Tut meyvəsi

Tut meyvəsi

Sağlamlığa göstərdiyi müsbət təsirlərinə görə tutu bir aptekə bənzətmək olar. Təbii yolla aparılan bitki müalicəsində tutun həm meyvəsindən, həm şirəsindən, həm də yarpaqlarından istifadə olunur. Tut yarpağının vitamin və minerallarla zəngin olması məlumdur. Belə ki, kalium, fosfor, A, K, C vitaminləri, fitonsidlər, flavonoidlər və insulinəbənzər maddələr tutun müalicəvi keyfiyyətinin yüksək olmasından xəbər verir. Hipoqlikemik təsir edən maddələr hesabına tut yarpağı qanda şəkərin səviyyəsini aşağı salır, karbohidrat mübadiləsini tənzimləyir. Həmçinin həzmi və bağırsaqların fəaliyyətini tənzimləyir. Antianemik, antimikrob və iltihab əleyhinə təsiri güclüdür. Tut meyvəsinin tərkibi vitamin C ilə zəngin olduğu üçün maddələr mübadiləsini sürətləndirir, immun sistemini gücləndirir, orqanizmin müqavimətini və xəstəliklərə qarşı mübarizə gücünü artırır. Tut eyni zamanda anemiya xəstəliyinin müalicəsində, ağız və diş sağlamlığının təmin olunmasında və saçların canlandırılmasında çox böyük faydalara malikdir.

Tutun növləri

Tut meyvəsi əsasən qara, ağ, çəhrayı növlərindən çox istifadə olunur. Əsasən ağ tutun meyvələri şirin və dadlıdır. Tutun meyvəsi, bəkməzi, kompotu və cemi ürək zəifliyinin və mədə-bağırsaq xəstəliklərinin müalicəsində son dərəcə faydalıdır. Ağ tut mədə və bağırsaqların nizamlı fəaliyyətini təmin edir, onun yarpaqları qaynadılıb içildikdə sidikqovucu təsir göstərir və bədəndə yığılmış ödemi azaldır. Acqarına yeyilən ağ tut bağırsaq qurdlarını xaric edir. Səhərlər bir xörək qaşığı tut bəkməzini bir stəkan qaynar suda həll edib acqarına içmək güclü öskürək əleyhinə və bəlğəmgətirici effekt verir. Tut həm də yorğunluq hissini azaltmağa kömək edir. Ən əsası, yaşlanmanı gecikdirir və dərini daha təravətli saxlayır. Tut yarpaqlarının dəmləməsi də qanda şəkərin səviyyəsini aşağı salır.

Tutun faydaları

Qara tutun da bir çox faydalara sahib olduğunu hamımız yaxşı bilirik. Qara tut böyrək toxumasını qidalandırır, böyrək yumaqcıqlarının fəaliyyətini artıraraq sidikqovucu təsir göstərir, həmçinin bağırsaqlarıın peristaltikasını sürətləndirir, mikrofloranın tənzimlənməsində yardımçı olur. Qara tut suyu ilə hazırlanan ağız yaxalayıcı məhlullar ağız boşluğunun iltihabı, diş ətinin iltihabı (gingivit), tonzillit və boğaz ağrısı üçün faydalıdır. Turş tut meyvələrini çeynədikdə ağız yaralarının sağalmasını sürətləndirmək olur. Yaz aylarında ən çox yeyilən meyvələrdən olan tutun faydalarını saymaqla bitmir.

Xarab olmuş tut meyvələri yeyildikdə həzmin pozulması və ishal baş verə bilər. Bundan əlavə tut ağır metal duzlarını hopdura bildiyi üçün ekoloji cəhətdən çirkli ərazilərdə bitən tutun meyvələri yeyilməməlidir. Tutun nə meyvələrini, nə də şirəsini başqa meyvə şirələri ilə birlikdə içmək tövsiyə olunmur, çünki bu, bağırsaqlarda qıcqırmanın artmasına, köp və sancılara səbəb ola bilər. Tut meyvəsi acqarına, yeməkdən 30 dəqiqə əvvəl yeyildikdə, tərkibində olan vitamin və minerallar orqanizmə daha asan sorulur, ödün qovulması və həzm prosesi yaxşılaşır. Tutun meyvələri nadir hallarda allergiyaya səbəb ola bilər. Həmçinin arterial təzyiqi qaldırdığı üçün hipertoniadan əziyyət çəkənlər ehtiyatla yeməlidir. Tutun meyvələrinin tərkibində 20 faiz şəkər olduğundan şəkərli diabet zamanı qida rasionundan çıxarılmalıdır.

https://fizulihuseynov.com/

https://herba-flora.com