Kardionevroz

Kardionevroz

 

Kardionevroz psixosomatik xəstəlikdir. Bu xəstəliyin əmələ gəlməsində ətraf mühit amillərinin rolu böyükdür. Xarici amillərin təsiri nəticəsində vegetativ sinir sisteminin normal fəaliyyətinin pozulması fonunda yaranırr. Kardionevroz xəstəliyi ürək-damar sistemində orqanik yox, funksional dəyişikliklərlə büruzə verir. Ürək nevrozu ürək-damar, sinir və tənəffüs siteminin, psixi durumun bəlli simptomlarla özünü göstərən funksional patalogiyasıdır. Xəstəliyin əsas əlamətləri ürək nahiyəsində ağrılar, ürək vurğularının sayının artması (taxikardiya), yuxusuzluq, ümumi zəiflik, yorğunluq, təngnəfəslik və əsəbilikdir.

Dəqiq diaqnozun qoyulması üçün xəstəliyin klinik əlamətlərinin olması ilə yanaşı, bir sıra xəstəliklərin də instrumental və laborator müayinələrlə inkar edilməsi vacib şərtlərdəndir. Kardionevroz xəstəliyinin kompleks müalicəsinin tərkibinə həm medikamentoz müalicə, həm psixoloji vəziyyətin normallaşması, həm də xəstəliyi yaradan amillərin aradan qaldırılması daxildir. Bu tip patalogiyalarda dərman müalicəsini başlamaqla yanaşı, pasientin həyat şəraiti normallaşdırılmalı və xəstəliyin təkrarlanmasına səbəb olan amillər aradan qaldırılmalıdır. Nəzərdə tutulan amillərə müxtəlif stress faktorları, hormonal disbalans, infeksion-iltihabi problemlər, psixo-emosional vəziyyətlər, fiziki-kimyəvi faktorlar və s. aiddir.

Qadınlar arasında xəstəlik kişilərə nisbətən daha çox rast gəlinir. Xəstəliyin ən əsas əlamətləri döş sümüyü arxasında ağrı, uzunmüddətli ürəkdöyünmələr, aritmiya, arterial hipertenziya, nəzərəçarpan təngnəfəslik, aşağı ətraflarda hiperhidroz, nəfəsalmanın natamam olması, yuxusuzluq və əsəbilikdir. Yüngül, orta-ağır və ağır dərəcələri olduğu kimi ağırlıq dərəcələrinə uyğun da müalicə təyin edilir. Bir sıra kəskin qidalar, alkoqollu içkilər, siqaret və qadınlarda mestrual siklin təkrarlanması xəstəliyin yenidən baş qaldırmasına gətirib çıxarır. Yuxarıda qeyd etdiyimiz kimi kardionevroz ürəyin orqanik xəstəliyi olmadığı üçün dəqiq diaqnoz qoyulması üçün elektrokardioqrafiya, exokardioqrafiya kimi müayinələrlə orqanik kardial xəstəliklər inkar olunmalıdır.

Müalicəsində medikamentoz-psixotrop, fizioterapiya ilə yanaşı, psixoterapevtik seanslar da məqsədyönlüdür. Yaş artdıqca kardionevroz xəstəliyinin tutmalarının intensivliyi azalır və ciddi ağırlaşmalar baş vermir. Kardionevrozla xəstə olanlar bilməlidir ki, kardionevroz xəstəliyinin provokasion amilləri olan stress, fiziki-psixi gərginlik, əsəbilik, kəskin qidalar, tütün məmulatları, alkoqollu içkilər və ağır fiziki işdən uzaq olmaları məsləhətlidir. İdman, təmiz havada gəzinti xəstəliyin müalicəsinə müsbət təsir göstərir.

http://fizulihuseynov.com/