Burun qanaxmaları

Burun qanaxmaları

Burun qanaxması burunun selikli qişasında yerləşən damar divarının bütövlüyünün pozulması nəticəsində baş verir. Burun qanaxmasını burun boşluğuna yad cismin düşməsi, burun zədəsi, şişlər, iltihabi xəstəliklər (sinusit, rinit), qan damarlarının anadangəlmə anomaliyaları, narkotiklərin inhalyasiyası, burun əməliyyatları kimi yerli amillər törədir. Həmçinin yüksək qan təzyiqi, allergiya, alkoqoldan sui-istifadə, fiziki gərginlik, qan xəstəlikləri, müəyyən dərmanların (antikoaqulyantların) qəbulunun yan təsirləri, ürək çatışmazlığı, qaraciyər patologiyası, hormonal pozulmalar, təzyiqin qəfil dəyişməsi ilə əlaqəli peşələr (pilot, alpinist, dalğıc və başqaları), müəyyən irsi, yoluxucu xəstəliklər, həmçinin bədəndə vitamin çatışmazlığı ilə qan damarlarının divarlarının keçiriciliyinin artması kimi ümumi amillər də burun qanaxmasını törədir.

Burun qanaxmalarının səbəbləri

Tez-tez baş verən ağır burun qanaxmaları taxikardiya, qan təzyiqinin kəskin azalması və ümumi zəiflik kimi patoloji halların inkişafına səbəb ola bilər. Bəzi insanlarda yalnız burnunu ovuşdurmaq kifayətdir ki, qanaxma baş versin. Nadir hallarda askaridoz gecə burun qanaxmasına səbəb olur. Lokalizasiyasına görə ön burun qanaxmasında qan burun boşluğundan önə axır. Düzgün və vaxtında göstərilən yardım nəticəsində qan dayanır və əlavə təhlükə yaranmır. Arxa burun qanaxması az rast gəlinir, əsas klinik əlaməti burundan qanın udlağa və ya burun-udlaqdan ağıza axmasıdır. İtirilmiş qanın miqdarından asılı olaraq ürəkbulanma, taxikardiya, dəri və selikli qişaların avazıması, başgicəllənmə, ümumi zəiflik, gözlər qarşısında qara nöqtələrin görünüşü, qulaqlarda səs-küy kimi simptomlar meydana çıxır. Udlağa qanaxma olarsa xəstədə laxta şəklində qan qusma və melena (qara rəngli nəcis ifrazı) baş verə bilər.

Burun qanaxmaları zamanı nə etməli?

Burun qanaxması şiddətli olarsa, təcili yardım çağırmalı, xəstə uzanmamalı və başını arxaya əyməməlidir. Burun qanaxması zamanı başı dik saxlamaq tövsiyə olunur. Əgər xəstənin anamnezində arterial hipertenziya varsa, onun təzyiqini ölçmək və lazım gəldikdə hipotenziv dərman vermək lazımdır. Burun nahiyəsinə, yaxa nahiyəsinə soyuq dəsmal qoymaq, pambıq çubuq hazırlayıb (3%-li) hidrogen peroksid ilə nəmləndirib burun içərisinə daxil etmək, burun qanadlarını arakəsməyə qarşı sıxmaq və bu vəziyyətdə 10-15 dəqiqə saxlamaq lazımdır. Həkimlər burun qanaxmasını dayandırmağa çalışarkən edilməsi qadağan olan bir neçə şərti müəyyən etmişlər:

  1. Xəstənin başını arxaya əymək qəti qadağandır, çünki bu zaman qan boğazdan həzm traktına daxil olur. Bu bəzi hallarda qusma və digər fəsadlara səbəb olur, həm də itirilən qanın miqdarını təyin etmək çətinləşdirir. Bundan əlavə, qan tənəffüs yollarına düşüb boğulmaya səbəb ola bilər
  2. Xəstəni uzandırmaq olmaz. Başı düz saxlamaq və ya bir qədər aşağı əyərək oturmaq daha yaxşıdır. Burun barmaqların ucları ilə sıxılır, qan yalnız bir dəlikdən gəlsə belə, hər ikisi bağlanmalıdır.
  3. Burundan tamponu çıxarmağa və qanaxmanın dayanıb dayanmadığını yoxlamağa ehtiyac yoxdur. Bu, zədələnmiş damarda qan laxtalarının meydana gəlməsinə mane olur.

Burun boşluğunun infeksion-iltihabi xəstəliklərinin və burun qanaxmalarının müalicəsində Herba Flora şirkətinin təbii, bitki tərkibli Rizin aqua spreyi bu problemlərin aradan qaldırılmasında əvəzedilməz vasitədir.

https://fizulihuseynov.com/

https://herba-flora.com