Çobanyastığı çiçəyinin təbiətdə 20-dən çox növü məlumdur. Təbabətdə bu bitkinin ən çox aptek çobanyastığı (chamomilla recutita L.) növündən istifadə olunur. Mürəkkəbçiçəklilər fəsiləsinə aid olan bu bitkinin hündürlüyü 60 santimetrə çatır. Çobanyastığı birillik ot bitkisidir. Bütün növlərinə yaz, yay və payız aylarında rast gəlinir. Ən çox isə iyun ayında çiçək açır. Geniş yayılması və həmçinin becərilməsi Avrasiya ölkələridir. Azərbaycanda Kür-Araz ovalığında daha çox rast gəlinir. Çobanyastığı sərbəst halda əkin yerlərində, çəmənliklərdə, talalarda, yol kənarlarında bitir.
Tibbdə çobanyastığının digər bir növü – ətirli və ya dilcikvari çiçəksiz növü istifadə olunur. Onun budaqları burulmuş şəkildə olur. Səbətlərdə isə dilcikvari ləçəkləri olmur. Bu növ çobanyastığı çox ətirli olur. Çobanyastığının çiçək səbətlərində çox miqdarda efir yağları toplanır ki, bunun da tərkibində xamazulen, bisabolen və onların oksidləri kadinen, mirsen, kapril, nonil və izovalerian turşuları vardır. Çobanyastığı çiçəyinin səbətində toplanan efir yağlarının tərkibində ən qiymətli komponentləri matrisin və matrikarin, eskviterpen laktonlarıdır. Bu bitki flavonoidlər, kumarinlər, triterpen spirtləri, karotin və bir sıra digər maddələrlə zəngindir. Aptek çobanyastığını bəzi özəlliklərinə görə “Adi turasotu”, “İysiz çobanyastığı”, “Çöl çobanyastığı” və “İt çobanyastığı” növlərindən ayırmaq lazımdır. Aptek çobanyastığı tibbdə ən çox istifadə edilən növüdür.
Aptek çobanyastığının farmokologiyada istifadəsi
Aptek çobanyastığı çiçəklərinin bişirməsi saya əzələlərin spazmını aradan qaldırır, antiseptik, iltihabəleyhinə və tərlədici təsir edir. Dəmləməsi bağırsaq infeksiyalarında, meteorizm, ishal və bağırsaq spazmlarında çox müsbət təsir göstərir. Çobanyastığı dəri və selikli qişaların, o cümlədən, daxili orqanların və mədə bağırsaq sisteminin əksər xəstəliklərində geniş istifadə olunur. Bu bitkidən qarqara, islatma, vanna, inhalyasiya və imalə şəklində istifadə edilir. Yuxarı və aşağı tənəffüs yolları xəstəliklərində istifadə olunan Teaqrip, Teasept, İmmunotea çayları, Angins10 məhlul və spreyi kimi məhsullarımızın tərkibindəki aptek çobanyastığı preparatın təsirini daha da qüvvətləndirir. Qastren, Pankreas kimi mədə-bağırsaq xəstəliklərində geniş istifadə olunan çayların da tərkibində aptek çobanyastığı vardır. Bu bitki qastrit, kolit, enterokolit və enterit kimi bağırsaq xəstəliklərində çox böyük təsir gücünə malikdir. Ümumiyyətlə, aptek çobanyastığı ağız boşluğu, xarici qulağın iltihabi xəstəliklərində, vaginit uretrit, sistit, iltihabi dermatozlarda qarqara, yuma və kompres şəklində geniş tətbiq edilir. Aptek çobanyastığının mikrosirkulyasiya və regenerasiyanı yaxşılaşdırma xüsusiyyətləri də onun üstün təsirlərindəndir.