Ardıc meyvəsi
Ardıc – iynəyarpaqlı, həmişəyaşıl kol və ağac növü hesab olunur. Ardıc yer kürəsində bəzi mənbələrə görə 10 milyon ilə yaxın mövcuddur. Dərman bitkisi kimi ilk dəfə Qədim Misirdə, sonra Qədim Yunanıstan və Romada istifadə edilib. 50-yə yaxın növü olan ardıc ikievli bitki hesab olunur. Əksər növləri dekorativ bitki hesab olunsa da, adi ardıc məhz müalicəvi və kulinariya məqsədilə istifadə olunur. Mayda çiçək açır, dişi növləri 3-5 m, erkək növləri 5-8 m hündürlükdə olur.
Ardıc meyvəsinin tərkibindəki vitaminlər
Ardıc 6-9 mm diametr ölçüdə, səthi hamar, parlaq, qara yaxud bənövşəyi-qəhvəyi çalarlı, faydalı meyvələri ilə tanınır. Ardıc meyvələrinin yaşılımtıl-qəhvəyi ləti, sarımtıl-qəhvəyi toxumları, özünəməxsus ətri, şirintəhər dadı var. Ardıc meyvələrinin tərkibi çox miqdarda vitamin C, mikroelementlər, zülallar, aşı maddələri, liflər, efir yağları, flavonoidlər, üzvi turşular (alma, qarışqa və sirkə turşuları) və digər bioloji aktiv maddələrlə zəngindir.
Bu faydalı komponentlər bitkinin demək olar ki, bütün hissələrində aşkarlanıb. Meyvələri sidikqovucu, iltihab əleyhinə, mikrob əleyhinə təsir göstərir. Ardıc meyvələri tərkibindəki efir yağları sayəsində sinir sisteminə sakitləşdirici təsir göstərir, stressi, əsəb gərginliyini, yorğunluğu aradan qaldırır. Bu meyvələr sidikqovucu təsiri sayəsində orqanizmi ödemlərdən, şişkinlikdən azad edir, antisellülit effekt verir. Ağciyərlərdə durğunluğu aradan qaldırır, iltihabi proseslərin inkişaf etməsinin qarşısını alır.
Ardıc həm də qan dövranını yaxşılaşdırır, arterial təzyiqi stabilləşdirir, qanda xolesterol səviyyəsini azaldır. Mədə xoraları zamanı ardıc köklərindən hazırlanmış həlim çox faydalıdır. Ardıcın mədə-bağırsaq sistemində qazəmələgəlmə prosesini azaltdığı, köpü, meteorizmi də aradan qaldırdığı elmə məlumdur.
Ardıcın faydaları
İynəyarpaqlı ardıc bitkisi yüksək bakterisid xüsusiyyəti ilə rəqibsizdir desək, yanılmarıq. Ardıc bitkisinin yağı orqanizmdə sinir, əzələ, oynaq ağrılarını azaldır, bağırsaq koliklərini aradan qaldırır, qəbizlik əleyhinə effekt verir. Bitki antioksidant olduğu üçün bədəni toksin və şlaklardan təmizləyir. Ardıc meyvəsi bəzi ölkələrdə “orqanizmin akkumlyatoru”- enerji mənbəyi kimi ümumi möhkəmləndirici, isidici vasitə kimi geniş istifadə olunur.
Bəzi mənbələrdə isə adi ardıc kişi sonsuzluğunun dərmanı kimi göstərilir. Həmin mənbələrdə bu bitkinin “hədəf orqanı”-nın məhz sidik-cinsiyyət sistemi olması ilə əlaqələndirilir. Ardıc qadın orqanizmində menstrual sikli tənzimləyir, uşaqlığın, uşaqlıq boynu və yolunun infeksion xəstəlikləri zamanı iltihabı aradan qaldırır. Uşaqlar üçün ardıcdan müxtəlif oyuncaqlar, xüsusilə dişçıxarma dönəmində istifadə olunan diş qabları və damaq üçün massaj üzükləri hazırlanır.
Bu vasitələr xoş ətrə malik olmaqla yanaşı uşaqların sinir sisteminə, tüpürcək vəzilərinin inkişafına öz müsbət təsirini göstərir. Dişçıxarma prosesində körpənin ağız boşluğuna sakitləşdirici, antibakterial, iltihab əleyhinə təsir göstərir. Ardıcdan hazırlanan taxta oyuncaqlar isə uşaqların motor və taktil hissiyyatının inkişafına təkan verir.
Hər dərman bitkisi bir möcüzədir. “Ardıc möcüzəsi” ilə siz də tanış olun!.