Allergik rinit burun selikli qişasının şişməsi (ödemi) və iltihabı ilə müşayiət olunan bir xəstəlikdir. Bu vəziyyət ot və ya ağac tozcuqlarına, ev tozu gənələrinə və ya bəzi hallarda kif göbələklərinə qarşı allergiyadan qaynaqlanır. Bir zamanlar bu xəstəliyin adlandırılması üçün istifadə edilən “saman qızdırması” termini tamamilə yalnışdır, çünki allergik rinitin ot və ya qızdırma ilə heç bir əlaqəsi yoxdur. Allergik rinitə 6-7 yaşlı uşaqların təxminən 10-15%-də, yeniyetmə və gənclərin isə 20-30%-də rast gəlinir. Adətən yüngül əlamətlərlə özünü göstərsə də, bəzi hallarda çox ağır gedişə malik olur. Klassik və davamlı formaları ayırd edilir.
Allerjik rinitin əlamətləri
Burun axması, asqırma, burun qaşınması, göz qapaqlarının qaşınması, yazda və yayda göz qapaqlarının qızarması və şişməsi. Yaz aylarında daha çox ağac tozcuqlarına, yayda isə otlara qarşı allergiya müşahidə olunur. Alaq otlarının tozcuqları və göbələklərə qarşı allergiya ən çox gənclərdə rast gəlinir.
Allergik rinitin davamlı formasının əlamətləri aşağıdakılardır:
- Daimi burun tıxanıqlığı, nəfəsalmanın çətinləşməsi, baş ağrısı, bəzən burun axması, bəzən öskürək, ümumi zəiflik və gücsüzlük ilə müşayiət olunur.
- Sadalanan simptomlar həftədə dörd gündən az baş verərsə və dörd həftədən az davam edərsə, proses aralıq forma kimi təsnif edilir. Daha uzun müddət davam edən simptomlar xəstəliyin davamlı formaya keçdiyini göstərir.
Allergik rinit və bronxial astma çox yayılmış allergik xəstəliklərdir və bəzi klinisistlər bu halların hər ikisini tək “ümumi tənəffüs yolu xəstəliyi”nin bir hissəsi hesab edirlər. Allergik rinit astmanın şiddətini və simptomlarını ağırlaşdırır. Həm astma, həm də allergik riniti olan xəstələr müalicə olunduqda hər iki xəstəliyin əlamətlərini daha yaxşı idarə edə bilirlər.
Allergik rinitin iki əsas xarici təzahürü vardır:
- Aşağı göz qapaqları qaralması – “allergik göyərmə”
- Xəstələr qaşınan burunlarını ovuşdurduqları zaman yaranan “allergik salam” jesti.
Nə vaxt tibbi yardım göstərmək lazımdır?
Allergik rinit effektiv şəkildə müalicə edilə bilər. Riniti olan pasiyentlər, xüsusən də davamlı simptomlarla qarşılaşdıqda və astma ilə əlaqəli əlamətlər (öskürək, və ya nəfəs darlığı) baş verdikdə həkimə müraciət etməlidir.
Allergik riniti necə müalicə etmək olar?
İlk növbədə siqaret tüstüsü kimi qıcıqlandırıcılardan çəkinmək çox vacibdir. Ev tozu gənələri və ya ev heyvanlarına qarşı allergiya halında həmin allergenlərə məruz qalmanın azaldılması vacibdir. Ev tozu gənələri ilə təması azaltmaq məqsədilə döşəklər, yastıqlar və yorğanlar xüsusi məhlullarla işlənməli, həmçinin otaqlar təlim keçmiş mütəxəssislər tərəfindən dezinfeksiya edilməlidir. Heyvan allergiyası ev heyvanını evdən çıxarmaqla müalicə edilə bilər ki, bu da bəzi insanlar üçün çox çətin bir qərar ola bilər.