Çillər.

Mündəricat

Çil haqqında.

Çillər xırda, ölçüsü darı dənəsindən mərci dənəsinə qədər olan sarı, narıncı və ya açıq qəhvəyi ləkələrdir. Dəri səthindən yüksəlmir və kəpəklənmir, adətən simmetrik şəkildə üz, boyun, sinə və ətraflarda, bəzən də cinsiyyət üzvlərində yayılır. Əgər ləkələr həddən artıq çoxdursa onlar bütün dəriyə yayılır, bir-biri ilə birləşərək iri sarı-qonur piqmentasiya ocaqları əmələ gətirir.

Çillərin yaranması dəriyə günəşin ultrabənövşəyi şüalarının təsiri ilə baş verir, daha çox yazda tündləşir və yay boyu payıza qədər saxlanır, qışda isə az üzə çıxır. İlk çillər 5-6 yaşında əmələ gəlməyə başlayır, cinsi inkişaf dövründə daha çox kəskinləşir, yaşlananda isə solğunlaşır və demək olar ki, görünmür.

Çillər və ya efelidlər dərinin xüsusi piqmentasiya formasıdır və bir çox hallarda irsi xarakter daşıyır. Çillər valideynlərdən uşaqlara autosom-dominant yolla ötürülür və bu, o deməkdir ki, patoloji geni daşıyan hər kəsdə dəri ləkəli olur, daşıyıcılıq halına rast gəlinmir. Çox vaxt ailə üzvlərinin hamısının dərisi çilli olur.

Tədqiqatlar.

Tədqiqatçıların bir qismi çilləri anadangəlmə dəri ləkələrinin xüsusi forması kimi qiymətləndirir. Onlara əksərən kürən və sarışınlarda, daha az hallarda şatenlərdə rast gəlinir, brünetlərdə və dəri rəngi tünd olanlarda isə demək olar ki, müşahidə olunmur. Başqa bir yanaşmaya görə isə çillər dərinin xoşxassəli törəmələrinə aid edilir.

Genetik faktorun təsiri ilə melanin piqmentini əmələ gətirən hüceyrələrin – melanositlərin strukturu dəyişir, onlar piqmenti daha aktiv sintez etməyə başlayır. Bundan əlavə melaninin dəridə qeyri-bərabər yayılması günəş şüalarının təsirindən bərabər qaralmaya deyil, məhz çillərin əmələ gəlməsinə səbəb olur.

Çillərdən götürülmüş materialın patohistoloji müayinəsi zamanı dərinin üst qatlarında çoxlu melaninin toplanması aşkar edilir. Çilləri lentiqo kimi dəri xəstəliyindən fərqləndirmək çox vacibdir. Lentiqo zamanı dəridə əmələ gələn ləkələr daha iri ölçüdə olur, sağlam dərinin səthindən bir qədər yüksəlir, rəngi bir qədər tünd, bəzən də maviyəçalan olur.

Çilləri aradan qaldırmaq bir qədər çətindir. Bunun üçün səthi və dərin pilinq prosedurları, civə preparatları, salisil spirti və turşu tərkibli ağardıcı vasitələrdən istifadə olunur. Dərman preparatları arasında retinoidlərin bir neçə ay qəbulu efelidlərin solmasına səbəb olur.

Fotomüalicə zamanı dərinin çilli nahiyələrinə qısamüddətli parlaq işıq şüaları ilə təsir edilir. Ən radikal və effektiv müalicə üsullarından biri lazer müalicəsidir. Həmin prosedurların mənfi xüsusiyyəti ondan ibarətdir ki, onların mütəmadi istifadəsi dərinin erkən qırışması və qocalmasına səbəb olur.

Dəri çillərindən əziyyət çəkənlər onların artmasını qabaqlamaq üçün yaz və yay aylarında mütləq qoruyucu krem çəkməli, xinin və salol tərkibli qoruyucu kirşandan istifadə etməli, günəş altında uzun müddət qalmamalıdır.

Qida rasionunda C vitamini (askorbin turşusu) və PP vitamini (nikotin turşusu) ilə zəngin məhsullar artırılmalıdır. Orqanizm C vitaminini bir çox meyvə və tərəvəzlərdən alır, PP vitamini isə daha çox toyuq və mal ətində, qaraciyər və qarabaşaq yarmasında olur.

Çilləri ağartmaq üçün su ilə qarışdırılmış limon, təzə sıxılmış cəfəri, təzə xiyar, qreypfrut və ya qara qarağat şirələridən istifadə olunur. Həmin meyvələrin tərkibində olan turş maddələr piqmenti oksidləşdirir və rəngini açır.

Süd məhsulları, xüsusən də turş süd, kefir və qatıq yumşaq ağardıcı təsir göstərir. Ağardıcı maska və losyonlar axşam saatlarında tətbiq olunur və onların istifadəsindən sonra günəş altına çıxmaq olmaz.

Reseptlər.

Xiyar losyonu

2 xörək qaşığı xiyar toxumunun üzərinə 1 stəkan 40 faizli spirt əlavə olunur, 2 həftə qaranlıq yerdə saxlanır, süzüləndən sonra hər gün üz dərisi losyonla silinir.

Zəncirotu dəmləməsi

Bir ovuc zəncirotu çiçəkləri 1,5 stəkan stəkan qaynar suda dəmlənir, soyuyandan sonra pambıq tampon dəmləmədə isladılır və dərinin çilli nahiyələrinə islatma qoyulur. Üzün yuyulması üçün də dəmləmədən istifadə etmək olar.

http://fizulihuseynov.com/

Yazı ilə əlaqəli məhsullarımız

Heç bir nəticə tapılmadı.