Yay fəslində insan sağlamlığına kifayət qədər müsbət təsir göstərən bitkilərdən bacardıqca istifadə etmək lazımdır. Yaz və yay ayları yaşıllaşma və müalicəvi bitkilərin çoxalma mövsümüdür. Əməköməci bitkisinin çox geniş yayıldığı bu fəsildə onun faydalarından bacardıqca yararlanmağa çalışaq. İnsanlar bu bitkini çox yaxşı tanıyır və ondan həm qida, həm də müalicəvi məqsədlə kifayət qədər istifadə edirlər. Əməköməci bitkisi vitamin C, antosian qlikozidi – malvin və selikli maddələrlə çox zəngindir. İnsan orqanizminə olduqca faydalı olan əməköməci bitkisi çox güclü antioksidantdır. Əməköməcinin antioksidant təsiri antosian qlikozidi malvinlə bağlıdır. Antosianlar sərbəst radikalların toxuma və hüceyrələrə göstərdiyi dağıdıcı təsirləri azaldır, zədələyici təsirə məruz qalmış hüceyrələrin davamlı zədələnməsinin qarşısını alır, hətta onların bərpasında mühüm rol oynayır.
Belə ki, antioksidantlar zədələnmiş toxuma və hüceyrələrin tamlığını bərpa edir, pozulmuş hüceyrə membranının regenerasiyasını təmin edir. Əməköməcinin tərkibindəki antioksidantlar, həmçinin toksiki maddələri neytrallaşdıraraq orqanizmdən xaric edir və orqanizmi təmizləyir. Əməköməcinin tərkibi seliklə zəngin olduğu üçün mədə-bağırsaq sisteminə bürüyücü təsir göstərərək toksiki maddələrin bağırsaq divarından qana sorulmasının qarşısını alır, doymamış yağ turşularının metabolizmə göstərdiyi mənfi təsirləri aradan qaldırır və yüngül işlədici effekt verir.
Qanda şəkər, ümumi xolesterin və triqliserid səviyyəsini aşağı salır. Yağ turşuları ilə zəngin olduğu üçün lipid-yağ mübadiləsini sürətləndirir və qanda pis xolesterinin səviyəsini aşağı salır ki, nəticədə xolesterinin LDL fraksiyasının damar divarına çökməsinin qarşısını alır. Xolesterin mübadiləsini sürətləndirməklə ateroskleroz əleyhinə təsir göstərir, eyni zamanda ürək və beyinin işemik xəstəliklərinin qarşısının alınmasında böyük rol oynayır. C vitamini ilə zəngin olduğu üçün orqanizmin immunitetini yüksəldir, maddələr mübadiləsini sürətləndirir, oksidləşmə-reduksiya reaksiyalarını tənzimləyir, hüceyrə və toxumaların oksigen təminatını yaxşılaşdırır. Bundan başqa əməköməci anti-aginq effekt verərək orqanizmin yaşlanmasını ləngidir. Əməköməci bitkisindən Azərbaycan mətbəxində bir sıra xörəklər hazırlanır və dəmləməsindən şəkərli diabet, piylənmə, ateroskleroz və s. müalicəsində geniş istifadə olunur. Seliklə zəngin olduğu üçün ümumi mədə-bağırsaq xəstəlikləri, mədə və onikibarmaq bağırsağın xora xəstəliyi, qəbizlik və meteorizmin müalicəsində müsbət təsir göstərir.