Yaz fəsli orqanizmi gümrahlaşdırmaq, immun sistemi yüksəltmək və yay fəslinə qədər arıqlamaq üçün ən münasib zamandır. Bunun üçün düzgün qidalanma rejiminə riayət etməliyik.
Detoks və pəhrizlə arıqlama arasındakı fərqi bilək və düzgün qidalanaq!
Pəhrizlə arıqlama – orqanizmin gündəlik qəbul etməyə öyrəşdiyi qida maddələrinin (zülal, karbohidrat, yağ) həm kəmiyyət, həm də keyfiyyətcə kəskin məhdudlaşdırılmasıdır. Pəhrizə oturan kimi yalnız qarabaşaq, yaxud alma yeməklə, yağsız kefir içməklə sizə elə gəlir ki, bu rasionla qısa zamanda artıq çəkidən azad olacaqsınız. Siz bu zaman özünüzü orqanizm üçün faydalı çoxlu maddələrdən məhrum edirsiniz. Pəhrizin həm əvvəli, həm də sonunda orqanizm üçün güclü stress yaradırsınız. Ola bilər ki, siz bir neçə kiloqram çəkidən azad olursunuz, amma pəhrizi bitirən kimi yenidən əvvəlki çəkiyə qayıdırsınız.
Bəs sağlam arıqlamaq üçün nə etməli? Bunun üçün siz yeni sağlam qidalanma rejiminə keçməli və ona həmişə əməl etməli, yaxud həftəlik detoks-proqramlar təşkil etməlisiniz.
Detoks – detoksikasiya sözünün qısaldılmış variantı olub, orqanizmin toksinlərdən təmizlənməsi deməkdir. Detoks gündəlik qida məhsulları seçiminə fərqli yanaşma tərzidir. Biz qida seçərkən əsasən dad və ləzzətinə önəm veririk, onun zərəri barədə düşünmürük. Detoks isə dad vərdişlərimizi daha təbii və faydalı qidalara yönəldir. Belə ki, qida rasionundan zərərli qidalar (yağlı, qızardılmış yeməklər, un məmulatları, fastfood-lar, polifabrikatlar) çıxarılır. Əvəzinə maddələr mübadiləsini sürətləndirən qidalar (çoxlu göyərti, yaşıl yarpaqlı tərəvəzlər, çuğundur, sarımsaq, kələm, qara giləmeyvələr, alma, limon, qreypfrut, ananas, təzə çəkilmiş şirələr, paxlalı və dənli bitkilər, soya, yumurta və s.) əlavə olunur. Bu qida məhsullarından hazırlanmış salat və xörəklər az termiki işlənməyə məruz qalmalıdır ki, tərkibindəki vitaminləri itirməsin.
Gün ərzində 2 L maye qəbul edilməlidir, bu, adi su yaxud bitki çayı ola bilər (Zərif Detox, Antixol çayı və s.).
Hamını bir sual maraqlandırır, bütün bunlara əməl etsəm, arıqlayacammı? Bəli, çünki
- qida rasionunda şəkər və yağlarla zəngin qidalar,
- yüksək kalorili məhsullar məhdudlaşdırılaraq,
- daha sağlam və maddələr mübadiləsini tezləşdirən qidalar qəbul edirsiniz.
Nəticədə sizi narahat edən artıq çəkilərdən orqanizmə heç bir zərər vurmadan azad olursunuz, həm də orqanizm birbaşa özündə, dolayısı ilə qaraciyərdə toksinləri detoksikasiya edir, lazımsız maddələr isə bağırsaq, böyrək, dəri və ağciyərlər vasitəsilə xaric olunur. Beləliklə, insanın əhvali-ruhiyyəsi yaxşılaşır, bağırsaq və dəri təmizlənir, bədən rəngi şəffaflaşır.
Detoks yalnız xüsusi qidalanma rejimi deyil, həm də özünəməxsus həyat tərzi olduğu üçün biz həm zərərli qidalardan, həm də qeyri-üzvi kosmetik vasitələrdən, müxtəlif zərərli vərdişlərdən, stresdən uzaq durmalı, əksinə idmanla məşğul olmalı, istirahət və dincəlmək üçün də vaxt ayırmalıyıq.