Varikoza qarşı effektli resept

Varikoza qarşı effektli resept

At şabalıdı hündürlüyü 30-35 metrə çatan ağac bitkisidir. O, ilk 10 ildə olduqca ləng inkişaf etsə də, daha sonrakı illərdə intensiv böyüyür. Toxum meyvələri yaşıl rəngli, tikanlı qutucuq-qərzək içərisində inkişaf edir. Qutucuqda adətən 1, nadir hallarda 2-3 ədəd meyvə olur. Ağac inkişafının 15-25-ci ilində meyvə verir. Meyvələri acı dadına və büzücü təsirinə görə insanlar tərəfindən yeyilmir. Yeyilən zaman bəzən zəhərlənmə halları baş vermişdir. İribuynuzlu heyvanlara isə zəhərləyici təsir göstərmir, əksinə üyüdülmüş halda qiymətli yem kimi istifadə olunur.

Meyvələrinin və qabığının tərkibi essin, kumarin, eskuletin, eskulin triterpen qlikozidləri, kversetin, kempferol kimi flavonoidlər, bundan başqa, nişasta, şəkər, zülali maddələr, saponinlər, üzvi turşular, yağlar, vitaminlər, fermentlər, aşı maddələri və s. ilə olduqca zəngindir.

Tərkibindəki flavonoidlərin, PP, K və B qrupu vitaminləri hesabına kapilyarların divarlarını möhkəmləndirir, damar keçiriciliyini azaldır, qankəsici, iltihab əleyhinə, ağrıkəsici təsir göstərir. Əsas təsiredici maddə eskulin qlikozidi və essin saponinidir. Tərkibindəki essin maddəsinin hesabına venotrop təsir göstərir, əsasən plazmo-limfatik baryerin keçiriciliyini və qanın özlülüyünü azaldır. Mikrosirkulyasiyanı yaxşılaşdıraraq kapilyarlarda durğunluğu aradan qaldırır. Eskulin qlikozidi damarların retikuloendotelial sistemindən antitrombin sintezini və qan plazmasının antitromb aktivliyini artıraraq qanın laxtalanmasını azaldır, tromb əmələgəlmənin qarşısını alır və yaranmış trombların geriyə sorulmasını asanlaşdırır. Venaların tonusunu artıraraq qan axınını yaxşılaşdırır.

At şabalıdının kökü, yarpaqları, çiçəkləri, meyvələri müalicəvi xüsusiyyətlərinə görə tibdə və xalq təbabətində bir sıra xəstəlikərin müalicə və profilaktikasında geniş istifadə olunur.

Preparatlar babasil, tromboflebit, damarların varikoz genişlənməsi, damar spazmları, öd durğunluğu, podaqra, revmatizm, mialgiya və s. kimi xəstəliklərin müalicəsində yerli olaraq və daxilə qəbul şəklində istifadə edilir.

At şabalıdı ağacının qabıqlarının da xalq təbabətində xüsusi yeri vardır. Onun bişirməsi malyariya, ishal, hiperasid qastrit, bronxit, uşaqlıq və bağırsaq qanaxmaları və s. xəstəliklərin müalicəsindən effektlidir.

Tədqiqatlar göstərir ki, at şabalıdının meyvə, çiçək və yarpaqlarının spirtli cövhəri daha yüksək müalicəvi xüsusiyyətlərə malikdir.

Qan laxtalanması zəif olan xəstəliklərdə, trombositopeniyalar zamanı at şabalıdının məhsullarından istifadə əks göstərişdir.

Reseptlər

At şabalıdı meyvələri qabıqlı halda ikiyə bölünür, bir litirlik şüşə qaba doldurulur, üzərinə çıxana qədər 40 faizli spirt əlavə edilir. Qaranlıq, isti yerdə 2 həftə saxlanır, süzülür. Venaların varikoz genişlənməsi, tromboflebit, hemorroidal düyünlərin müalicəsi üçün 30-40 damcı gündə 3 dəfə yeməkdən əvvəl istifadə edilir. Müalicə müddəti 1 aydır.
At şabalıdı qabıqlı şəkildə üyüdülür, toz halına salınır və 1:1 nisbətində kərə yağı və ya iç piyi ilə qarışdırılır. Radikulit, revmatizm zamanı ağrıyan nahiyəyə çəkilir, üzərinə polietilen sellofan qoyularaq isti yun şalla bağlanır.
Eyni qaydada hazırlanmış məlhəm şam şəklinə salınır, soyuducuda dondurulur. Hemorroidal düyünlər zamanı gündə 1 şam düz bağırsağa qoyulur.
50 qram at şabalıdının çiçəkləri üzərinə yarım litr 20 faizli spirt əlavə edilir, 2 həftə hər gün qarışdırmaq şərtilə qaranlıq və isti yerdə saxlanır, süzülür. 30-40 damcıdan gündə 3-4 dəfə, 1 ay müddətində içilir.