Sərinləşdirici içkiləri içərkən nələrə fikir verməliyik?

Sərinləşdirici içkiləri içərkən nələrə fikir verməliyik?

Yayın gəlməsi və havaların kəskin istiləşməsi sərinləşdirici içkilərə tələbatı daha da artırıb. Hələ qədim zamanlardan təbii qazlı sular müalicə məqsədi ilə istifadə olunmuşdur. Qədim təbabətdə Hippokrat qazlı sudan içməyi və həmin suda çimməyi məsləhət görmüşdür. İnsanlar müxtəlif xəstəliklərin müalicəsində təbii qazlı suların müalicəvi əhəmiyətini aşkarladıqdan sonra həmin suları butulkalarda daşıyaraq satmağa və ondan qazanc əldə etməyə başladılar ki, bu da təqribən on səkkizinci əsrdən etibarən inkişaf edib dünyanın hər yerinə yayıldı. Adi karbon qazı belə insan üçün çox da təhlükəli olmadığı halda su ilə birlikdə insan orqanizminin sağlamlığına ziyan vurur. Demək olar ki qaz su ilə reaksiyaya girərək karbon turşusu əmələ gətirir, o da mədə-bağırsaq sistemi üçün təhlükəli olub qıcıqlanmaya və iltihabi proseslərin əmələ gəlməsinə şərait yaradır.

Sərinləşdirici içkilərin zərərli təsirindən uzaq olmaq üçün təbii sərinləşdirici içkilərdən istifadə etmək daha məqsədəuyğundur.

Ev şəraitində hazırlanan sərinləşdirici içkilər

Sərinləşdirici içkiləri təbii yolla ev şəraitində də hazırlamaq mümkündür. Ev şəraitində hazırlanan sərinləşdirici içki kimi ayrandan, təbii meyvələrdən sıxılmış şirələrdən, kompotlardan istifadə etmək olar. Badam dənələrinin qabığını qaynar suda arıtlayıb blenderdən keçirib süd və darçın əlavə edərək həm orqanizmin kalsiuma olan tələbatını ödəmək, həm də sərinləşdirici içki məqsədi ilə istifadə etmək olar. Bananla süddən eynilə darçın əlavə edərək sərin kokteyl hazırlamaq mümkündür. Belə təbii sərinləşdirici içkilərin siyahısını istənilən qədər uzatmaq olar. 1. Limon-bal-zəncəfil 2. Limon-reyhan 3. Qızılgül-limon-bal 4. Bal-zəncəfil-darçın-mixək-limon və s. Bu tərkiblərin suda qarışığını hazırlayıb sərinləşdirici içki kimi istifadə etmək olar. Əksəriyyət meyvələrdən həm tək, həm də qarışıq halda sərinləşdirici içkilər hazırlamaq mümkündür. Məlumdur ki, qaynadarkən meyvələrin tərkibində olan vitaminlər parçalandığına görə onların təbii şirələrindən və dəmləmələrindən sərinləşdirici içki kimi istifadə etmək orqanizm üçün daha əhəmiyyətlidir. Bu cür təbii yollarla alınan sərinləşdirici içkilər maddələr mübadiləsinin sürətlənməsinə, immunitetin yüksəlməsinə və orqanizmin vitaminlərlə və mikroelementlərlə zənginləşməsinə xidmət edəcək.

Həkim nevroloq Qəndab Axundova

http://fizulihuseynov.com/news/isti-yayin-serinlesdirici-ickisi-15