Azərbaycanın hər yerində şaftalı ağacı əkilib becərilir. Azərbaycandan kənarda isə Orta Asiyada, Çində, Moldovada və Qafqaz regionlarında becərilir. Üç tərəfə doğru ensizləşərək ellipsvari yarpağa malikdir. Yarpaqlarının kənarı mişardişli çox hallarda da dişlərinin ucunda vəziciklər yerləşir. Şaftalı ağacının çiçəkləri budaqlarda tək-tək yerləşərək qırmızı çəhrayı və nadir hallarda isə ağ rəngdə olur.
Ağacın çiçəkləməsi yarpaqlamamışdan əvvəl baş verir. Şaftalının birtoxumlu çoxşirəli və çəyirdəkli meyvəsi olur. Meyvənin çoxlu miqdarda növləri vardır. Bəzilərinin səthi çılpaq bəzilərinin də səthi ağımtıl tükcüklüdür. Meyvələrin forması rəngi və ətli hissəsi isə dəyişkəndir. Şaftalının çəyirdəyi iri oval ellipsvarı və dəyirmi olub, qabığı isə qalın sərt və uzunsov oyuqludur. Şaftalı toxumunda sitosterin, estron, a-estradiol, emulsin, fermenti və amiqdalin qlikozidi vardır.
Tərkibində bunlardan başqa 55%-ə qədər piyli yağlar olur ki, onun da əsasını yağ turşularından miristin 2,69%, palmitin 4,4 %, stearin 1, 12%, araxin 0,5%, olein 68,42-74% və linolen 20% vardır.
Təbabətdə şaftalı.
Şaftalıdan təbabətdə dərman xammalı kimi istifadə olunur. Şaftalının toxumundan alınan piyli yağ ümumi “şaftalı yağı” adı altında istehsal olunur. Şaftalı kompotunun hazırlanmasında ehtiyatlı olmaq vacibdir, çünki, meyvənin bütöv halda istifadə olunması zəhərlənməyə səbəb ola bilər. Meyvəsi süfrələrin yaraşığı olan şaftalıdan qida sənayesində də geniş istifadə olunur.
İnsan orqanizminin sağlamlığına şaftalının həm ağacının, həm meyvəsinin, həm də toxumunun müsbət təsiri vardır. Şaftalının meyvəsi vitaminlərlə zəngin və güclü antioksidant effektə malikdir. Güclü antioksidant təsiri sayəsində bir çox xərçəng xəstəliklərinin qarşısının alınmasında əhəmiyyətlidir. Şaftalının kalium və maqneziumla zəngin olması hamiləlik dövründə, ana bətnində dölün sümük sisteminin inkişafına müsbət təsir göstərir.
Şaftalı tərkibindəki polivitaminlər sayəsində həzm sisteminə müsbət təsir göstərərək, həzmi sürətləndirir və bağırsaqların işini asanlaşdırır. Həzm sistemdə olduğu qədər böyrək xəstəliklərində də müsbət təsir göstərərək böyrək daşlarının düşməsində və sidik yollarının müalicəsində xüsusi rol oynayır.
Şaftalı qanda toplanan zəhərli maddələri orqanizmdən təmizləməklə yanaşı, həm də qanın durulaşmasına və qan dövranının sürətlənməsinə yardım edir. Eyni zamanda hər kəsdə diskomforta səbəb olan ağız qoxusu problemini aradan qaldırır. Bununla yanaşı şaftalının gözəl qoxusu insanda ruh yüksəkliyi yaradaraq, stress və depresiyada olan insanlara sakitləşdirici və antidepressant təsir göstərir, əhval-ruhiyyəni yaxşılaşdırır.
Həkim-nevroloq Axundova Qəndab.