Müalicəvi bitkilər və tətbiqi

Müalicəvi bitkilər və tətbiqi

Xəstəliklərin profilaktika və müalicəsi həm Kimya Əczaçılıq Sənayesi tərəfindən istehsal olunmuş dərman maddələri ilə, həm də müalicəvi bitkilərlə aparılır. Əczaçılıq Sənayesinin istehsal etdiyi dərmanların hazırlanmasında xammal kimi 35-40% bitkilərdən istifadə olunur. Müalicəvi bitkilərin hər birinin özünəməxsus təsir xüsusiyyətləri vardır. Dərman bitkilərini tərkibinə görə böyük bir qrupda cəmləşdirmək olar. Onların təsiri bir sıra fizioloji fəal maddələrlə əlaqədardır. Bu maddələr alkaloid, qlükozid, flavanoid, vitamin, aşı maddə, kumarin, efir yağı, fitonsid, acı maddə, mikroelement, ferment və bir sıra turşulardır.

Müalicəvi bitkilərin təsiri


Xüsusilə mədə-bağırsaq, sinir, ürək-damar, sidik-cinsiyyət sistemi, qaraciyər və öd yolları xəstəliklərinin müalicəsində dərman bitkilərindən daha çox istifadə olunur. Bu orqan xəstəliklərinin müalicəsində tətbiq olunan bitkilərin 90%-i xammal kimi işlədilir. Müasir təbabətdə 200-dən artıq müalicəvi bitkidən istifadə edilir. Tədarük olunan 1000 tonlarla dərman bitkilərinin yarısı yabani halda bitir. Bir zamanlar bitkilərin müalicəvi təsiri inkar olunsa da, son vaxtlar xalq təbabətinə və təbii müalicəyə çox üstünlük verilir. Bitkilərin müalicəvi təsiri elmi olaraq da sübut olunmuşdur.

Evkalipt, adaçayı və gülümbahar kimi bitkilər antiseptik, antibakterial, antivirus və göbələk əleyhinə təsir göstərir. Şirin biyan kökü, dəvədabanı, bağayarpağı və kəklikotu kimi bitkilər bəlğəmdurulaşdırıcı, bəlğəmgətirici və öskürək əleyhinə effektə malikdirlər. Boymadərən, solmazçiçəyi, dazıotu kimi bitkilər isə güclü spazmolitikdirlər. Qarğıdalı saçağı, çöl qatırquyruğu, şirin biyan kökü, itburnu meyvəsi, ziyili tozağacı və gicitkən kimi bitkilər isə böyrək və sidik yollarının xəstəliklərində çox geniş istifadə olunur. Gülxətmi dəmləməsi də effektiv təsirə malikdir. Bu bitki vitamin C, pektin, polisaxaridlər və seliklə çox zəngin olduğu üçün maddələr mübadiləsini və oksidləşmə-reduksiya reaksiyalarını sürətləndirir, ağır metal duzlarını orqanizmdən xaric edir, bəlğəmgətirici və mədə-bağırsağın fəaliyyətini yaxşılaşdırıcı təsir göstərir.

Müalicəvi dərman bitkilərinin kök, çiçək, meyvə, yarpaq və toxumları dəmləmə, ekstrakt, spirtdə çıxarış və kapsul şəklində hazırlanır. Bitkilərin müxtəlif qruplar şəklində yığıntısından ayrı-ayrı xəstəliklərin müalicəsində istifadə edilir. Bu məhsullar həm tək işlədilir, həm də kompleks müalicənin tərkibinə daxil olunur. Tənəffüs sistemi xəstəliklərinin müalicəsində Teasept, Teaqrip, Teabronx çayları, Bronxonat şərbəti, Angins10, Stomanginol Rizin Aqua spreyi kimi təbii tərkibli vasitələrdən istifadə edilir. Bu bitki tərkibli məhsullar yeni simptomlarla büruzə verən xəstəliklərin tez bir zamanda qarşısını alır və sağalmanı sürətləndirir.

https://fizulihuseynov.com/