Kökəlmək istəyirik

Mündəricat

Artıq çəkidən xilas olmağın yolu

Artıq çəkidən xilas olmağın yolu möhkəm iradə, düzgün qida rejimi və ciddi idman məşğələlərindən keçir. Nə qədər qəribə səslənsə də, bədən çəkisini əzələ kütləsi hesabına bircə kiloqram artırmaq arıqlamaqdan qat-qat çətindir. Bəs fizioloji və genetik xüsusiyyətlər səbəbindən çəki yığıb görkəmini istədiyi kimi dəyişə bilməyən “arıqlar” nə etməlidir?

Kökələ bilməməyin əsas səbəbi çəki azlığından əziyyət çəkənlərin ektomorf quruluş tipinə aid olmasıdır. Onlara sümüklərin uzun, əzələlərin nazik, döş qəfəsinin və çiyinlərin dar, sinir ötürmə proseslərinin isə sürətli olması xarakterikdir.

Emosional, stressə meyilli, yuxusu tez-tez pozulan, zəif iştahalı, bunlarla yanaşı metabolizmi çox sürətli gedən tiplər bəzən distrofiya dərəcəsində arıq olurlar. Həmin fizioloji xüsusiyyətlərin üstünə səhər yeməyini yeməmək, gün rejimini gözləməmək, ayaqüstü qidalanmaq, yuxu və istirahət saatlarını “vacib” işlərə sərf etmək kimi pis vərdişlər də gələndə daha xoşagəlməz vəziyyət yaranır.

Ona görə də kökəlmək istəyənlər həmin vərdişlərini dəyişməli və üç əsas qaydaya riayət etməlidirlər:

  • emosiyalara tam nəzarət etmək, yuxu rejimi qaydaya salmaq;
  • düzgün qurulmuş idman və məşqlər;
  • düzgün qidalanmaq.

 

Daha çox qidalanma rejiminin üzərində dayanaq. Bədən çəkisini optimal səviyyəyə qaldırmaq üçün gün ərzində içilən suyun miqdarını 2 litrə qədər artırmaq lazımdır. Kökəlməyə qətiyyən şirniyyat, un məmulatları və yağlı yeməklər yeməklə başlamaq olmaz. Çünki bu məhsullar çəkini artırsa da bədən şəklini pozur. Daha çox zülallar və təbii proteinlər hesabına kalori dəyəri yüksək olan qidalara üstünlük verilməlidir.

Məsələ burasındadır ki, zülallar mürəkkəb azotlu birləşmələrdir və canlı orqanizmdə bir sıra həyati vacib funksiya yerinə yetirir:

  • hüceyrənin əsas tikinti materialıdır, membran və əzələlərin yığılma elementlərinin, birləşdirici toxumanın qurulmasında önəmlidir;
  • orqanizmdə mübadilə proseslərini tənzimləyən bütün ferment və katalizatorların tərkib hissəsidir;
  • hormonların böyük bir qismi zülal təbiətlidir;
  • oksigenin, bəzi vitamin və dərman maddələrinin daşınmasında əsas rol oynayır;
  • anticisimlərin sintezində əsas maddədir, immuniteti təmin edir;
  • karbohidratlar və yağlardan sonra ikinci dərəcəli enerji mənbəyidir.
  • Zülalların orqanizmdə parçalanması zamanı 20 müxtəlif aminturşu əmələ gəlir ki, bunlardan on ikisi orqanizmdə sintez olunur və əvəzolunan aminturşular adlanır. Digər səkkizi isə əvəzolunmayan aminturşular adlanır və orqanizmə yalnız qida maddələri ilə daxil olur. Əvəzolunmayan aminturşularla zəngin olan tam zülallar süd və süd məhsulları, yumurta, mal, quş və balıq ətlərində çox miqdardadır. Bitki zülallarının tərkibində isə əvəzolunmayan aminturşular azdır.

 

Orqanizmin zülala olan sutkalıq tələbatı orta hesabla 80-100 qramdır. Yaş artdıqca ona olan tələbat azalır, stress vəziyyətində isə artır. Artıq zülal qəbulu, onun parçalanma məhsullarının qaraciyərə və böyrəklərə toksiki təsiri, həmçinin bağırsaqlarda çürümə proseslərinin artması ilə nəticələnir. Qidalanma zamanı bir dəfəyə maksimum 30-40 qram zülal qəbul edilməlidir.

Bütün orqanlar, xüsusən də əzələlər üçün yanacaq rolunu karbohidratlar, yəni şəkərlər oynayır. Aktiv həyat tərzi keçirənlər üçün sutkalıq şəkər norması hər kiloqram çəkiyə 6-8 qramdır. Bundan daha artıq miqdarda karbohidratıarın qəbulu qarın bölgəsinin piylənməsinə gətirib çıxarır. Karbohidrat deyəndə təkcə şəkər tozu deyil, həmçinin gün ərzində çörək və un məmulatları, şirniyyatlar, makaron, meyvə və tərəvəzlərlə birlikdə qəbul edilən məhsullar da nəzərdə tutulur.

Orqanizm üçün olduqca vacibdir, çünki A, E, D və bir sıra başqa vitaminlər, bəzi mikroelementlər yağların vasitəsi ilə bağırsaqlardan sorulur. Testosteron, estrogenlər kimi vacib hormonlar məhz lipid və xolesterindən əmələ gəlir. Doymamış yağlar sutkalıq kalori tələbatının cəmi 20 faizini təşkil etməlidir, yəni orqanizmin yağa olan tələbatı kremli pirojna və yağlı kolbasa ilə deyil, bitki yağları və dəniz məhsulları ilə ödənilməlidir.

Çəki artırmaq üçün pəhriz

Qida rasionunda daha çox süd, təbii qatıq, yağsız pendir, yağsız ət sortları, balıq növləri, təzə meyvə və tərəvəzlər, onların təzə şirələri, noxud, lobya, mərci kimi paxlalılar, kobud üyüdülmüş buğda və ya çovdar unundan çörək, düyü, qoz, fındıq, badam, günəbaxan tumu, sobada bişirilmiş kartof, yumurta, makaron və bitki yağında hazırlanmış salatlardan istifadə etmək tövsiyə olunur.

Tövsiyə olunmayam məhsullar arasında rafinə olunmuş, dondurulmuş və şəkərli qidalar (konfet, pirojna, dondurma), bərk yağlar və marqarin, qızardılmış yeməklər, konservlər və tez hazırlanan qidalardır. Həmin qidalar əzələ kütləsi yaratmaqdan daha çox daxili orqanların piylənməsinə aparıb çıxarır.

Reseptlər

Bananlı kokteyl

200 qram orta yağlı kəsmik eyni miqdarda təbii qatıq və ya kefirlə qarışdırılır, 1 ədəd banan doğranaraq əlavə edilir və blenderdə çalınır. Alınan kokteyl gün ərzində 2 dəfə yeməkarası içilir.

Yumurtalı kokteyl

1 yumurtanın sarısı köpüklənənə qədər çalınır. Başqa bir qabda 50 qram kəsmik, 1 stəkan süd və meyvə şərbəti çalınır, iki kütlə bir-birinə qarışdırılır və gündə 1-2 dəfə içilir.

Çiçək tozu ilə resept

500 qram çiçək tozuna 2 qutu qatılaşdırılmış süd əlavə olunur və iki həftə müddətində soyuducuda saxlanır. Hər səhər acqarına yaxşı çeynənmək çərti ilə əvvəlcə 1 çay qaşığı qəbul edilir. Hər 3-5 gündən bir yavaş-yavaş artıraraq 2 xörək qaşığına çatdırılır.

Balla qoz

3 ədəd qozun ləpəsi əzilir, 1 çay qaşığı bal və 1 stəkan südlə qarışdırılaraq birdəfəyə içilir. Həmin üsulla ay ərzindən 2-3 kiloqrama qədər kökəlmək mümkündür.

Adi yovşanlı qarışıq

Hərəsindən 2 hissə güldəfnə və zəyərək toxumları, eyni miqdarda xırdalanmış xəndəkotu kökləri, hərəsindən 1 hissə təzə gicitkən yarpaqları və təzə yovşan otu ilə qarışdırılır, az miqdarda şəkər tozu ilə əzilir. Gündə 2-3 dəfə yeməkdən yarım saat əvvəl 1 çay qaşığı qəbul edilir.

Şəfa vitamini ilə İmmunotea çayı

Şəfa vitamini gündə iki dəfə – səhər və günorta yeməkdən əvvəl qəbul edilir, eyni zamanda İmmunotea çayının dəmləməsi içilir. İki həftə qəbul ediləndə iştahanı və həzmi yaxşılaşdırır, mübadiləni tənzimləyir.

Zirinc yığıntısı

Zirincin meyvə, yarpaq və budaqlarının qarışığından 2 xörək qaşığı yarım litr qaynar suda 2 saat dəmlənir, süzüldükdən sonra gündə 3 dəfə yeməkdən əvvəl 1/3 stəkan içilir.

Bitki qarışığı

Hərəsindən 20 qram qızılçətir otu, kəcəvər kökü, hərəsindən 50 qram zəncirotu kökü, boymadərən otu və gicitkən yarpağı, hərəsindən 100 qram dazıotu və cökə çiçəkləri qarışdırılır, qarışıqdan 1 çay qaşığı 1 stəkan suda 1 saat dəmlənir. Süzülmüş dəmləmə gündə 2-3 dəfə ilıq şəkildə yeməkdən əvvəl içilir.

Göyçiçək dəmləməsi

10 qram quru göyçiçək otu 1 stəkan qaynar suda 1 saat dəmlənir, gündə 3 dəfə balla içilir.

Qədim slavyan resepti

400 qram duzsuz təbii kərə yağına 6 ədəd qızıləhmədi sortundan olan alma doğranır, qarışdırılır və zəif isidilmiş sobada 2 saat bişirilir. 12 ədəd yumurta sarısı 1 stəkan şəkər tozu ilə ağarana qədər çalınır, kənarda 400 qram tünd şokolad sürtgəcin kiçik gözündən keçirilir və çalınmış yumurta sarısı ilə qarışdırılır. Qarışığa alma doğranmış kərə yağı da əlavə edilir və bir daha qarışdırılaraq soyumağa qoyulur. Alınan kütlə gündə 3-4 dəfə çörəyin üzərinə çəkilir və mütləq 1 stəkan isti südlə yeyilir. Bu üsulla həftədə 800-1500 qram çəki yığmaq olur.

Kakao ilə resept

Emallı qazana hərəsindən 200 qram kakao, təbii duzsuz kərə yağı və bal əlavə olunur, mütəmadi qarışdıraraq əriyib qaynayanadək ocağın üstündə saxlanır. Ocaqdan götürüləndən sonra bir qədər soyudularaq şüşə bankaya tökülür və soyuducuda saxlanır. Qəbul edən zaman 1 çay qaşığı qarışıq 1 stəkan isti süddə həll edilir və gündə 2- 3 dəfə qəbul edilir, yaxud gündə 3 dəfə 1 xörək qaşığı südsüz yeyilir.

Yazı ilə əlaqəli məhsullarımız

Heç bir nəticə tapılmadı.