Qadınlarda cinsi infeksiya

Qadınlarda cinsi infeksiya

Uzunmüddətli antibiotik istifadəsindən tutmuş düzgün olmayan gigiyena qaydalarına qədər bir çox amillər vaginanın təbii mühitini pozur və infeksiyaların əmələ gəlməsinə səbəb olur. Vaginanın təbii mühitində rast gəlinən laktobakteriyalar, əsasən xoşxassəlidir. Sayı üstünlük təşkil edən bu mikroorqanizmlər müəyyən bir turş mühit yaradır və digər xəstəliktörədən mikroorqanizmlərin yoluxmasına imkan vermir. Ancaq hamiləlik, vaginanın tez-tez yuyulması, antibiotik istifadəsi, ümumi immun sisteminin zəifləməsi, qoxulu tamponlar və vagina spreyi kimi səbəblərdən vaginanın bu təbii mühiti pozulduqda infeksiyalar üçün bir şərait yaranır. Vaginal infeksiyalar güclü axıntı, qaşınma, pis qoxu, ağrılı cinsi əlaqə və sidik ifraz edərkən yanma kimi şikayətlərlə özünü göstərir. Göbələk infeksiyaları vagina, xarici cinsiyyət orqanında qaşınma, ağ rəngli, kəsmiyəbənzər və ya pendir kimi pis qoxulu ifrazatla özünü göstərir. Bakterial infeksiyalar isə daha çox sarı-yaşıl və ya boz rəngli axıntılarla, xüsusən cinsi əlaqədən və ya menstruasiya dövründən sonra pis qoxu artması ilə seçilir.

Kandida tipli vaginit – Qadınların 75%-i ömründə bir dəfə də olsa göbələk infeksiyasına tutulur. Göbələk infeksiyalarının müalicəsində antimikotik vasitələrdən istifadə olunur. Bəzi xəstələrdə dözümlü ştammlar inkişaf edə bilər. Bu vəziyyətdə göbələk növünü təyin etmək və müalicəni buna uyğun istiqamətləndirmək lazımdır. Çox zaman xəstələr vaginal infeksiyaların müalicəsindən bezərək yarımçıq qoymaqla böyük səhvə yol verirlər. Belə xəstələrdə infeksiyalar təkrarlanır. İkinci müalicədə eyni dərmanlardan istifadə etmək mümkün olmaya bilir.

Parazitar vaginit – Çox yayılmış vaginal infeksiyanın bir növü də trichomonada adlanan parazitlərlə törənir. Cinsi yolla keçən xəstəliklər kateqoriyasına aid olan bu parazitlə yoluxmada, əsasən sarı-yaşıl, köpüklü ifrazat olur və vaginanın selikli qişasında kiçik qanaxmalar da müşahidə olunur. Cinsi əlaqə zamanı ağrı, gərginlik və ya yanma kimi şikayətlərlə müraciət edən xəstənin axıntı nümunəsində yoluxucu bir parazitin olması diaqnozu təsdiqləyə bilər. Vagina mayelərin daxil olmasına mane olsa da, təbii quruluşu sayəsində hovuzlarda istifadə olunan kimyəvi maddələr vaginanın mühitini poza bilər. Ümumi tualet istifadəsi bəzən infeksiyaların baş verməsinə səbəb ola bilir. Vaginanın təbii mühitini qorumaq üçün havasız və nəm qalmasına yol verilməməlidir. Pambıq alt paltarından istifadə etmək məqsədəuyğundur.

Vaginitin müalicəsi


Bakterial və parazitar, bəzən təkrarlanan infeksiyalarda həyat yoldaşının da müalicəsi tövsiyə olunur. Kişilər heç bir şikayət olmadığı üçün müalicədən imtina edə bilər, ancaq onların müalicəsi sağalmanı qalıcı edir və xəstəliyin müddətini qısaldır. Vaginal infeksiya simptomları çox vaxt insanları narahat edəcək səviyyədə olmadığından nəzərə çarpmır və xəstəlik yayılır. Cinsi əlaqədə olan hər bir qadın cinsi yolla keçən infeksiyalara həssas olur. Eyni zamanda vaginanın ətrafındakı bakteriya və viruslar onun turşuluğunu azalda və infeksiyaya səbəb ola bilər. Cinsiyyət orqanı ilə təmasda olan hər hansı bir material vaginal maya infeksiyasına səbəb ola bilər. Xüsusilə hamiləlik zamanı vaginal infeksiyaya yoluxma riski olduqca yüksəkdir. Medikamentoz terapiya ilə yanaşı təbii üsullarla da aparılan vaginal infeksiya müalicəsi böyük effektə malikdir.

Bitkilərlə müalicə həm tək, həm də kompleks müalicənin tərkibində aparıla bilər. Gicitkən yarpaqları, gülümbahar, aptek çobanyastığı çiçəyi, boymadərən otu, su bibəri otu kimi bitkilərin dəmləməsinin daxilə qəbulu ümumi antiseptik, iltihabəleyhinə təsir göstərir və müxtəlif növ mikroorqanizmləri məhv edir. Bu bitkilərin yığıntısından hazırlanan Profemin çayı vaginal infeksiya müalicəsində yüksək təsirə malikdir. Həmin bitkilər efir yağları, fitonsidlər, fitoestrogenlər, aşı maddələri və flavanoidlərlə zəngindir. Daxilə qəbuldan başqa vaginanın şırınqa ilə yuyulmasının da müalicədə böyük əhəmiyyəti vardır.

https://fizulihuseynov.com/