Qarğıdalı saçağı
Qarğıdalının vətəni Meksika hesab olunur. Qədim meksikalılar üçün qarğıdalı müqəddəs bitki hesab olunurdu. Qarğıdalının cavan zoğlarının əmələ gəlməsi torpağın dirçəlməsinə işarə idi. Ölkəmizdə də qarğıdalı bitkisi qida mənbəyi kimi geniş istifadə olunur. Azərbaycanda kənd təsərrüfatı sahəsində qarğıdalının becərilməsinə xüsusi önəm verilir. Bitkinin meyvəsindən qida sənayesində, gövdə və yarpaqlarından heyvandarlıqda, saçaqlarından isə müalicə məqsədi ilə istifadə olunur.
Qarğıdalı saçağının tərkibi acı qlikozidlər, saponinlər, askorbin turşusu, pantoten turşusu, vitamin K, inozit, sitosterol, stiqmasterolla zəngindir. Qarğıdalı saçaqlarının tərkibində biotin, nikotin turşusu, kversetin, izokversitrin kimi faydalı komponentlər də mövcuddur. Bu maddələrin içərisindən kversetin sink elementinin hüceyrə daxilinə toplanmasını təmin edir.
Qarğıdalı saçaqları sidikqovucu, ödqovucu, qankəsici təsirlərinə görə xolesistit, hepatit, bir çox uroloji xəstəliklər, sidik daşı xəstəliyi, nefrit, ödemlər, müxtəlif qurd invaziyalarının müalicəsində geniş istifadə olunur. Qarğıdalı saçaqlarından hazırlanmış preparatlar ödün sekresiyasını artırır, onun qatılığını və nisbi sıxlığını azaldır, qanda bilirubin səviyyəsini aşağı salır. Mədəaltı vəzin və qaraciyərin işini stimulyasiya edir. Qanda protrombinin miqdarını artırır və qan laxtalanmasını sürətləndirir.
Qarğıdalı saçağının faydaları
- Qarğıdalı saçaqları yuxarıda da qeyd etdiyimiz kimi həm sidikqovucu, həm də uroseptik olduğu üçün sidik yollarının iltihabi xəstəliklərində, sidik kisəsi daşlarında, böyrək daşı xəstəliyində və müxtəlif etiologiyalı ödemlərdə öz faydasını göstərir.
- Sidik yollarından xırda daşların xaric olmasını sürətləndirir.
- Nahamar daşların selikli qişaya mexaniki təsiri nəticəsində əmələ gələn qansızmaların qarşısını alır. Bunun səbəbi qarğıdalı saçaqlarının güclü qankəsici təsiridir.
- Qarğıdalı saçaqları həm də böyrəklərdə hemodinamikanı yaxşılaşdırır, yumaqcıqların filtrasiyasını və reabsorbsiya qabiliyyətini sürətləndirir.
- Sidik turşusu və onun duzlarının böyrəklər vasitəsi ilə tez bir zamanda orqanizmdən ekskresiyasını təmin edir.
- Qarğıdalı saçaqları yumaqcıqlarda damardaraldıcı maddə hesab olunan renin sintezini azaldır, bu təsiri sayəsində orqanizmində arterial təzyiqin qalxmasının qarşısını alır.
- Qarğıdalı saçaqlarının faydaları bununla da bitmir. Bu əvəzolunmaz faydalı bitki qanda həm də xolesterol səviyyəsini azaldır, lipid mübadiləsini tənzimləyərək orqanizmdə aterosklerozun, damar patologiyalarının inkişaf riskinin qarşısını alır.
- Orqanizmdə karbohidratların və yağların parçalanmasını sürətləndirir, zülali birləşmələrin toxumalar tərəfindən mənimsənilməsini təmin edir.
- Qanda şəkər səviyyəsini azaldır, antioksidant effekt verir, metabolizmi sürətləndirir.
- Qarğıdalı saçaqları artıq çəkidən əziyyət çəkən insanların da köməyinə çatır. Aclıq hissini dəf edir, insulin sintezini artırır. Belə ki, bu faydalı təbii vasitə iştahanı azaldır, arıqlamağa kömək edir.
Bu əvəzolunmaz bitkidən siz də faydalanın, sağlam olun!