Search
Close this search box.

Dəfnə Yarpağının Bilinməyən Faydaları

Dəfnə Yarpağının Bilinməyən Faydaları

Qədim Ellada torpağında Olimpiya oyunları zamanı qalib idmançılar dəfnə yarpaqlarından hörülmüş çələnglə mükafatlandırlırdı. Hal-hazırda isə dəfnə yarpaqlarından şorba və borşlara, turşulara, ət və balıq yeməklərinə dad qatmaq üçün istifadə olunur. Müasir kulinariyada az-az xörək olar ki, onun içinə dəfnə yarpağı atılmasın. Lakin dəfnə yarpağının istifadə sahəsi bunlarla məhdudlaşmır. Ondan təbabətdə, kosmetologiyada və məişətdə də geniş istifadə edilir.

Dəfnə ağacı yarpaqlarını tökməyən orta boylu ağac bitkisidir, hündürlüyü 10 metrə çatır. Ən çox Türkiyədə bitir. Ölkəmizdə Xəzər dənizinin sahil kənarlarında ona rast gəlmək olar. Kiçik zeytun dənələrini xatırladan meyvələri ilk vaxtlar yaşıl rəngdə olur, sonradan qaralır. Yarpaq və meyvələri əziləndə spesifik xoş qoxu verir.

Həmişəyaşıl dəfnə ağacının, yay və qış aylarında yarpaqları tökülmür, onun may və oktyabr aylarında yığılan yarpaqları daha xeyirlidir. Zəhərli dəfnə növləri də var. Ona görə də Çöl dəfnəsi və Ərəbistan dəfnəsi növlərindən istifadə etmək olmaz.

Dəfnə yarpaqları təkcə kulinariyada xörək hazırlanmasında istifadə edilmir, onun bir sıra müalicəvi xüsusiyyətləri var. A və C vitaminləri, həmçinin dəmir, manqan, kalsium və maqnezium kimi minerallarla zəngindir.

Dəfnə yarpağının yağı qaraciyər ağrılarına xeyirlidir, ondan təngnəfəslik və bronxial astma xəstəliyində istifadə olunan dərman hazırlanır. Orqanizmi qüvvətləndirir, sidiyi qovur, toksiki maddələri və zəhərləri xaric edir. Allergiyaya meyilli olanların və hamilə qadınların dəfnə yarpağından istifadə etməsi məsləhət görülmür.

Mərcimək, noxud və düyü kimi ərzaqların uzun müddət qurdlamadan saxlanılması üçün içərisinə bir-iki ədəd dəfnə yarpağı atmaq kifayətdir.

Reseptlər

0,5 litr suya 200 qr dəfnə yarpağı və 10 qr portağal qabığı əlavə edilərək 5 dəqiqə vam ocaqda qaynadılır, 10 dəqiqə ocaqdan kənarda dəmlənəndən sonra süzülür, balla qarışdırılır və hər dəfə yeməkdən qabaq 1 stəkan içilir. Həzmsizlik və iştahasızlıq zamanı tətbiq edilir.
Dəfnə meyvələri əzilir, balla qarışdırılaraq məcun halına gətirilir, gündə 3 dəfə 1 çay qaşığı qəbul edilir. Qulunc və revmatizm ağrılarında faydalıdır.
Dəfnə toxumlarının dəmlənilib içilməsi yaddaşı gücləndirir, bişirməsi ilə vanna qəbul edilməsi sidik kisəsi və uşaqlığın iltihabi xəstəliklərində xeyirlidir.
10 qr dəfnə yağı 100 qr iç yağı ilə qarışdırılır, revmatizm və oynaq ağrıları zamanı ağrıyan nahiyələrə sürtülür.
Dəfnə toxumu çeynəniləndə ağız qoxusunu aradan qaldırır.
Dəfnə yarpağının dəmləməsi qızdırma zamanı hərarəti aşağı salır, tərlədici təsir göstərir. Dəfnə yarpağının dəmləməsi şiddətli baş ağrılarını aradan qaldırır.
100 qr dəfnə yarpağı 1 litr suda qaynadılır, qrip və soyuqdəymədə zamanı gündə 3 dəfə 1 stəkan qəbul edilir.
100 qr dəfnə toxumuna bal əlavə edilərək qarışdırılır, alınan məcun gün ərzində qaşıq-qaşıq yeyilir. Baş ağrıları, miqren, revmatizm və təngnəfəsliyə qarşı tətbiq olunur.

Kosmetoloji reseptlər

İltihablaşmış, üzərində civzələr və qara nöqtələr olan dərini təmizləmək üçün 10 ədəd xırdalanmış quru dəfnə yarpağı üzərinə 1 stəkan araq əlavə edilir, 1 gün saxlandıqdan sonra süzülür və dərinin iltihablaşmış nahiyələrinə çəkilir.

Dəfnə sabunu

Dəfnə sabunu saç tökülməsi və kəpəklənməni azaldır, dəriyə nəmləndirici və cavanlaşdırıcı təsir edir. Antiseptik xüsusiyyətlərinə görə dəridə olan bakteriya və göbələkləri məhv edir. Gənclik sızanaqlarında da dəfnə sabunundan istifadə olunur. Dolablara və paltarların arasına qoyulanda təbii qoxusu və antiseptik xüsusiyyətləri həşəratların çəkilib getməsinə səbəb olur.

Qarın piylərini əritmək üçün

10 ədəd dəfnə yarpağı və 2 çubuq darçın 1 litr suya əlavə edilərək 10 dəqiqə qaynadılır və hər gün 1 stəkan içilir. Nəticə elə ilk həftədən hiss olunmağa başlayır. Çayın 1 ay içilməsi qarın piylərinin əriməsinə səbəb olur.

Aynurə HƏSƏNOVA,

bioloq