aktivliyə malikdir. Virus əleyhinə, xüsusilə qrip viruslarına təsiri də elmi cəhətdən sübut olunduğuna görə ondan qrip xəstəliyinin müalicə və profilaktikasında geniş istifadə edilir.

Sarımsağın daxilə və ya imalə şəklində istifadə edilməsi bağırsaq parazitlərindən olan bütün növ qurdlara, xüsusilə lentşəkilli qurdlara öldürücü təsir göstərir. Qanda ümumi və aşağı sıxlıqlı lipoproteinlərdən (zərərli) təşkil olunmuş xolesterinin səviyyəsini azaldır, yüksək sıxlıqlı lipoproteinlərdən ibarət faydalı xolesterinin səviyyəsini artırır.
Güclü antioksidant xüsusiyyətlərə malik allisin maddəsinin parçalanma məhsulu olan sulfen turşusu sərbəst radikalları neytrallaşdıraraq orqanizmdən xaric edir. Bununla da orqanizmi toksik maddələrdən təmizləyir, şiş hüceyrələrinin inkişafını və hüceyrələrin qocalma prosesini ləngidir.

Sarımsağın tərkibində olan inulinəbənzər maddələr qanda şəkərin səviyyəsini tənzimlədiyindən şəkərli diabet zamanı qida əlavəsi kimi istifadə edilir. Bir sıra xəstəliklərin müalicə və profilaktikasında sarımsaq kapsul, tablet, toz və yağ şəkildə tədbiq edilir.
SOS! Bir sıra böyrək xəstəlikləri, öddaşı xəstəliyi, anemiya, mədə və bağırsaq xorası, epilepsiya zamanı sarımsaq və onun preparatlarından istifadə edilməsi əks göstərişdir.

https://herba-flora.com 

http://fizulihuseynov.com/