fbpx
Close

Su çiçəyi xəstəliyi

Su çiçəyi xəstəliyi

Su çiçəyi – kəskin infeksion xəstəlik olub, əsasən uşaq yaşlarında rastlanır. Su çiçəyi herpes virusu tərəfindən törədilir. Xəstəlik dəri səthi və selikli qişalarda qaşınan səpkilərlə xarakterizə olunur. İnkubasion dövrü 10 gündən 3 həftəyə qədərdir. Su çiçəyi çox yoluxucu xəstəlikdir. Su çiçəyi virusu birbaşa xəstə insanla kontaktdan keçir. 1-3 həftə ərzində virus orqanizmdə artıb çoxalmağa başlayır. İnkubasion dövrdə xəstələrdə temperaturun yüksəlməsi, ümümi halsızlıq, zəiflik, üşütmə, baş ağrısı, iştahasızlıq, ürəkbulanma, bəzən qusma, boğazda qıcıqlanma, limfa düyünlərinin böyüməsi müşahidə olunur.

 

Su çiçəyi xəstəliyi bir neçə dövrdən ibarətdir.

İnkubasion dövr – virusun orqanizmə düşdüyü vaxtdan klinik əlamətlərin müşahidə olunduğu vaxta qədərdir. Bəzən 10-21 gün, əksər hallarda isə 2 həftə çəkir. İnkubasion dövr yaşdan asılı olmadan dəyişir.

Prodromal dövr – ilkin simptomların müşahidə olunduğu dövrdür. 1-2 gündən artıq çəkmir. Çox hallarda xəstələrdə temperaturun qəfil yüksəlməsi müşahidə olunur.

Bundan sonra isə dərhal dəri səthində səpkilər əmələ gəlir ki, bunların da içi yavaş-yavaş maye ilə dolur. Bu qovuqlar qaşınır deyə xəstələri çox narahat edir. 8-10 saatdan sonra onlar qopur və yerləri isə qabıqla örtülərək itir. Su çiçəyi səpkiləri bərabər şəkildə bütün bədən səthini tutur, yalnız ovucda və ayağın altında olmur. Eyni vaxtda dəri səthində həm yeni əmələ gəlmiş, həm də qurumuş səpkiləri görmək mümkündür. Xəstənin temperaturu nə qədər çox olarsa, səpkilərin sayı da bir o qədər çoxalır. 4-8 sutka ərzində hər 1-2 gündən bir yeni səpkilər əmələ gəlir. Sağalma dövrü isə axırıncı səpkinin yarandığı vaxtdan başlayır. Xəstəliyin davametmə müddəti xəstənin yaşı və immun sistemin vəziyyətinə uyğun dəyişir. Uşaqlarda əsasən 3 həftə, böyüklərdə isə daha uzun müddət çəkə bilir. Su çiçəyi virusu orqanizmin immun sisteminə kəskin zərbə vurur. Bu dövrdə insanların kəskin respirator virus xəstəliklərinə yoluxma ehtimalı çoxalır.

Su çiçəyi xəstəliyinin müalicəsi

Xəstəliyin müalicəsi simptomatik xarakter daşıyır. Prodromal dövrdə xəstələrə müxtəlif qızdırmasalıcılar, güclü qaşınmalar zamanı isə bəzi antihistamin vasitələr, məlhəmlər və gellər tətbiq olunur. Yerli müalicə zamanı isə səpkilərin antiseptik və quruducu vasitələrlə işlənməsi onların infeksiyalaşmasının qarşısını alaraq tez sağalmasını təmin edir. Əvvəllər səpkiləri brilliant yaşılı ilə işləyirdilərsə, hazırda fukorsin, sindol, baneosin kimi vasitələrdən istifadə edilir. Əgər səpkilər ağızda yerləşirsə həkim tərəfindən təyin olunmuş müxtəlif ağrıkəsici və keyləşdirici gellərdən istifadə olunur.

Xəstəyə su çiçəyi diaqnozu qoyulan kimi onu ailə üzvlərindən və kollektivdən təcrid etmək lazımdır. Xəstənin qaldığı yerin havası tez-tez dəyişdirilməlidir, yataq rejimi və sakitlik verilməlidir ki, onun immuniteti virusla mübarizə apara bilsin. Maksimum çalışmaq lazımdır ki, xəstə dərisini qaşımasın, əks halda onun izi qala bilər. Hər yeni əmələ gələn səpki dərhal işlənməlidir. Su çiçəyi zamanı qida rasionundan turş, kəskin qıcıqlaşdırıcı, qaynar qidalar çıxarılmalıdır. Çünki su çiçəyi səpkiləri yalnız dəri səthində deyil, selikli qişalarda da olur. Qida rasionundan həm də allergik təsirli qidalar çıxarılmalıdır ki, qaşınma şiddətlənməsin.
Su çiçəyi zamanı çimmək xəstənin vəziyyətindən, özünü necə hiss etməsindən asılıdır. Lakin sabun, gel və süngərlərdən mümkün qədər istifadə olunmamalıdır. Bədəni isə dəsmalla son dərəcə ehtiyatla silmək lazımdır ki, səpkilərin nazik qabığı qopmasın.
Sizə sağlamlıq arzulayırıq!

https://fizulihuseynov.com/

https://herba-flora.com/